Canımın cövhəri ol lə’li-gühərbarə fəda
Görünüş
| Canımın cövhəri ol lə’li-gühərbarə fəda Müəllif: Məhəmməd Füzuli |
Canımın cövhəri ol lə’li-gühərbarə fəda,
Ömrümün hasili ol şiveyi-rəftarə fəda.
Dərd çəkmiş başım ol xali-siyəh qurbanı,
Tab görmüş tənim ol türreyi-tərrarə fəda.
Gözlərimdən saçılan qətreyi-əşkim gühəri
Ləblərindən tökülən lö’löi-şəhvarə fəda.
Çak sinəmdə olan qanlı cigər parələri
Məst çeşmində olan qəmzeyi-xunxarə fəda.
Parə-parə dili-məcruhi-pərişanimdən
Səri-kuyində olan hər itə bir parə fəda.
Canü dil qeydini çəkməkdən özüm qurtardım,
Canı cananəyə etdim, dili dildarə fəda.
Ey Füzuli, nola gər saxlar isəm canı əziz,
Vəqt ola kim, ola ol şuxi-sitəmkarə fəda.