Məzmuna keç

Dönük qardaş

Vikimənbə saytından
Dönük qardaş
Müəllif: Almas İldırım


1944-cü ildə Ana yurda sığınıb, sonra
düşmənlərə təslim edilən və ruslar tərəfindən
sərhəddə məkinəli tüfənglə biçilib öldürülən
187 azəri qardaşımın əziz ruhuna

Türk deyincə, özü, sözü mərd olur,
Dost deyincə, ayrılmaz bir fərd olur.
Qardaş deyib dara düşsəm, sığınsam,
Bundan sora bu mana bir dərd olur…
Mən də deyim bu vəfasız dağlara,
Öz qardaşı dönük olan ağlar – a.
Türk … О Altayların dünki ərimi?
Yolunda can qoydum, verdim sərimi.
Düşdügü ağlardan qurtarsın deyə,
Sərdim ayağına doğma yerimi.
Qardaş ərməğanı tökülən qanlar,
Mana mükafatmı gedən qurbanlar?
Mən deyirdim Qayıxandır soyumuz,
Bir qaynaqdan varlığımız, boyumuz,
Dilim dili, yolum yolu, əməl bir,
Bir bayraqda ulduzumuz, ayımız,
Azəri, türk, türkmən… varmı ayrılıq,
Hardan doğdu bu imansız sayrılıq?
Alnımızın yazısı qaradır, qara,
Qaradan bir yaylıq yolladım yara,
Yol uzun, yar uzaq, yetişməz əllər,
Türklüyün qaynayan qəlbini sara…
Fələk qıymış bəslənən bu diləgə,
Lənət türkü xəncərləyən biləgə!
Bir suçmu düşmənə köks gərdigim?
Günahmı Türklügə könül verdigim?
Düşmənin açdığı yaradan dərin,
Ana yurdda öz qardaşdam gördügüm.
Səslənsəydim səs çıxardı hər daşdan,
Nə bəklərsən sağırlaşan bir başdan?
Qaçdır əli qanlı çıxdı oyunda
Nə biləm qəhbəlik varmış soyunda.
Girdigim özyurddan döndərilərkən,
Qanımın axdığı sınır boyunda,
Açan lalələrdən bir çələng hörsəm,
Türklük dünyasına ərməğan versəm…