Düşər (Molla Vəli Vidadi)
Görünüş
| Düşər Müəllif: Molla Vəli Vidadi |
| Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 23. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url) |
Seyri-gülşən etsən, ey gül’üzarım,
Bülbül oxur, bağlar sədayə düşər.
Xəttinə baş əyər sünbül, bənövşə
Gül xaki-payinə fədayə düşər.
Xurşidim, xavərim, hilalım sənsən,
Şəkərim, şərbətim, zülalım sənsən.
Fikrim, zikrim, sözüm, xəyalım sənsən,
Haçan könlüm səndən cüdayə düşər.
Arizunu çəkir sahib-diləklər,
Dolanıb başına dönər fələklər.
Mədhin oxur ərş üzündə mələklər,
Hər biri bir türfə vidaya düşər.
Xəyalındır xəyalımın həyatı,
Dəhanın şəkəri, dilin nəbatı,
Cəmalın sədqəsi, hüsnün zəkatı
Mənim tək bivanə gədayə düşər.
İntizarın mən çəkərəm peyvəstə,
Könül pərişandır, xatir şikəstə,
Istər vüsalını Vidadi xəstə,
Üz xakə fərş eylər, duayə düşər.