Məzmuna keç

Düşər könlüm, əzizim, qanə sənsiz

Vikimənbə saytından
Düşər könlüm, əzizim, qanə sənsiz
Müəllif: Fatma xanım Kəminə

Düşər könlüm, əzizim, qanə sənsiz,
Gəlir şamü səhər əfğanə sənsiz.

Səninlə duzəxin narına yannam,
Behiştdə baxmazam qılmanə sənsiz.

Edən abad memari-vüsalın
Olubdur hicrdə viranə sənsiz.

Müsəddər bəzmi-vəslində olan dil
Neçün hicran çölündə yanə sənsiz?!

Gülüstani-vüsalə həsrət oldum,
Dönüb aləm mənə zindanə sənsiz.

Ənis olmuşdu dil ol şəmi-qəddə,
Yanar, billah, necə pərvanə sənsiz.

Nə sənsiz qəm əyağına əl urram,
Nə də nuş eylərəm peymanə sənsiz.

Olur bərhəm, pərişan qanə dönmüş,
Könül zülfə çəkəndə şanə sənsiz.

Dilimdə zikrsən, könlümdə fikrim,
İki aləm dəxi əfsanə sənsiz.

Kəminə, ey hərifi-bimürüvvət,
Ola, qorxum budur, divanə sənsiz.