Dünyada (Aşıq Hüseyn Bozalqanlı)

Vikimənbə saytından
Dünyada
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: "Aşıq Hüseyn Bozalqanlı", "Ozan dünyası" jurnalı, № 2(13), 2013. səh.19-21.

Qafil könlüm, aç gözünü, ayıq ol,
Qaranlıq qəflətdə yatma dünyada.
Hər bir zəmanənin bir tarixi var,
Məqamı gələndə ötmə dünyada.

Əyrilər işləməz düz bazarında,
Ariflər seçilər göz bazarında.
Gövhəri sərf eylə, öz bazarında,
Bazarı olmasa, satma dünyada.

Düşməninə xədəngini gözlə vur,
Mərd dostuna aç sirrini, gözlə vur.
Şikarını bərəsində gözlə, vur,
Əfsanə oxunu atma dünyada.

Mərd igid dostuyla düz ülfət eylər,
Günbəgün artırar, məhəbbət eylər.
Müxənnət həmişə xəyanət eylər,
Namərdlə ülfətin qatma dünyada.

Qeybətə uyuban süxənkar olma,
Dosta yalan satıb günahkar olma.
Şeytanın qövlünə tərəfdar olma,
Günaha, bavala batma dünyada.

Hüseyn, gedişatdan olma bixəbər,
Həqiqəti müdam söylə sərasər.
Sabir tək səy ilə cəm eylə dəftər,
Ayrı bir iş, peşə tutma dünyada.