Məzmuna keç

Dərindi

Vikimənbə saytından
Dərindi
Müəllif: Aşıq Alı

Elə müəmmadır aşıq sənəti,
Bir isimdə dörd hikməti dərindi.
Şairdir, məzəkar, sazan, xoş avaz,
Fəth eylə cəmini bəhrə dər indi.

Bu məqamda əhsənlər var, minnət var,
Bir dərgahdı, içrə zülmət, cənnət var,
Firudin var, suluddin var, sünnət var,
Al matahın taybataydı dər indi.

Aşiq oldun aqillərdən elm ara,
Arif məclisində gələrsən kara.
Hər hikmət söylənsə tapmasan çara,
Çulğayar qəlbini dərdi-sər indi.

Huşyar ol, alim var hikmətli söylər,
Elmi dayaz aşıq naçardı, neylər?
Məclis küdrət çəkər, qəlbini teylər,
Bunu dərk etməzin əqli sərindi.

Yetmiş iki dildi bir para taxta,
O ustad əlində dolanmaz saxta.
Gah başda dolandır, gah da ayaqda,
Eylə qəm evini dərbədər indi.

Adəmdən Hatəmə sazda dəlil var,
Anlamasan tərk et, meydan etmə dar.
Alı nəsihəti qalsın yadigar,
Xəbərdar olunsun bu xəbər indi.