Dəyməmiş (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dəyməmiş
Müəllif: Aşıq Ələsgər
Mənbə: Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7) (az). "Ozan dünyası" jurnalı (2011). Orijinal mənbədən 2017-05-18 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-05-18.

Dad sənin əlindən, a qanlı fələk,
Könül həsrət qaldı yara dəyməmiş.
Köhnə yaram qövr eylədi təzədən,
Təbib neştər vurdu yara dəyməmiş.

Gözüm qaldı “əlif”, “bey”də, “yasin”də,
Yaradanım, kömək eylə ya sində.
Qaldım səməndər tək qəm dəryasında,
Yandı balü pərim nara dəyməmiş.

Ələsgər, üsyanın çıxıbdı sandan,
Öldürsən zənburu, əl çəkməz şandan.
Hərcayıdan, müxənnəsdən, nadandan,
Nə söz qaldı sənətkara dəyməmiş.