Məzmuna keç

Dağıt o əyri qaşın üstə zülfi-qarə, yer

Vikimənbə saytından
(Dağıt o əyri qaşın üstə zülfi- qarə, yer səhifəsindən istiqamətləndirilmişdir)
Dağıt o əyri qaşın üstə zülfi-qarə, yer
Müəllif: Əbülhəsən Raci


Dağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,

Vuranda qeybəti-kübradə zülfüqarə yeri.

Quru yer üstə qədəm qoyma, minnətün çəkirəm,

Göz üstə qoy qədəm, ey yari-mahiparə, yeri.

Gedəndə, mən sənə qurban, rəqibdən gizlin,

Dalınca gəlməyimə barı et işarə, yeri.

Gəl indi canımı al, baxma qeyrilər sözünə,

Bu xeyir işdə dəxi yoxdur istixarə yeri.

Belə dağıtdı yüzə kakilün nəsimi-səhər,

Ki, qalmadı dəxi, ey mahiru, nəzarə yeri.

Fəğani-bülbülü gör, bircə xar ilən gülə bax,

Günah səndə deyil, tüf bu ruzigarə, yeri.

Əgər yəqinim ola, yar olmuşsan əğyarə,

Ölüncə getməyəcək sinədən bu yarə yeri.

Alıb bu canımı naz ilən, indi ki, gedisən,

Qayıt bu canımı da al-gilən dübarə yeri.

Nigar kuyidə, can verməsəm nəsib olmaz,

Məgər behişti verərlər günahkar‑ə, yeri!

Rəvadu həsrəti rüxsarın ilə döndərsin,

Sirişki – əşk ilə bu Raci laləzarə yeri.