Dağlar (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dağlar Müəllif: Şair Məmmədhüseyn |
Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.10-11 |
Gəlib çıxdım oylağıma,
Aç qoynunu, ana dağlar.
Hacı Qurban yaylağıma,
Yetişdim gur ana, dağlar.
Qürbət eldə çox dolandım,
Axşam-səhər adın andım.
Səni gördüm qubarlandım,
San gəlmişəm cana, dağlar.
Yazın, yayın bir cənnətdi,
Bu ellərə şan-şövkətdi.
Bəzənibsən, xoş adətdi,
Yenə yaşıl dona, dağlar.
Lalə, nərgiz, tər bənövşə,
Əsirgəmə dər bənövşə,
Buz bulağın düşüb işə,
El gəlir mehmana, dağlar.
Sinən üstə maral gəzər,
Ceyran qaçar, cüyür süzər.
Məmmədhüseyn özü düzər,
Səni min dastana, dağlar.