Dağlar (Eşidin, dərdimi sizə söyləyim) (Aşıq Musa)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağlar
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Eşidin, dərdimi sizə söyləyim,
Düşmüşəm Vətəndən aralı, dağlar!
Aynım açılmadı, üzüm gülmədi,
Bu qürbət ellərə varalı, dağlar!

Yay fəslində ellər sizdə yaylayır,
Bənövşəni dərib dəstə bağlayır.
Ovçu gəlib bərəlgəsin ovlayır,
Dolanıb axtarır maralı, dağlar!

Musa deyər, lalələrin açılsın,
Süsən sünbül buxağına saçılsın.
Car olsun çeşmələr, suyun içilsin,
Ötüşən kəklikli, sonalı dağlar!