Demədim

Vikimənbə saytından
Demədim
Müəllif: Cəfər Cabbarlı

İşimiz boş danışıq, həmdü sənadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?

Millət əfradi unutdu hamı həsbü nəsəbi;
Elm təhsilinə sərf eylədi həm ruzu şəbi;
Mən bilən ki, ona lənət oxuyur cəddü əbi,
Baxmadı hərçi deyib dad elədi Molla Cəbi.
Rükni-dinin biri də rəngi-hənadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?

Ortaya saldı özündən hərə bir tazə dəbi,
Nə bilim qız oxusun, bəlkə də olsun ədəbi.
A kişi, arvad hara, bayram hara, kimdir səbəbi?
Bir yerə cəmləşib saxlaya mövludi-nəbi?
Oxumaq milləti-islama bəladır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?

Qız hara, məktəb hara, dərsü qələmdan hara?
Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara?
Ay canım, arvad hara? Zümreyi-insan hara?
Qız ki, şeytan kimidir, biz hara, şeytan hara?
Evimiz bir heçin üstündə binadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?

Baxın indi oxumuş qızlara tüğyan eləyir;
Biri cəmiyyət açır, pul yiğir, ehsan eləyir;
A kişi, arvad da özün bir yekə insan eləyir.
Tuf belə adətə olsun ki, müsəlman eləyir.
Arvada layiq olan cövrü cəfadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?