Demişdim bir kəz bəli ey yar səndən dönməzəm
| Demişdim bir kəz bəli ey yar səndən dönməzəm Müəllif: Cahanşah Həqiqi |
| Mənbə: Najaf A. (2020). Newly discovered poems of Jahanshah Haqiqi, the Ruler of Garagoyunlu state. Teaching of Azerbaijani Language and Literature. V. 263, Issue I, pp. 167–183 |
Demişdim bir kəz bəli ey yar səndən dönməzəm,
Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
Ta ki, gördüm şol cəmalın gülüzarın bağ ara,
Yüz min olsa gitməzəm gülzar səndən dönməzəm.
Ata ana qövüm qardaş əhli-eşqə geyr imiş,
Mən buraxdım bunları qəmxar səndən dönməzəm.
Eşq ilə dutdum uhuvvət baş doqydum qapıva,
Qılsalar yüz min bəla azar səndən dönməzəm.
İstədim görüm fəqih-ü zahidin zişt üzlərin,
Mən bulardan olmuşam bizar səndən dönməzəm.
Ar ilə namus-ü nəngi yoluva qıldım səbil,
Olmuşam aləm-ara biar səndən dönməzəm.
Küfri-zülfün din ilə imanımı qeyd eylədi,
Gər talarsan könlümü əyyar səndən dönməzəm.
Öldürür cəllad gözün gündə yetmiş kəz məni,
Çün dirildir ləhçə-yi göftar səndən dönməzəm.
Bağladım Sənan kimi zünnar-i tərsa belimə
Xəlqi-aləm söyləsin küffar səndən dönməzəm.
İçmişəm meyxanə-yi vəhdətdə seyran eylərəm,
Məsti-cam-ı şövkəm ü xumar səndən dönməzəm.
Kainarın aynısın ey çeşmi-mazağ-ı basar,
Çün Həqiqi doymuşam əsrar səndən dönməzəm