Deyərsiz
Görünüş
Deyərsiz Müəllif: Növrəs İman |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Hələ qəflətdəsiz, yatmısız belə,
Sayıb məni bir divana deyərsiz.
Cəfanız çox olar, yəqin, il-ilə,
Dərdinizi ruhi-cana deyərsiz.
Sərsəri fanidə qırılar canlar,
Tökülər yaxında çox nahaq qanlar,
Seçilməz haqq-nahaq, yolu qananlar,
Məhəttəlik bu divana, – deyərsiz.
Ucalar dillərdə ah ilə fəryad,
Bir tərəfdən olmaz eyləyən imdad,
İstəkli dost dostun etməyəcək yad,
Kəc dolanıb bu zamana, – deyərsiz.
Yanmaz, geçə çox çıraqlar qaralar,
Gərdiş eli bir-birindən aralar,
Pozular bağçalar, güllər saralar,
Səfər edib biyabana deyərsiz.
Ömrə vəfa yoxdu, çoxdu cəfası,
Bərhəm olsun bu dövranın əsası.
Novrəs İmandakı dərdin binası
Qurulubdu doğruyana, – deyərsiz.