Məzmuna keç

Dilənçi (Məhəmməd Hadi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dilənçi
Müəllif: Məhəmməd Hadi

Götürüm bir səfili-cadənişin,
Bürümüş çöhrəsin zilali-məlal,
Yazılıb çeşminə məali-süal,
Bu da bir şeirdir müfadi həzin.


Sürünür şil ayaq ilə bazarı,
Nə rəzil ömr, nə həyati-səfil!
Yaşayır cism əlil,.. ruh zəlil,
Yaşamaqdır bunun da azarı.


İstəyir kəndini keçindirsin,
Hər keçən daşürəklərə baxıyor,
Büzüyor vəchini və yalvarıyor,
Bəlkə onlar bunu sevindirsin.


Bu da bir qəmli şe'ri-xilqətdir,
Şairi boylə eyləmiş inşad,
Bə'zi şe'ri-həzin, bə'zisi şad,
İştə qabliyyəti-təbiətdir.


Gər bu isə həyat, ölmək xoş!
Şanlı ölmək gözəl deyilmi? Bəli.
Vardır amma bunun da bir əməli,
Yaşasın kiseyi-süal bəduş.


Ne şirinsən!.. Ne dadlısan, a həyat!
Kimsə əl çəkmək istəmir səndən,
Qorxuyor zihəyat mədfəndən.
Ne acı, təlxsən, a cami-məmat!