Dolanar (Miskin Abdal)
Görünüş
| Dolanar Müəllif: Miskin Abdal |
"Şişpilləkən" dağların şah dağıdır,
Maralları neçə başı dolanar,
Quldur-qaçaq bu yerlərə yağıdır,
Fürsət güdər, dağı-daşı dolanar.
Ətəyində durna gözlü gölü var,
Zirvəsində dərilməmiş gülü var,
Yağılara basılmayan eli var,
Yazda yazı, qışda qışı dolanar.
Torpaqları zər yükünə yüklənib,
Könül sazı "Şahsevən"ə köklənib,
Karvanları uzaq səmtə diklənib,
Nagah-nagah burda naşı dolanar.
Basılmazdır hər igidi, ərəni,
Biri saxlar neçə bəndi, bərəni,
Baxıb, görsə dağda çiçək dərəni,
Ürəyində can ataşı dolanar.
Doğmaları bu torpağa yad olmaz,
Qəriblərin dəhanında dad olmaz,
Qürbət eldə Miskin Abdal şad olmaz,
Gözlərində kədər yaşı dolanar.