Məzmuna keç

Dram cəmiyyəti

Vikimənbə saytından
Dram cəmiyyəti
Müəllif: Cəfər Cabbarlı

Çıxmamış ortaya iş,
Çox da fırıldanma balam!
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.

Mənə bir aktyoru
De ki, yox onda qürur;
Necə ki, zərrə qədər
Yox imiş səndə şüur.
Bir ayır gözlərini,
Niyə oldun belə kur?
Bax o cəmiyyətə də
Nə ki var orda tamam
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.

Açılıb əlli kərə
Bu sayaq bəzmi-şüar,
Mən də çox eyləmişəm
Sən kimi fəxrü vüqar.
Yenə puç olmuş hamı,
Olunub "von" be məzar.
Boşalıb fəxr yenə,
Dolunub yəs ilə cam.
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.

Belə ki, mən görürəm,
Bu müsəlmanın işin,
Satacaq üç qəpiyə
Nə ki var məzhəbü din.
Mən də təqib eləyib
Belə karın rəvişin;
Bunu bir anlamışam
Gələ gər yüz min imam.
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam!

Yenə birisi deyəcək:
“Mənə çox oldu cəfa";
Biri burdan deyəcək:
"Yox o birisində əda".
Yenə əvvəlki həsəd,
Yenə də bəxlü riya...
Bu nifaq ilə de bir,
Kim alıb kam, məram?
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam!

Bin burdan deyəcək:
“Mənə az çatdı ğruş”.
Onu o biri söyəcək,
Tutacaq qeyrini boş.
Bir də gördün aparıb
Təzə cəmiyyəti huş.
Gedəcək işləri lap
Bu sayaq ilə müdam.
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam!

Hələ bir qədər dayan,
Görəcəksən sən özün;
O zaman xiyrələnər
Daha da zorba gözün.
Kəsilər onda dilin,
Dolaşar onda sözün.
Biləcəksən sən özün
Ki, düşübsən necə xam.
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.