Ellər
Görünüş
Ellər Müəllif: Aşıq Qəhrəman |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Gəlib çatıb yaz ayları,
Köç-köç olub ağır ellər,
Hər yanda səs-səsə verib,
Ötüşürlər tuti dillər.
Obalar düzülüb yola,
Qəflə işlər sağa, sola,
Ətir verir nərgiz, lala,
Açılıb qonçalar, güllər,
Gözəllər gedib bulağa,
Batıblar yaşıla, ağa,
Çıxıblar əlvan yaylağa,
Sayrışırlar siyah tellər.
Xublar yeriyirlər sana,
Ala gözlər susar qana,
Çalxanır yaşılbaş sona,
Bulanır dalğalı göllər.
Qızlar gəlir dəstə-dəstə,
Qəddi əlif, boyu bəstə,
Qəhrəman alıb qol üstə,
Xoş saz çalır şümşad əllər.