Məzmuna keç

Ey cəmalın gülsitani baği-minudur mana

Vikimənbə saytından
Ey cəmalın gülsitani baği-minudur mana
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.28-29.

Ey cəmalın gülsitani baği-minudur mana,
Cənnəti-rizvan ki, derlər, оl səri-kudur mana.

Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan,
Gecə-gündüz ağlamaq eşqində xоş xudur mana.

Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm,
Bu cəfalərni qılan оl yari-məhrudur mana.

Gecələr ta sübh оlunca uyxu gəlməz eynimə,
Ta xəyalın daima çeşmimdə qarşudur mana.

Anca yaş tökdi Xətayi firqətindən, ey sənəm,
Xancaru baxsam, gözümdə yer yüzü sudur mana.