Məzmuna keç

Ey güli-tər, məni xar eyləmədinmi? Elədin

Vikimənbə saytından
Ey güli-tər, məni xar eyləmədinmi? Elədin
Müəllif: Əbdülxalıq Yusif
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ey güli-tər, məni xar eyləmədinmi? Elədin.
Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.

Salmadınmı yüzünə zülfl-siyahı? Saldın.
Günümü çün şəbi-tar eyləmədinmi? Elədin.

Almadınmı dili-sədparəmi əldən? Aldın.
Bir nigahilə şikar eyləmədinmi? Elədin.

Olmadımmı səri-kuyində mücavir? Oldum.
Məni sən hicrə düçar eyləmədinmi? Elədin.

Nalə bulbül kimi mən eylər ikən gül kimi sən,
Xəndə, ey laləüzar, eyləmədinmi? Elədin.

Tutmadınmı gedib əğyar ilə ülfət? Tutdun.
Məni əğyar ilə yar eyləmədinmi? Elədin.

Dustü biganəni yox, aləmi, ey mahliqa,
Mənə düşmən nə ki, var eyləmədinmi? Elədin.

Demədinmi ki, nigahımla səni qətl edərəm?
Mən ilə böylə qərar eyləmədinmi? Elədin.

Yusifi, ey guli-xoşbuyi-məhəbbət, hər dəm
Gülşəni-eşqə həzar eyləmədinmi? Elədin.