Məzmuna keç

Ey huri liqalım, mələk simalım

Vikimənbə saytından
Ey huri liqalım, mələk simalım
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Molla Pənah Vaqif. "Əsərləri" (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 43. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Ey huri liqalım, mələk simalım,
Gözəllikdə olmaz kimsə sən kimi!
Al yanağın həlqə-həlqə yanında
Bənəfşə zülflərin – yasəmən kimi.

Gərdənində tellər nə gözəl teldi,
Onların məskəni о nazik beldi,
Nə səngi-mərmərdi, nə bərgi-güldi,
Bu ağ əndam kimi, bu bədən kimi.

Qamətin tək heç bir qamət biçilməz
Dodaqların tər qönçədən seçilməz,
Bülbül cəh-cəh vurub güllər açılmaz,
Belə şirin-şirin sən gülən kimi.

Nə xoş sitəmkarsan zalimü xunxar,
Onun üçün səndən çox gileyim var,
Bilmənəm ki, sənə nə demiş əğyar,
Xəyalındır məndən genə gen kimi.

Vaqifi möhnətü fərağa salma,
Əğyarın sözünü qulağa salma,
Məni öz dərindən qırağa salma,
Heç aşiq tapılmaz sənə mən kimi