Məzmuna keç

Ey səba, gəl bir xəbər ver cane, canan xandadır

Vikimənbə saytından
Ey səba, gəl bir xəbər ver cane, canan xandadır
Müəllif: Molla Vəli Vidadi

Ey səba, gəl bir xəbər ver canə, canan xandadır?
Şəhri-könlüm oldu viran, ona sultan xandadır?

Bir pəripeykər, mələkru, cismi nazik, simvəş,
Qaməti sərvü sənubər, hüsni-taban xandadır?

Ağzı püstə, dişləri dür, dili şəkkər, ləbi bal,
Xali hindu, çeşmi cadu, tiri-müjgan xandadır?

Qaşları hilalə bənzər, türrəsi ənbərfəşan,
Zülfü sünbül, buyi gül, gül xətti reyhan xandadır?

Ey fələk, aləmdə düşmüş böylə canandan cüda,
Gör Vidadi xəstə tək sən bir didərgin xandadır?