Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana
Görünüş
| Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana Müəllif: Məhəmməd Füzuli |
Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana,
Şükr lillah, dövləti-baqi müyəssərdir mana.
Zülfü rüxsari xəyalilə nədir halın, demən,
Öyləyəm kim, gecəvü gündüz bərabərdir mana.
Hurü Tuba vəsfin, ey vaiz, bu gün az eylə kim,
Həmdəm ol tubaqiyamü hurpeykərdir mana.
Arədən, ey şəm’, çıx bir guşə tut, kim, bu gecə
Bəzm bir xurşidtəl’ətdən münəvvərdir mana.
Verdi badi-sübh bir xurşidtəl’ət müjdəsin,
Şəmvəş vəh, kim, bu dəm ölmək müqərrərdir mana.
Zahida, sən qıl təvəccəh guşeyi-mehrabə kim,
Qibleyi-taət xəmi-əbruyi-dilbərdir mana.
Ey Füzuli, cəm olur peyvəstə el nəzzarəmə,
Ərseyi-dəşti-cünun səhrayi-məhşərdir mana.