Məzmuna keç

Fəzaili-insaniyyə

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Fəzaili-insaniyyə
Müəllif: Məhəmməd Hadi

İnsan o zatdır ki, vəzaifşünas ola,
Nəxli-əməl misali səmərbəxşi-nas ola.
Fəyyaz ola günəş kimi gülzari-fitrətə,
Pərtövfəşani-feyz ola biği-şəhadətə.
Bir abi-saf tək çəməni xəndəzar edə,
Amalımız şükufələrin təbdar edə.
Meydan qəhrəmanı, hüquqaşina gərək,
Nuri-həqiqət ilə dili rövşəna gərək.
İfa edər vəzifəşünasan xidmətin,
Məs'udü bəxtiyar qılar mülki-millətin.
Şayani-e'tibar olur ol zati-alişan,
Nəcmi-muradımız olar onda ziyafəşan.
Bir gözdə, bir nəzərdə tutulsun gərək miləl,
Ta meyvəbəxşi-aləm ola şaxeyi-əməl.
Dünya vətən, bütün bəşər ixvani-tiyndir,
Əqvamı bir görər o ki, əhli-yəqindir.
Bir cənnəti-üxüvvət edin baği-aləmi,
Hifz eyləyin kəraməti-əbnayi-Adəmi.
Dəfn eyləyin məzari-ədəmdə ədavəti,
Ehya edin cahanda nami-məhəbbəti.
Daxil olanda səhneyi-Şurayi-ümmətə,
Təslim edin hər işləri dəsti-ədaləte.
Dərpiş edib vəzaifi-övladi-milləti,
Məmnun edin düçari-qəm olmuş cəmaəti.
Sizlər həkimi-dərdşünasi-ənamsiz,
Bir şanlı qəhrəmani-zəvil' ehtişamsız.