Məzmuna keç

Firuzə

Vikimənbə saytından
Firuzə
Müəllif: Cəfər Cabbarlı


O, gözəl, girdəsifət gənc bir qızdi; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, incə dodaqları vardı.
Doğrusu, bu qız məni çox maraqlandırırdı. Onun daima daxili bir həyəcan keçirdiyini hiss edirdim. Dosent-prorektor vəzifəsində olduğumdan onun bu düşüncə və dalğınlığının səbəbini soruşub öyrənə bilmirdim.
Firuzə son kursda idi. Amma bu dörd ildə onun kim olduğunu öyrənə bilməmişdim. Bir gün məni qalereyada saxlayaraq, rəngdən-rəngə girən üzü, xəfif-xəfif əsən incə dodaqları və şirin dili ilə:
- Bağışlayın, doktor, sizdən bir ricam var, - deyərkən, mən çox təəccüb etdim. - Mən bütün bu praktiki işlərə davam edirəm, qızdırma ilə mübarizə aparmaq üçün rayonda olmuşam. Mən sizdən rica etmək istəyirəm, əgər mümkünsə...
O, öz fikrini ifadə edə bilmədi, dili dolaşdı, qızardı. Mən bilaixtiyar gülümsədim.
- De görüm, Firuzə, utanma, de görüm nə istəyirsən? - deyə soruşdum.
O yenə gözünü açdı, diqqətlə mənə baxdı və yavaşca:
- Doktor, mən sizinlə bir yerdə işləmək istəyirəm. Xəstələrə baxarkən, yanınızda olmaq istəyirəm, sizdən öyrənmək istəyirəm, vaxt taparam, vaxt taparam, - dedi.
Ertəsi gün müəyyən saatda ağ xalatda gəldi: Qəbuldan sonra Firuzə kabineti nizama salırdı və laboratoriyada qan analizi üzərində çalışırdı.
Qapının zəngi çalındı, gedib açdım. Qarşımda ucaboylu, uzun qızıl əsgər şinelli bir kişi dururdu. Çox həyəcanlı və rahatsız görünürdü. O içəri girdi. Diqqətlə baxdım, çox çətinliklə tanıdım. Gələn neft işçisi idi. Bir neçə il bundan əvvəl mən onu qızdırma xəstəliyindən müalicə edirdim, hətta xəstələri qəbul saatlarından kənar qəbul etmədiyim üçün, haqqımda qəzetə məktub da yazmışdı.
Çox səliqə ilə görüşdü və təklif üzrə oturduqdan sonra, xəfifcə gülümsəyərək:
- Məni tanımırsınız, doktor? - dedi, - vaxtilə mən sizi qəzetə vurmuşdum, - sonra xoş bir təbəssümlə: - Sizdən yardım almağa gəlmişəm, - deyə əlavə etdi.
- Siz yenə xəstəsinizmi? - deyə soruşdum.
- Yox, doktor, mən azmışam.
- Necə yəni azmışam?
- Evimizi itirmişəm.
Mən diqqətlə ona baxdım, xəstə olduğuna heç şübhəm yoxdu. Onu müayinəyə cəsarət etmirdim, çünki özü bunu təklif etmirdi. Üzündə bir həyəcan vardı.
- Çox qəribədir, doktor, evimizi itirmişəm.
"Bəlkə beyninin bir hissəsi zədələnmişdir?” - deyə düşündüm və eyni zamanda:
- Evinizin yerini unutmuşsunuz? - deyə soruşdum.
- Yox, - deyə Məmməd tez cavab verdi. - Mən 20 il, yəni anadan olandan Bakıda yaşamışam.
Bakının hər bir küçəsinə, hər bir döngəsinə hər bir dalanına bələdəm. Çox yaxşı yadımdadır: Çənbərəkənddə, əyri-üyrü küçələr və xarabalıqlar arasında bir otaqdan ibarət kiçik bir evimiz vardı. Evimizin damı dal tərəfdən əyri bir döngə ilə bərabərdə idi, bu döngə həmişə peyinlə dolu olardı. Evimizdən iki yüz addım o yanda böyük, köhnə bir qəbiristan vardı. - O, həyəcanla danışırdı, getdikcə daha da coşur və uşaqlıq xatirələrinə dalırdı. - Mən o zaman uşaqdım. Yaxşı yadımdadır, bir suçumuz vardı. Bir eşşəkdə, dörd səhənglə bizə su daşıyırdı. Yaxşıca yadımdadır ki, bir gün, anam yüklərin hesabına saxlamaq üçün ona pətə verdikdə, o anamın əlini tutdu, anam o vaxt hələ gəncdi, suçu anamın əlini xeyli saxladı; anam nədənsə gözlərini qaldırıb ona baxdı və məni göstərdi. Yadımdadır, böyük, köhnə qəbiristanın o biri tərəfi boş bir çöl idi, orada Şah Abbasın ovdanı vardı. Yağış suyu bu ovdana axırdı. Pillə ilə oraya düşür, su içirdilər, əl-üz, bəlkə ayaq da yuyurdular. Atam isə bir neçə pud arpa məhsulu almaq üçün, qoca yabı ilə xışın ucundan yapışıb yer sürürdü. O, kənkan idi, amma acmdan ölməmək üçün arpa əkirdi.
Laboratoriyadan Firuzənin səsi eşidildi. O, xoş bir səslə, adəti üzrə, qədim bir Azərbaycan mahnısı oxuyurdu:

Qızıl toplayardı yerin qatından,
Əzizim qazmaçı, böyük qəhrəman.
Qara qan çəkərdi yerin qatından
Torpağın bağrını burub dələrdi;
Çılğın təbiətə qalıb gələrdi.

- Oxuyan kimdir? - deyə o birdən soruşdu və gözlərini mənə dikdi. Fikrini dağıtmaq üçün laqeyd bir halda:
- Qızımdır, - deyə cavab verdim.
- Yaxşı səsi var, - deyə müsahibim azacıq qalxdı, papiros çıxartdı və dərindən köksünü ötürərək, öz-özünə danışrrmış kimi:
- O da tez-tez belə oxuyardı, - dedi. - Gözləri daha da dumanlandı, daha dərin bir xəyalata daldı. Mən dinməzcə ona diqqət edirdim. - Bəli, doktor, hamısı yadımdadır. Mən lap uşaqdım. Bir gün atam məni də iş üstə apardı. Mən quyunun yanında oturdum, o isə cırıldayan əl çarxına sarınmış uzun kəndirin bir ucunu belinə bağladı və quyuya düşdü. Çarx hərləndi və getdikcə kəndir açıldı. Bir azdan sonra durumla dolu bir vedrə çəkdilər və vedrəni yenə quyuya sallatdılar. Bu dəfə durum yerinə atam özü çıxdı. O, sapsarı saralmışdı. Xozeyin qaş-qabağını tökərək:
- Nə üçün çixdm? - deyə soruşdu.
- Olmur, ağa, qaz adamı boğur, quyunun dibində bir şey guruldayır. Sonra fantan vurar, öldürər. Ağa əllərini ölçərək acıqlandı:
- Bir ildir işləyirsən, bir aləm pul qoymuşam. İndi iş bir az çətinə düşəndə qaçırsan. Quyunun asan yerlərində işləmisən, indi buraya kim girər?
Ağa atama yanaşıb, üzünə şart bir şillə vurdu...
- Ağa, qorxuludur, mənim uşaqlarım var...
O, mənə tərəf baxdı. Gözlərimiz bir-birinə sataşdı. O, sanki gözlərimə baxmağa utanırdı, mənim yanımda vurulduğu üçün utanırdı. Mən onu həmişə hamıdan qüvvətli və qoçaq hesab edirdim. O, tez gözlərini məndən çəkdi. Mən artıq ağlamırdım. Məndə bu zalım adama qarşı bir nifrət qaynayırdı. Ağa mənə yanaşdı və atamı vurduğu əli ilə başımı tumarladı, cibindən kağız pullar çıxarıb mənə uzatdı. Sonra bildim ki, bunların hərəsi on manatlıqdır. Sonra o, atama dedi:
- Məşəd Əli, gir quyuya! Qorxma, gör yaxınlıqda nə qədər quyu var, Allah qoysa neft çixar, sənin üçün papaqlıq, arvadın üçün tumanlıq, oğlun üçün də, - yalın ayaqlarımı göstərərək, - başmaq və köynək alaram.
Atam sanki tərəddüd edirdi. Ağa onu yavaş-yavaş tovladı və mənə iki kağız pul da uzatdı. Atam gülümsədi. Könülsüz halda mənə yaxınlaşdı. Pulları əlimdən alıb köhnə arxalığının balaca cibinə qoydu, gözlərimin yaşını sildi, köhnə dəsmaldakı bağlamanı açıb mənə bir parça çörək verdi, gözlərimdən öpdü, əlini çal saqqalına çəkib dua oxudu və çarxın kəndirini açib, yenə də quyuya düşdü. Mən acdım, amma yeyə bilmirdim...
Qonşu otaqdan zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi.
Müsahibim yenə yerindən sıçradı və:
- Oxuyan kimdir? Hə, dediniz, qızınızdır, - deyə yenə dərindən köksünü ötürdü.
Firuzə oxuyurdu:

Əzizim, bir Qorxmaz adlı qəhrəman
Qara qan çəkərdi yerin qatından;
Torpağın bağrını vurub dələrdi,
Çılğın təbiətə qalıb gələrdi.


Mən ona yanaşdım və xəstəliyinə şübhə etdiyimi sezdirməmək üçün gülümsəyərək:
- Hə atanız sonra necə oldu? O indi sağdırmı? - deyə soruşdum.
- Yox... O... Onu hissiz bir halda çəkib çıxartdılar. Mən ona tərəf yüyürdüm. Gözləri açıqdı, amma üzü, xüsusən dodaqları gömgöy, dəniz kimi idi. Ağa kədərli bir əda ilə: - Öldü, - dedi. Birdən quyu guruldadı, qara neft quyudan şiddətlə fantan vurub, çarxı havaya sovurdu. - Ay can! - deyə ağa sevinərək, meyitdən uzaqlaşdı. Məni işçilər kənara çəkdilər. Tez qoyun kəsdilər. Ağa əmrlər verməyə başladı. Mən isə neft selləri altında yatan atamın yanına can atırdım. İşçilər mane olurdular. Nəhayət, ağanın əmri ilə işçilər atamın ayaqlarından yapışıb kənara sürüdülər. Meyiti köhnə bir arabaya qoyub, üstünü cır-cındırla örtdülər və şəhərin kənarı ilə evimizə gətirdilər. Nəbzini yoxlarkən, məqsədimi anlayan Məmməd birdən sözünü kəsərək:
- Doktor, əbəs yerə zəhmət çəkirsiniz. Mən qətiyyən xəstə deyiləm, - dedi, - mən xəstə deyiləm, ağlım da özümdədir. Görürsünüz ki, hər şey yadımdadır, qapımızdan bir rus qadını keçirdi, əlində bir dəstə çiçək vardı. O, bu çiçəkləri qəbiristana aparırdı. Onun qarşısına yüyürdüm. - Çiçəyin birini mənə ver, - dedim. Qadın mənə baxdı və iki çiçək verdi. O çiçəkləri alıb qəbiristana yüyürdüm və atamın qəbri üstünə qoydum. Sonra yaş torpaq üzərində uzanaraq, kiçik üzümü qəbirə dayadım. Soyuq torpağı isti göz yaşlarımla isladaraq, uzun-uzadı ağladım. Payız axşamının küləyi sümüklərimə işləyirdi. Bütün bədənim titrəyirdi. Bundan sonra xəstələndim və üç ay yatdım. Doktor, bəlkə mən sizə mane oluram! - dedi.
- Yox, əksinə, mən sizin söhbətinizdən çox maraqlanıram, - deyə tez cavab verdim. - Mən azmışam, daxmamızı və bütün rayonumuzu itirmişəm. Qapıda sizin adınızı oxuyub, vaxtilə müalicə etdirdiyim köhnə bir dost kimi bəzi şeylər öyrənmək üçün yanınıza gəldim.
- Axı necə oldu ki, belə sağlam və qüvvətli bir adam olduğunuz halda, birdən adınızı və evinizin yerini itirdiniz?
- Mən evimizin yerini itirməmişəm, yerini tanıyıram, buna heç şübhə ola bilməz, ancaq iş orasındadır ki, evimiz öz yerində yoxdur. Qonşu evlər də yoxdur, rayonumuz da yoxdur. - Evdən nə zaman çıxmışdınız?
- Mənim Bakıdan çıxdığım altı ildir. Dünən gəlmişəm. Vağzaldan birbaşa evimizə tərəf getdim, ancaq evimizi yerində tapmadım. Bizim həmişə tozlu-torpaqlı, qışda isə boğaza qədər palçıq olan əyri-üyrü küçəmizin yerində geniş və yaxında döşənmiş bir küçə gördüm. Şəhərin bu başından o başına qədər göz işlədikcə görünən bir küçə. Tramvayların ardı kəsilmirdi, zəng səsləri küçəni doldurmuşdu. Evimizin dalında, həmişə peyinlə dolu olan döngədə gözəl beşmərtəbəli bir ev yüksəlirdi. Adamlar da dəyişən kimi olmuşdu. Əbədi yas və təziyə təsiri buraxan qara çadralara bürünmüş yekrəng insan kölgələri əvəzinə, küçədə indi məsud gəncliyin xoş qəhqəhələri yüksəlirdi.
- Hə, demək sizin evinizin yerində küçə salınmışdır?
- Necə yəni bizim evimizin yerində? Bəs qonşuların evləri? Bütün köhnə, böyrü üstə əyilmiş Çənbərəkəndi yox olmuşdur. Mən şaşıb qaldım. Qəbiristana getmək üçün təpəyə qalxdım. Yolu çox yaxşı xatırlayırdım. Amma nə fayda ki, qoca qəbiristandan onun köhnə hasarından, çala-çuxurundan, sökülmüş köhnə qəbirlərin açdığı uçurumlardan bir əsər görmədim. Atamın da qəbrini tapmadım. Bu əbədi sükut dünyasının yerində geniş xiyabanlı, qəşəng bir park əmələ gəlmişdir, atamın qəbri yerində isə bir çiçəklik salınmışdır. Lakin tapmadım. O dar, sürüşkən cığırın yerində asfaltla döşənmiş, minik və yük maşınlarının, avtobusların aramsız hərəkətindən qara ayna kimi parlayan geniş bir yol gördüm. Mənə elə gəldi ki, burada bir zəlzələ olmuş, vulkan köhnə və qaranlıq Çənbərəkəndini batıraraq, əvəzində yerin dərinliklərindən təmiz evli, geniş küçəli, gözəl, yaşıl parklı, əlvan çiçəklərlə gülümsəyən, bahar nəşəli yeni bir şəhər çrxarmışdır. Mən vağzala dönməli oldum...
- Bu gördüklərin pis şeymidir?
- Demirəm ki, pisdir. Axı bəs ailəm, qoca anam necə oldu? Qoca, avam, savadsız və köməksiz qadın hara pənah apara bilər? Bəs kiçik bacım, arvadım?
- Sizin burada arvadınız qalmışdımı?
Müsahibimin rəngi birdən dəyişdi. O, dərin bir ah çəkib:
- Atam öləndən sonra, - deyə cavab verdi, - anam evlərdə paltar yumağa başladı, qəpik-quruşla aclıq içərisində yaşadıq, soyuq qışları ac və çılpaq keçirdik. Aprel inqilabından sonra küçədə mənə bir kişi rast gəldi. Bu kişi, vaxtilə məni qara neft selindən kənara çəkən və atamın meyitini evimizə gətirən işçi idi. Mənim işsiz olduğumu bilib dedi:
- Oğlum, mən indi Azərneftdə buruq ustasıyam. Əgər işləmək istəyirsən, səni də özümlə apanrım, bizə indi işçi çox lazımdır.
Mən işə girdim və eyni zamanda fabzavuçda oxumağa başladım.
Usta Səməd öz kiçik qızı və qoca arvadı ilə bizim küçəyə köçdü. Qızı qaraqaş, qaragöz, mənim nəzərimdə gözəl bir qızdı. Əli Bayramov klubunda işləyir və orada oxuyurdu. Biz dostlaşdıq. Mən onu sevdim, o məni. Usta Səməd çox yaxşı kişi idi. Mən onun əlaltısı idim. Buna baxmayaraq, o razı oldu. Pul toplayıb, güclə iki dəst paltar aldım və anamın yeganə qaşlı qızıl üzüyünü də üstünə qoyub evləndim. Bir neçə aydan sonra məni oxumağa göndərdilər. Mən bir çox şəhərləri, Moskvanı və Leninqradı gəzib, sonra könüllü olaraq Uzaq Şərq Ordusuna yazıldım. Bundan sonra daha onu bir də görmədim. Bəli, doktor, o məni sevirdi, mən də onu. Bir müddət məktublaşdıq, bir-birimizə aşiqanə sözlər yazdıq, amma birdən onun məktubu kəsildi. Səbəbini bilmədim və beləliklə onunla əlaqəm kəsildi. Ancaq bu yaxınlarda bir yoldaşım mənə yazmışdı ki, onu görüb, o sağdır və burada bir doktorla yaşayır. Bilirəm, onu yoxsulluq vadar edib, o məni səmimi olaraq ürəkdən sevirdi... Köməksiz arvad mənsiz nə edə bilərdi?
- Çay gətirsinlər, - deyə zəngi basdım.
Zəngin səsinə kimsə gəlmədi.
Qonşu otaqdan Firuzənin səsi eşidildi:
- Heç kəs yoxdur, doktor, bu gün Maşanın istirahət günüdür.
Məmməd birdən yerindən sıçradı, bir şey xatırladı və heç bir şey soruşmadan oturdu.
- Əgər siz öz evinizi itirmişsinizsə, qayınatanızı, usta Səmədi tapa bilərsiniz, - deyə söhbəti təzələmək üçün ona müraciət etdim.
- Onun yanına mədənlərə getmişdim, buruqlarda axtardım, soruşdum. İndi mədənlər əvvəlki kimi deyil, 28-ci ilə nisbətən belə dəyişmişdir. Neftə bulaşmış adamlara çox çətin rast gəlmək olur. Hamı tərtəmiz geyinib, elə bil ki, toya gedəcəkdir. Bir kranı və ya vinti burmaqla kompressorların və ya motorların işini nizama salırlar. Köhnə, tozlu yollar, arabalar və droklar da yox olmuşdur. Hər yerdə parlaq asfalt və sürətlə yürüyən maşınlar! Demək olar ki, bütün mədənlərə tramvay və dar dəmiryol xətti çəkilmişdir.
- Demək, usta Səmədi tapmadınız? - deyə səbirsizliklə soruşdum.
- Yox tapmadım. Dedilər ki, o indi böyük bir ixtiraçıdır. Bir neçə ixtirası var, indi onu Amerikaya göndərmişlər ki, gedib oradakı neft sənayesi ilə tanış olsun. Bu xəbər məni, əlbəttə, sevindirdi. Düşündüm ki, bir parça çörək üçün özü qazdığı quyuya girərək, ağanın şillə və yumruğu altında işləyən, özünü zəhərli qazların, ölümün qara ağzına atan işçi, indi öz bacarıq və talantını göstərməyə imkan tapmış, indi ixtiraçı olmuş, Amerikaya getmişdir.
- Arvadınızı da tapmadınız?
- Yox, arvadım və balaca bacım haqqında kimsə bir şey bilmir. Arvadımın sağlığı haqqında yazmışdılar. Bacım isə yəqin ki, acından məhv olub getmişdir...
- Siz indi tələbəsinizmi?
- Bitirmişəm. Mən mühəndisəm, maşın inşaatı mühəndisi.
Qapı döyüldü.
- Girin, - dedim. Müsahibim papiros çəkməyə hazırlaşaraq, portsiqarını əlində tutmuşdu. Qapı açıldı. Firuzə ağ, təmiz doktor xalatında içəriyə girdi.
- Alətləri şkafa qoyub bağladım. Gedirəm. Bu gün Aslan konservatoriyada çıxış edəcək. Mənim üçün bilet gətirmişdir. İndi Züleyxa da, Balaxanım xala da gələcək.
Müsahibim Firuzəyə çox diqqətlə baxırdı. Lakin o hələ qızın yalnız arxasını görürdü. Buna baxmayaraq, Məmməd onu görmək və səsini eşitmək üçün sehrkar bir qüvvə ilə yerindən qalxır və boylanırdı. O, papirosu əlindən saldı və əyilib götürmək istərkən belə, Firuzədən gözlərini ayıra bilmədiyi üçün, əlindəki papirosları da dağıtdı.
Züleyxa və Balaxanım adını eşidər-eşitməz papirosları yerə qoyub dikəldi. Mən ona diqqət edirdim. Mənə baxıb Firuzə də döndü və mənim baxdığım cəhətə baxdı. Müsahibim indi onu tamamilə görürdü. O, anlaşılmaz bir duyğu ilə titrəyirdi. Döş qəfəsi hava ilə dolu olduğu halda, nəfəs belə çəkmirdi. Kişilərə qarşı həmişə laqeyd olan Firuzə, nədənsə ona tərəf döndü. Mən onun da həyəcanlar keçirdiyini hiss etdim. Məmməd sözə başlarkən, mən onun üzünü görmürdüm. Gözüm Firuzədə idi. Mən yalnız Məmmədin yumşaq və həyəcandan titrəyən səsini eşitdim. O yalnız bir söz deyə bildi:
- Firuzə!
Ona baxarkən, mənə elə gəldi ki, bu saat Firuzənin üzərinə atılacaq, onu qucaqlayacaq və öpəcək. Bu hal mənə çox qəribə gəldi, çünki Firuzə də buna mail idi. Qız cəld mənə baxdı. Qara gözlərində qığılcım parlayırdı. Firuzə heç də onu qucaqlamaq istəyən bir gənc mühəndisdən uzaqlaşmaq fikrində deyildi. Gənc mühəndis onu qu¬caqlamaq üçün bir addım irəlilədi, lakin sonra, nədənsə, dayandı; rəngi qaçdı, od kimi yanan al yanaqları getdikcə ağarmağa başladı. Yanan gözlərinin parıltısı yox oldu, gözləri yarıya qədər yumuldu, da¬yandı və düşündü. Birdən Məmməd titrəyən dodaqları ilə:
- Sən burada yaşayırsan?
- Öz evimizdə yaşayıram, - deyə Firuzə həyəcanını zorlayaraq, cavab verdi.
Mən indi anladım ki, gənclik öz əlvan rənglərini bu insanlara bəxş etmişdir. Dodaqları gah qıpqırmızı qızarır, gah saralır, gah da kətan kimi ağappaq ağarırdı.
Məmməd gözlərini geniş açıb, Firuzəyə dik baxaraq:
- Anam haradadır? Züleyxa haradadır? - deyə soruşdu.
- Bir yerdə yaşayırıq. Bizə pasyolkada mənzil veriblər. İndi gedərik, görərsən...
- Sən məni evinizə aparacaqsan?..
- Mən səni öz evimizə aparacağam. Mən təəccüb edirəm, niyə sən öz evinə deyil, buraya gəlmişsən? - Mən səni axtarırdım. Bəs o Aslan kimdir?
- Gedərik, görərsən, - deyə Firuzə gülümsəyərək, cavab verdi:
- Mən də sizi maşınla apararam, - deyib əlavə etdim və otaqdan çıxdım. Qayıdarkən işi başqa halda gördüm. Məmmədin üzü tamamilə dəyişmişdi, gözləri alışıb yanırdı. O gülürdü. Firuzə isə göz yaşlarını sezdirməmək üçün gözlərini silirdi. Mənə elə gəldi ki, o ağlayır, lakin dərddən deyil, sevincindən ağlayırdı.
- Hə, maşm hazırdır, gedirik? - deyə təklif etdim. Məmməd ötkəm bir səslə:
- Gedirik, doktor! - deyə cavab verdi və addımladı.
Mən maşına minib sürməyə hazırlaşırkən, Məmməd sevinərək:
- Maşın özünüzündür? - deyə soruşdu.
- Bunu mənə, sərhəd boyuna yayılmış taun xəstəliyini tez və müvəffəqiyyətlə təsviyə etdiyim üçün mükafat vermişlər.
Yüngül "QAZ" yeni asfaltın ayna sinəsində axıb getdi. Çox sürətlə sürmür və hərdən qayıdıb ona baxırdım. O, heyrətlə ətrafa baxırdı. Elektrik işıqlarına qərq olmuş küçələri, çoxmərtəbəli yeni evləri, küçələrdə nəşəli qəhqəhələrlə gülən şən azərbaycanlı qadınları və gəncləri nəzərdən keçirirdi. Kommunist küçəsindən enib "Kitab Sarayı" yanından keçərkən, o, köksünü ötürdü; bu, heyrətdən deyil, sevincdən idi...
- Əşi, bunlar şəhərin başına nə is gətirirlər? - deyə bağırdı.
Mən onu daha da təəccübləndirmək üçün maşını saxladım və Firuzədən maşını idarə etməsini rica etdim. Firuzə Azavtodorun dərnəyində çalışırdı. Şəhərdə maşın sürmək üçün vəsiqəsi vardı, çox zaman təkbaşına sürərdi. Firuzə sükanın dalında oturub maşını işə salarkən, Məmməd yenə təəccüb içində idi:
- Əşi, bunlar nə edir! Məmmədin yanında oturub:
- “Bunlar" kimdir? - deyə soruşdum.
- Bizimkilər də! Hələ dünən, mən gəldiyim gün buradan keçmişəm. Tanıdığım birmərtəbəli köhnə bir evi sökürdülər. Bu gün isə burada gözəl bir park salmmışdır, asfalt ağaclar, fantan...
Bəlkə iki günün içində köhnə evi sökmək, yeri düzəltmək, hətta asfaltlamaq və ağac əkmək o qədər də təəccüblü deyildir. Təəccüblü orasıdır ki, dünən əkilən ağac lar, bu gün çiçəklənmişdir və təzə yarpaqları ilə gözləri oxşayır. Mən hələ dünən Quba meydanından keçdim. Burasə, vaxtilə Şərq mədəniyyətsizliyinin ən nümunəvi bir mərkəzi idi. Burada daima nərildəyən dəvələr yığıncaq qurardı. Uzun və qısa saqqallı dəllallar o tərəf- bu tərəfə yüyürərdi, dərvişlər dişsiz ilanlarını oynadaraq, imanın şücaətindən və sahibəzzamanın uzunqulağa suvar olaraq zühur edəcəyindən danışardı. Dünən isə nə gördüm... Bütün o şərq köhnəliyi aradan qaldırılmış, onun yerində təzə və təmiz bir bağ salınmışdır. Buradan yüzlərlə maşınlar, tramvaylar, avtobuslar ötüb keçir. İnqilabdan qabaq tiryək alveri və tiryək çəkməyə məxsus küçələri ilə məşhur olan birmərtəbəli Xanım karvansarası xarabalığı yerində yeddimərtəbəli böyük bir bina yüksəlmişdir.
Firuzə öz sevimli nəğməsini oxuyaraq, cəsarətlə maşını idarə edir və çoxmərtəbəli gözəl evləri bir-bir geridə buraxırdı.
Məmməd Firuzənin maşını idarə etməsinə baxır və deyirdi:
- Bax, geridə qalmış avam bir qadın indi həkimdir, maşın sürür. Bu inqilabdır; həyatda inqilab, məişətdə inqilab, insanların şüurunda inqilab...
Maşın altımərtəbəli bir binanın ikinci qapısı önündə dayandı. Firuzə maşının açarını götürdü, ikinci mərtəbəyə qalxdıq. Bir otağa girdik. Firuzə düyməni burdu, ev elektrik işığına qərq oldu. Məmməd sevincindən baxırdı. Təmiz parket ayna kimi hər şeyi özündə əks etdirirdi. Qaz peçləri aynadan geri qalmırdı. Firuzə tez yüyürüb pəncərəni açdı, böyük bir ağacın budağı içəri soxuldu və sanki xoş bahar yeli ilə hərəkətə gələn təzə yarpaqlar Firuzəni təbrik etməyə başladı.
Firuzə, canlı insanlarla görüşmüş kimi:
- Xoş gördük, xoş gördük, dostlarım! - deyə yarpaqların təbrikinə cavab verdi.
Məmməd gözlərini və ağzını geniş açaraq, otağın ortasında durub, hündür ağ səqfə, pəncərələrə, mebelə və bütün gördüyü şeylərə baxırdı.
- Bax, bu mənim otağım, bu çarpayım, bu da Əsgərin çarpayısı. Birdən Məmməd tutuldu, gözləri parıldadı.
- Hansi Əsgərin? - deyə təəccüblə soruşdu.
- Ərimin, gələcəkdə doktor olacaq Əsgərin, - deyə sakitcə cavab verən Firuzə Züleyxanın, Balaxanım xalanın otaqlarını, qonaq otağını, vanna otağını, mətbəxi, balkonu göstərərək, məlumat verirdi.
Onlar qayıdıb yanıma gəldikdə, qapı açıldı və otağa səs-küylə gənc bir qız və iyirmi yaşlarında bir oğlan girdi. Oğlan təmiz və qəşəng geyinmiş bir balaca uşağın əlindən tutmuşdu. - Firuzə, bu kələkbaz məni aldatmaq istəyir, - deyə qız şən və gurultulu qəlıqəhələrlə Firuzəyə müraciət etdi.
Qız məni görər-görməz yüyürdü və zərif əlləri ilə boynumu qucaqlayıb, uşaq kimi yanaqlarımı öpməyə başladı.

- Ata can, sənin bu kələkbaz oğlun Aslan mənə kələk gəlmək istəyir. Burada Aslan hiyləgərcəsinə acıqlı bir vəziyyət aldı və:

- Züleyxa, mən sənə yad kişilərlə öpüşməyi qadağan edirəm, - dedi.
- O sənin işin deyil. Kefim necə istəyir, elə də edəcəyəm. Bu nə xüsusi mülkiyyətçilik xasiyyətidir? - deyə qız gözəl başını döndərərək, cavab verdi. Aslan isə gülür və deyirdi: -Yad kişilərlə öpüşmək, həm də kənar adamların yamnda...
-Kənar adam kimdir? - deyə qız tez ətrafına baxıb, yanda duran Məmmədi gördü. Tutuldu, məndən əl çəkdi və diqqətlə qonağa baxdı.
Məmməd dinmir, gülümsəyirdi. Birdən Züleyxa qəlıqəhə ilə güldü, Məmmədə tərəf yüyürdü. Vəhşi pişik kimi onun boynuna tullandı. Bərk-bərk qucaqladı və gözləri yaşardı.
- Qardaşım, əziz Qardaşım! - deyə hıçqırıqlarla gülərək təkrar etdi.
- Yaxşı işdir, gəlinin olsun, məndən başqa dünyanın bütün kişiləri ilə öpüşsün, özü də mənim yanımda... Boşayıram, gedək bu saat zaqsa, gedək, - deyə Aslan zarafatla acıqlandı.
Züleyxa Məmmədin qucağından çıxmayıb, gözəl başını əydi və Aslanı hirsləndirmiş kimi, cavab verdi.
- O sənin işin deyil, kiminlə və harada öpüşmək istəsəm... Gedək zaqsa, boşanaq.
Məmməd gülərək:
- Nə boşanmaq, Züleyxa! Sən mənsiz, mən burada yox ikən ərə getmişsən?
Qız isə qəlıqəhə ilə gülərək:
- Qardaşım, o sənin işin deyil. Bu nə köhnəpərəstlikdir? Harada, haçan, kimə ərə getmək istəsəm, gedə bilərəm, - dedi.
Məmməd bir şey demək istədi, hətta başladı da:
- Dünənə qədər ağzından süd qoxusu gəlirdi...
Lakin Züleyxa kimsəyə danışmaq imkanı vermirdi:
- O dünəndi, indi isə müəlliməyəm, hesabdan, həndəsədən, cəbrdən və triqonometriyadan dərs deyirəm. Təşəkkür də almışam, indi göstərərəm...
- Elə birdəfəlik de ki, riyaziyyatdan da, - deyə Aslan onun sözünü kəsdi.
- O sənin işin deyil, kefim necə istər, elə də deyərəm, - deyə qəhqəhə ilə güldü və incə dodaqlarını qardaşının dodaqlarına yapışdırdı.
Bu halda Firuzə elektrik çayniki ilə içəri girdi, qucaqlaşan Züleyxanı və Məmmədi görüb: - Ey, mənim ərimi öpmə, o "beynəlxalq" deyil, - dedi.
- O sənin işin deyil, kiminlə...
Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı:
- Görünür, mənim nişanlım "beynəlxalqdır", eləmi!
Qızlar gülüşdülər. Məmmədin üzü ciddi bir vəziyyət aldı. O cəsarətsiz bir halda yavaşca:
- Nə ər, Firuzə? Axı sən dedin ki, sənin Əsgər adlı, gələcəkdə doktor olacaq bir ərin var. Qadınlar qəlıqəhə ilə gülüşdülər.
Züleyxa tez qardaşından aralanıb, balaca uşağı qucağına götürdü və dedi:
- Onun əri budur. Gələcəkdə özü dediyi kimi, doktor olacaq. Əsgər yoldaşın indi düz altı yaşı var.
Züleyxa uşağı atasının qolları arasma atdı. Məmməd uşağı bağrına basdı.
Firuzə gülərkən, ərinin qolundan tutdu və:
- İndi gəl gedək, əl-üzünü yu, - dedi.
Məmməd müqəssir bir halda heç bir söz demədi, ancaq uşağı daha bərk bağrına basdı. Firuzə onun qolundan tutaraq apardı.
Onlar otaqdan çıxmamış otağa səs-küylü bir qadın girdi; qolları çırmanmışdı. Yüksəkdən dedi: - Firuzə, mənə bir az kağız ver, özün də gəl kömək elə, divar qəzetinə bir məqalə yazım. O bürokrat, ziyançı taxtalar və dəmir hissələri həyətdə, yağışın altında saxlayır. Deyirəm xarab olar, deyir sənin ixtiyarın yoxdur ki, mənim üstümə çığırasan, mən material hissəsi müdiriyəm, materiallar üçün məsul mənəm.
Züleyxa bir uşaq kimi anasına tərəf yüyürərək:
- Əlbəttə, ana, başqasının işinə qarışmağa sənin haqqın yoxdur, hələ qalsın onun üstünə çığırmaq, - dedi.
- Necə yəni haqqım yoxdur! Mən yerli komitənin üzvüyəm. Bəlkə o başa düşmür, bəlkə qəsdən materialların xarab edir, - deyə kiçik Əsgəri qucağına aldı.
Firuzə qızarmış dodaqlarını nə üçünsə silərək, otağa girdi, nəşə ilə:
- Balaxanım xala, mən ərə gedirəm, - dedi, - bax, nişanlım da buradadır. Gəl, tanış ol!
Firuzə qarını çəkə-çəkə əl-üz yuyulan otağa apardı. Mən qarının ancaq son sözünü eşitdim: - Nə olar, qızım, Məmməd də özünə bir başqasını tapar. Züleyxa şən bir halda yüyürüb məni qucaqlayaraq:
- Mən də başqasını tapdım, bax, bu kişini, - dedi.
- Yaxşı işdir, onlar orada öpüşsün, bunlar burada. Bəs biz adam-zad deyilik, - deyə yenə Aslan zarafat etdi.
- O sənin işin deyil, - dedi, - təsnifi muğamdan ayıra bilməyən hər uşağı, hər iyirmi yaşlı bəstəkarı öpməyəcəyəm ki...
- Odur ki, sən öz gələcək ərindən başqa hamı ilə öpüşəndə Nyuton yerinə gah Arximeddən, gah da Pifaqordan yapışırsan.
- O sənin işin deyil...
Plastinka hərləndi, qız nəşə ilə yerindən sıçrayıb, Aslana tərəf yüyürdü və hamar, parlaq parket üzərində süzməyə başladılar.
O biri otaqda ana ilə oğlun necə görüşdüyünü bilmirəm, ancaq onu bilirəm ki, onlar otağa girərkən, Məmmədin üzü tərtəmiz, Balaxanım xala isə qulaqlarına qədər sabun köpüyünə bulaşmışdı. Mən ayna ilə üzbəüz oturmuşdum, qonşu otağın bir hissəsi bu aynada görünürdü. Firuzənin, böyük bir həzlə ərinin üzərinə odekolon səpdiyini, bir-birinə baxdıqlarını, Firuzənin onu qucaqladığını və hərarətli dodaqlarınn bir-birinə yapışdığını aydınca görürdüm. - Nə olar, - deyə düşündüm, - sosyalizm öpüşə zidd deyildir...
Doğrusunu desək, mən qibtə edirdim. Mən Firuzəni qısqanırdım. Onların bəxtiyarlıqlarına, gəncliyinə, bəxtiyarlıqdan alışıb yanan gözlərinə qibtə edirdim və: "Neçin 28 yaşında deyiləm?” - deyə heyifsilənirdim.
Züleyxa piano çalarkən, Firuzə ilə Aslan parket üzərində süzərkən, balaca Əsgər güclə nənəsini oynamağa dartarkən, Məmməd yanımda oturdu və məsud bir hal ilə yavaşca:
- İndi hər şey mənə aydındır, - dedi. - Bir baxın, doktor, köhnə Bakı nə idi, indi nə olmuşdur! Bu əvvəl nə idi, indi nə olmuşdur! Xam adam belə şeydən özünü itirməzmi? Siz isə mənim nəbzimi yoxlayırdınız. İqtisadiyyatda inqilab, həyatda inqilab, məişətdə inqilab, insan şüurunda inqilab. Bu inqilab təbiətin köhnə qanunlarını belə dəyişdirir. Çılpaq, qumlu düzləri iki gün içərisində yaşıl, çiçəkli bir bağa döndərir. Onun sayəsində ölü qəbiristan belə canlanır, mədəniyyət və istirahət parkına çevrilir.
Məmməd doğru deyirdi. Lakin mən ona məsləhət gördüm ki, sabahdan aynanın yerini dəyişsin.