Görə bilməzsən

Vikimənbə saytından
Görə bilməzsən
Müəllif: Aşıq Sədrəddin
Mənbə: Seyfəddin Qəniyev, 1918-ci il Şamaxı soyqırımı şəhidlərindən iki nəfəri - Əngəxaranlı Aşıq Xəlil və Aşıq Sədrəddin, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.24-30.

  
Müxənnətin, dilbilməzin, naqisin,
Axtarma, vəfasın görə bilməzsən.
Nə kölgə düşəcək qanqal, qamışdan,
Sığınma, səfasın görə bilməzsən.

O qədər ürüyüb müxənnət, yağı,
Sovulub, boş qalıb mərdlərin bağı.
Kəsilib bu eldən köçün ayağı,
Durnasın, sonasın görə bilməzsən.

Sədrəddini bəndə salıb qəm yükü,
Nə qədər çoxalıb hiyləgər, tülkü,
Ləkələyir mərdi, dağıdır mülkü,
Onun kök-əsasın görə bilməzsən.