Məzmuna keç

Görəydim (Molla Pənah Vaqif)

Vikimənbə saytından
Həsrətindəyəm
Müəllif: Molla Pənah Vaqif

Çox zamandır, yarın həsrətindəyəm,
Gələydi, bir onu barı görəydim,
Bülbül tək fəryadım çıxdı fələkə,
Cənnət iyli gülüzarı görəydim.

Basaydı üzümə gül ayağını,
Öpəydim üzünü, həm dodağını,
Gah açaydım ağ sinənin bağını,
Qoynundakı qoşa narı görəydim.

Gah alaydım gərdənini qucağa,
Gah üzüm sürtəydim zülfə, buxağa,
Gah da oturaydım qabaq-qabağa,
Danışaydı, xoş göftarı görəydim.

Bilirmola bağrımdakı yaranı,
Necə yaxmış mən tək günü qaranı,
Yar məndən kəsməzdi belə aranı,
Bu qoymayan kimdir, barı, görəydim.

Vaqifəm, hicrandır mənim məhşərim,
Gecə-gündüz canan olmuş əzbərim,
Kərəm eyləyibən gəlsə dilbərim,
Kəsilirmi ahu zarı görəydim?