Görmüşəm (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görmüşəm
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Aradım Osmanı, gəzdim Əcəmi,
Misri, İstanbulu, Şamı görmüşəm,
Harda adı bəlli gözəl varsa da,
Arayıb, axtarıb hamı görmüşəm.

Fironü Firdövsi, Həmrudü Şəddad,
Onlar da dünyada qoydular bir ad,
Yüsiflə Züleyxa, Şirinlə Fərhad,
Bəhram ilə Güləndamı görmüşəm.

Mənə yarın hər sitəmi gözəldi,
Ürəyimdə dərdi, qəmi gözəldi,
Pərim qəşəng, gözəl, nami gözəldi,
Çarü naçar o pəmamı görmüşəm.

Abbasam, sözlərim dilimdə əzbər,
Həkk olub sinəmdə dərdim bir dəftər,
Şahım, sizin olsun məscidü-mənbər,
Mən gözümlə müsəllamı görmüşəm.