Bu səhifə korrektə edilib
Mərd iyidlər el içində qaladı,
Eşq atəşi səngimişdi, qaladı.
İyid ölsə bu dünyada qaladı,
Müxənnətlər gözləyəcək ha sini.
Abdullayam, el içində azadam.
Bax, nə qulam, nə nökərəm, azadam.
El içində kişi çıxar az adam,
Namərd olan ha incəli, ha sini!
GÖZƏL
Gözlərin şöləsi min aya bənzər,
Salmısan atəşə, a zalım gözəl.
Həsrətindən əlif qəddim dal oldu,
İstərəm, qadanı az alım, gözəl.
Örtmüsən başına şalı bağdadı,
Eşq ucundan məcnun könlüm bağdadı.
Füzuli gəşt etdi, gəzdi Bağdadı,
Rüstəmim, Zöhrabım, a zalım gözəl.
Usta Abdullanı salmısan dərdə,
Aparıb əqlimi salmısan dərdə.
Gəzdim Şəki, Şirvan, Qarabağ, Bərdə,
Bir insaf etmədin, a zalım gözəl.
75