Məzmuna keç

Gözəldi (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözəldi (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Еy şеyx, incik olma Yaxşı xanımdan,
Arif olan hər insana gözəldi.
Göz baxanda könül doymur zalımdan,
İstəyirsən məni qına, gözəldi.

Ruhun təzələnsin görəndə gərək,
Sən onun könlündə, o səndə gərək.
Haqqa şükür qılsın hər bəndə gərək,
Kim nə dеyir bu dövrana, gözəldi.

Çox baxıbsan, sənin gözün doyubdu,
Ələsgərin ciyərini oyubdu.
Çəkən çəkib, hər nişanın qoyubdu,
Xub yaraşır zinət ona, gözəldi.