Gözlərimdən tökülür bu dili-müztər qanı

Vikimənbə saytından
Jump to navigation Jump to search
Gözlərimdən tökülür bu dili-müztər qanı
Müəllif: Mirzə Mehdi Şükuhi
Mənbə: Mirzə Mehdi Şükuhi. Şeirlərazadliq.org saytı. Yayımlanıb: 13.07.2014

Gözlərimdən tökülür bu dili-müztər qanı,
Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.

Gündə min aşiqi öldürsə xədəngi-nazın
Könlümün çox sənə, zalim, yenə qeynər qanı.

Türreyi-guşeyi-çeşmin elə qan ilə xizab,
Xoş olur şəhpəri-laçində kəbutər qanı.

Dişlədim ləlüvi, ey qanı sovuq, qan oldu,
Sən də lök qanımı, tut qanə bərabər qanı.

Nigəhin gizlədir ol məst gözün, çünki bilir,
Qanlının qanına bais olu xəncər qanı.

İçərəm qanuvu, bu aşiqə, zahid, az öcəş,
Çün müsəlmanə hədərdir tökə kafər qanı.

Az fəğan eylə, di get, ay qanı dolmuş aşiq.
Eşidər yari-sitəmgər yenə eylər qanı.

Can verən eşqdə bir sən deyisən, ey Naşi,
Çox bu meydanda axıb nazlı igidlər qanı.