Gözlərin cəlladdır
Görünüş
| Gözlərin cəlladdır Müəllif: Molla Pənah Vaqif |
Gözlərin cəlladdır, baxışın yağı,
Qanlı qəmzən kimi olmaz bəla, qız.
Nazlı-nazlı danışıban güləndə,
Dönürsən şəkərə, qəndə, bala qız.
Ləblərin süsəndən, güldən əladır,
Seyr ilə gülşəndən, güldən əladır,
Tamam ağ bədənin güldən əladır,
Qamətindir sənubərdən bala, qız.
Ömrünə çox dua-səna demişəm,
Suçumu, dərdimi sana demişəm.
Mən canımı qurban sana demişəm,
O zaman ki, oldu qalü bəla, qız.
Qamətin, gərdənin, boyun gözəldir,
Müşkin, irəyhanın, buyun gözəldir,
Səni sevən deyir bu ən gözəldir,
Hərgiz olmaz bu dünyada belə qız.
Vaqifəm, düz danış, əyilmə məndən,
Aparma əqlimi, əkilmə məndən,
Ağlaram ki, əmim, əyil məməndən,
Məni sinən beşiyində bələ, qız.