Məzmuna keç

Gəl, ey vəhdət qəzalı, sən bu səradən nə istərsən?

Vikimənbə saytından
Gəl, ey vəhdət qəzalı, Sən bu səradən nə istərsən?
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 58. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Gəl, ey vəhdət qəzalı, sən bu səhradən nə istərsən?!
Xəyalın həmnişin oldu bu tənhadən nə istərsən?

Tutubsan surəti-Yusif, könül Misrində sultansan,
Vüsalın qiyməti keçdi Züleyxadən nə istərsən?

Sənin eşqin durur ruhum, bu zülfün əql gəncidir,
Apardın əqlimi, bəs ruhi-şeydadən nə istərsən?

Sən eşq əhlinə, ey zahid, məlamət etməyi tərk et,
Deyilsən sirrə vaqif, zöhdü təqvadən nə istərsən?

Vidadi xəstə, gəl ədnasüfət dünyayə meyil etmə,
Qıl əqlin var isə tərkin, bu dünyadən nə istərsən?