Gəlin (Dollu Mustafa)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlin (XIX əsr)
Müəllif: Dollu Mustafa
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Səhərdən çıxdın qarşıma,
Gül baxçada gəzən gəlin.
Dərib, dərib buxax altda,
Tər bənövşə düzən gəlin.

Bülbülü güldən eylərsən,
Gedəni yoldan eylərsən,
Ulusdam, eldən eylərsən,
Gözlərini süzən gəlin.

Qaşların qurar divanı,
Kipriklərin tökər qanı,
Öldürürsən neçə canı,
Çoxlar bağrın əzən gəlin.

Gümüş kəmərin belində,
Şirmayı şana telində,
Cumub çalxanıb gölündə,
Sona kimi süzən gəlin.

Bilmirəm əsil-soyunu,
Xublar arzular boyunu,
Mustafa tutsun toyunu,
Al yaşıla bəzən gəlin.