Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/50

Vikimənbə saytından
(Gəlsin (Zodlu Abdulla) səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

GƏLSİN

Canım qasid, Məcnun kimi gözlərəm,
Get yara deginən, bulağa gəlsin.
Mən bülbüləm güldən ötrü yanıram,
Gül dərmək istəsə bu dağa gəlsin.

Ala gözlərindən badə içmişəm,
Alışmışam, eşq oduna bişmişəm.
Onun həsrətindən xəstə düşmüşəm,
Xəstəni yoxlasa, otağa gəlsin.

Aman qasid, necə yardan küsüm mən,
Firqətindən xəzan kimi əsim mən.
Malım yoxdur ona qurban kəsim mən,
Canımdır yolunda sadağa, gəlsin.

Abdullayam, canım ona qurbandı,
Eşqin atəşinə bədənim yandı.
Azad yaşayışdı, gözəl dövrandı,
Yoxdur ona qorxu-qadağa, gəlsin.

50