Məzmuna keç

Gənclərə ümidim var

Vikimənbə saytından
Gənclərə ümidim var
Müəllif: Almas İldırım


Sən istərsən qəlbimi parçala, qır, çeynə, əz,
Mənim yenə bu yolda tükənməz bir canım var!
Sən ölüm ol, başımda hər an dolaş, hər an gəz,
Mənim yenə də bir gün sana bir üsyanım var.

Xoşmu gəldi sana bu, bir an üçün susduğum?
Məni bu yoldan etməz hökmünlə qan qusduğum.
Ey qoynunda dünyaya gəlib ayaq basdığım,
Damarlarımda sana vəqf edilmiş qanım var.

Mənim eşqim, a dostlar, əzəlidir, əzəli,
Kim salacaq könüldən о sevdalı gözəli?
Yох bir qüvvət ki, yaxsın qəlbimdəki əməli,
Mənim ki, о qurtuluş gününə imanım var.

Sən aldırma, içimdən yaralıyam, yaralı,
Burax, keçsin gənc ömrüm fırtınalı, boralı,
Mən bilirəm, sonunda çıxmam üzü qaralı,
Yurdumun gənclərinə ümidim, inamım var!