Gənclərə nəsihət

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Gənclərə nəsihət
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Ələkbər Ziyatay


Fitnə törətmə ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.

Cana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edən onu tarımar.

Hiylə - oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli.

Vəfa küçəsində ev tut, yəqin bil,
Vəfa mənzilidir, ən yaxşı mənzil.

Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm: olma bivəfa.

Çalış az dostluq et, etsən də əgər,
Dostluqda möhkəm ol, sözdə mötəbər.

Dostu qovanları alma yanına,
Yoxsa gözün ağlar bu halına.

Dostun haqlı vursa birini zinhar,
Demək ki, layiqdir çıxma havadar.

Dost müttəhim edib, kimi etsə rədd,
Qardaşın olsa da, önünə çək sədd

Qırsa bir budağı dost hirslənərək,
O, cənnət ağacı olsa da, əl çək.

Dostun əkdiyi gül olsa da tikən,
Çıxarıb yerindən onu atma sən.

Özgənin əlilə adam olanlar,
Dost qədri bilməzlər, nankor olarlar.

Bir kiçik adama nəvaziş etsən,
Sənin böyüklüyün getməz əlindən.

İtə nə rəng vursan itdir, arslandan,
Qalan sümükləri yeyər hər zaman.

Razılıq etsə də təriflərindən,
Naəhlin başını havalatma sən.

Sən onu öydükcə, o lovğalanar,
Özünü yoldaş yox, əmioğlu sanar.

Daha boyun qoymaz işə, xidmətə,
Lovğalanar yabançı olur hörmətə.

Boyun böyüklüyü deyildir gərək,
Hümmətdə böyükdür hər xırda ürək.

Dünyada aqil tək bir ustad varmı?
O, bir qul yanında şagird olarmı?

Nemət üçün tərif yazma nadana,
Elmü hikmət əhli layiqdir buna.

Yalnız hünərinlə sən şöhrət qazan,
Təriflə həcvdir yerdə qalanlar.

Sənətdə tək olan bu Xaqanidən,
Gəl, incə mənalı fikir eşit sən.

Qorun pis adamdan, anla ki, onlar,
Əqrəb tək kor olar, ilan tək lal, kar.Bu insanlardan da qaç,qorun!
Çünki onlar əhdi ziyalı olur!
Xaqaninin nəsihətinə qulaq as sən!