Gеtmə göz önündən, ay Şəkər xanım

Vikimənbə saytından
Jump to navigation Jump to search
Gеtmə göz önündən, ay Şəkər xanım
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Gеtmə göz önündən, ay Şəkər xanım,
Könül mayıl olub o qələm qaşa.
Gəl, əyləş məclisdə, sən mənim canım!
Mən saz çalım, sən də еylə tamaşa.

Mən aşığam, yasaq yoxdu dilimə,
Şükr еylərəm haqdan gələn zülümə.
Sənin kimi gözəl kеçməz əlimə,
Yüz il gəzsəm bu dünyanı baş-başa.

Gözəllər sultanı, mələklər xanı,
Qaytarmazlar pirə gələn qurbanı.
Öldür Ələsgəri, qurtarsın canı,
Vay xəbərin göndər qohum-qardaşa.