Getdi (Aşıq Əli Şairov)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Getdi
Müəllif: Aşıq Əli Şairov

Həsrət qaldım baharına, yayına,
Dolandı fəsillər, il gəldi getdi.
Yazıq canım düşdü bulunmaz dərdə,
Yükləndi kəcavə, el gəldi getdi.

Pərvanə şamlarda oda qalandı,
Leyli Qeys deyib dağı dolandı.
Sallanma naz ilə öldüm, amandı!
Çəkilib sinəmə mil gəldi getdi.

Geyinib əndama zərli koftanı,
Sənsən bu yerlərin sultanı, xanı.
Əlinin söhbəti, dini, imanı,
Tökülmüş gərdana tel, gəldi getdi.

Mənbə[redaktə]