Hər gün bir az (29 avqust 1904)

Vikimənbə saytından
Hər gün bir az (29 avqust 1904)
Müəllif: Məhəmməd ağa Şahtaxtlı
Mənbə: Buludxan Xəlilov (2013). Azərbaycan dili antologiyası (az). Bakı: "Bakı Çap Evi", 111-114. ISBN 978-9952-027803.


Bu dəfə dilimizdən danışacağız. Rusiyada yaşayan müsəlmanların çoxusu türk və tatar qövminə mütəəlliqdir. Türk dili ki, bu qövmlər danışırlar, ümdə iki qismə bölünür.

Biri şərqi, biri qərbi. Şərqi türkcəsi Çığatay dilidir ki, onun ilə Qazan türkcəsinin arasında fərq pək azdır. Hər ikisi bir dildir, bir ləhcədir. Ancaq aralarında bəzi kəlmələrin tələffüzü cüzi fərqi var. İsim və feillərin elalı isə ümumi olaraq hər iki ləhcədə birdir. Arada olan təfavüt o qədər cüzidir ki, ləhcənin birini danışan adam ömründə birinci dəfə olaraq ismi və feili o biri ləhcənin tələffüzü ilə eşidəndə o dəqiqə anlayır və heç bir çətinlik çəkmir.

Qərbi türkcə Osmanlı ilə Azərbaycan türkcəsidir. Osmanlı türkcəsilə Azərbaycan türkcəsinin arasında demək olar ki, heç fərq yoxdur. Vaqiən bir Tiflis türkü “getmək” feilinin zamani-halda və müfrədi-qayıb siğəsində “gedir” deyir. Halanki İstanbul türkü “gediyor” deyir. Cəmi-qayib siğəsində həmin feildən və yenə zamani-halda tiflisli “gedirik” deyir ki, bunun əvəzində istanbullu “gediriz” və təbrizli “gedirux” deyirlər.

İndi biz “gedir” və “gedirik”i Azərbaycan dili hesab edib, bunlardan fərqli olan tələffüzləri Azərbaycan dilinin xaricində hesab etsək, istanbullunun “gediyor” və “gediyoruz”u ilə bərabər marağalının “gediri” və təbrizlinin “gedirux”unu dəxi Azərbaycan dilinin xaricində hesab etməli olacağız ki, burası namümkündür. Çün Təbriz ki, Azərbaycanın paytaxtı və Marağa ki, paytaxta çox yaxındır, biz nə dəlil ilə bunları Azərbaycanda çıxarıb, Tiflisi Azərbaycana daxil edək? Halbuki rəsmi dildə nə İran vaxtlarında və nə rus zamanında heç vaxt Tiflis Azərbaycana cüz hesab olunmamışdır.

Vəsi ölkələr içində nəşr olunan dildə bəzi kəlmələrin və bəzi hərflərin məxrəcində və isimlərin bəzi siğələrincə labüdən fərq olur ki, ona ruslar “qovor”, fransızlar “dialekt” və almanlar “mundart” deyirlər. Bu təfavütlər dilin birliyini nəqz etməzlər. Dilinin bir olub-olmamasına açıq dəlili var. İki yer var ki, şəkk varid olur. Görək bunların dili birdir, ya yox. Məsələn: Trabzon ilə Tiflis. Tiflisdə trabzonlu türk hər vaxt bulunur; tiflisli ilə trabzonlunu bir- biri ilə danışdırın. Əgər biri-birinin danışdığını tamamilə anladılar, biliniz ki, dilləri birdir.

Bəli, bizim Azərbaycan türkcəmiz ilə Osmanlı türkcəsi bir dildir. Necə ki, məsələn, Pskov quberniyasının ruscası ilə Peterburq quberniyasınınkı birdir. Necə ki Vyana almancası ilə Riqa almancası birdir. Onlarda da şivə və tələffüz fərqi var ki, bu fərqi kimsə dilin vəhdətinə mane hesab etməz.

Bizim Azərbaycan dilimizin eyni olan Osmanlı dili ədəbiyyatının sərvəti sayəsində Qazan və Çığatay türkcəsi ilə qonuşan həmlisanlarımız arasında da ədəbi dili, kitab dili, maarif və diyanət dili olmuşdur. O tərəflərdə üləma silki-cəlilindən və ya sadə maarifməndandan olsun, kamallı və tərbiyəli müsəlman mütləq osmanlıca oxur, yazar. Əsasına baxılarsa, Qazan və İstanbul türkcələri də bir dildir, iki deyildir ki, bu xüsusda Avropa şərqşünaslarının hamısı mötəqiddirlər.

Bizə rus müsəlmanları ilə ümumi bir dil lazımmıdır? Bu dil hanki dil olmalıdır? Həmd olsun bu sualları verməyə lüzumun vaxtı keçmişdir. Çün ümumi dilimiz var ki, hamı istemal edir.

Peterburqda nəşr olunan “Mirat”ın ki, ənqərib başqa şəşəə ilə mətbuat aləmini bənzəyəcəyini Allahın inayətindən gözlətiyoruz.

Bağçasarayda nəşr olunub, istiqamət və mətanətini ömrünün üçüncü dəhəsinə (on illiyinə) girməklə felən sabit edən arxadaşımız “Tərcüman”ın və millətin mühəqqər və növzuhar xadimi olan “Şərqi-rus”un dili bir dildir ki, ən ortalarına, içlərinə qədər hamı türk və tatarlar oxuyub və söyləyirlər.

Bu dil Osmanlı dilidir ki, azərbaycancanın eynidir. Bu dil azərbaycancadır ki, osmanlıcanın eynidir. Azərbaycan osmanlısıdır və ya osmani-azərbaycanlısıdır. Bir sözlə, türkcədir. Bu türkcəni bir az intizamla işlətsək, az vaxtda gözəl ümumi bir dil olur ki, rusca, ingiliscə, ərəbcə kimi insanların fikir alveri üçün mükəmməl bir alət olur. Ən vacib şey feillərin və isimlərin siğələrini səhih bir qayda ilə həmişə bilatəğyir bir şəkil və surətdə istemal etməkdir.

Dili bir eyləyən bu siğələrin ittihadıdır. Qaidəyi-nəhviyyə isə onun bizə, yəni dili işlətmək üçün qayda vəz edənlərə ehtiyacı yoxdur. Çün Qazandan İstanbula qədər qələmlə ya dil ilə türklər onsuz da cümlələri bir qaidəyi-müntəzimə ilə yazıb, söyləyirlər. Bu siğələri mütləq Osmanlı məktəblərində dərs verilən şəkildə yazmalıyız. Ancaq bir istisna lazımdır və vacibdir. Yazılan dildə gərək danışılsın da. Xüsusi münhəsirən ədəbi dilimizdə teatr inşaatı yazmalıyız ki, yazdıqlarımız müsəlman olan hamı rus şəhərlərində oynaya bilsinlər ki, ancaq bu surətdə öz əməyi ilə yaşaya bilən teatr müsənniflərimiz və ədəbiyyatımızın və ömürlərini teatr sənətinə sərf edəcək artistlərimizin vücuda gəlib icrayi-sənət etmələri üçün lazımdır.

Osmanlı kitablarında hal siğələrində (r)-dan əvvəl (yo)-dan ibarət bir heca artırırlar. Yəni (mirəvəd) mənasında bizim kimi sadə (gedir) deyəcəklərinə (gediyor) deyirlər ki, burası iki tərəfdən tələffüzü ağır və çox nəhəmvar edir.

Əvvəldən, (yo) hecasını məna üçün heç lüzumu olmadığı halda, feil siğələrində ki, çox tələffüz olunan şeylərdirlər demək ağır yük olur. İkinci, bu (yo)-dakı hərəkə rusca (qlasnaya), fransızca (vovil) təsğildir və bu (yo)-da siğə əlamətidir. Türk dilində qaidəyi-küliyyə var. Siğə əlamətlərində olan hərəkə və qlasnılar əsl kəlmələrdə olan hərəkə və qlasnıya tabe olurlar. Xəfiflər isə xəfif, səğillər isə səğil olurlar.

Məsələn: “Getmək”in əsil hərəkəsi ki, kəsrəyi-müftiuhədən ibarətdir xəfifdir. Ona görə ki, siğə üçün buna əlavə olunacaq hərəkə də xəfif olmalıdır.

Halaki (yo)-dakı hərəkəsi məqablin (müqabilən) hərəkəsinə tabe olmayıb, səğilliyində qalır ki, bu ümum türklərin tələffüzünə müğayirdir. Amma həmd olsun bu (yo) istisnası ancaq İstanbul şəhərində müsətəməldir. Ondan başqa yerlərdə (yo) işlətməzlər. Lihaza (bununla belə) hal siğələrindən bu (yo)-nu atıb, “gediyor” yerinə sadə “gedir”, “qaçıyor” yerinə sadə “qaçır” yazıb və söyləməliyiz.

“Şərqi-rus”, 29 avqust 1904, № 148