Hər kimə həmrah Fəzlullah ola

Vikimənbə saytından
Hər kimə həmrah Fəzlullah ola
Müəllif: Həbibi
Mənbə: Həbibi (2006). Şeirlər (az). "Şərq-Qərb". Orijinal mənbədən 2017-04-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-04-27.

Hər kimə həmrah Fəzlullah ola,
Ana fəzli-feyz ol Allah ola.

Hər nə kim edər kişi, ey yol əri,
Ol gərək kim, həsbətən lillah ola.

Eşqi-məşuqə qul olan sidq ilə
Dünyəvü üqba içində şah ola.

Aşiqin işi gərək şamü səhər
Virdi həsrət göz yaşilə ah ola.

Bu üfüqdən hər sitarə kim doğar,
Mehri-aləm can gögündə mah ola.

Nur ilə röşən ola bu kainat
Ol səadət nəcmi Şəmsullah ola.

Vəchi-adəmdir sirati-müstəqim,
Ana doğru getməyən birah ola.

Etməyən səcdə mələkvəş adəmə
Divi-məlun, asiyi-gümrah ola.

Öldürür sultan iki aləmdə bəs,
Çün Həbibi hər ki, Abdullah ola.