Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana
Görünüş
| Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana Müəllif: Məhəmməd Füzuli |
Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana,
Qanda olsam bir bəla həqdən müqəddərdir mana.
Ol xəmi-əbruyə qılsam səcdə hər saət, nola,
Qiblə ilə ol xəmi-əbru bərabərdir mana.
Qəm degil, cismimdə gər səngi-məlamət zəxmi var,
Şəhneyi-bazari-sevdayəm, bu zivərdir mana.
Gözdə xunaludə peykanın xəyalilə xoşam,
Hər biri, guya ki, bir bərgi-güli-tərdir mana.
Zəxmlərdən min ağız açdı ədayi-şükrə kim,
Hər oxun bir ne’məti-qeyri-mükərrərdir mana.
Əql irşadilə bulmaq kam mümkündür, vəli
Dami-rah ola həlqeyi-zülfi-müənbərdir mana.
Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn
Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana.
Ey Füzuli, mənzili-məqsudə yetsəm, nə əcəb,
Xidməti-piri-müğan irşadı rəhbərdir mana.