Həsən qaranın nağılı

Vikimənbə saytından
Həsən qaranın nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı

Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvə nin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan. Günlərin bir günündə, sizə kimdən xəbər verim, şah oğlu Şah Abbasdan. Bir gün Şah Abbas oturub vəzir Allahverdi xanla şam eləyirdi. Birdən xörək boğazında qaldı. Üzün tutub vəzir Allahverdi xana dedi: – Ey vəzir Allahverdi xan, nəysə mənim şəhərimdə bir iş var, ya ac qalan, ya da bir çətin işə düşən var, xörək boğazımdan getmir. Dur ayağa, dərvişlibas olaq, bir şəhəri dolanaq. Hər ikisi durub padşahlıq, vəzirlik paltarını çıxardıb bir dəst dərviş libası geyindilər. Kəşküllərini qızılla doldurub düşdülər şəhərə gəzməyə. İsfahan – nisfi-cahan (Dünyanın yarısı) deyirlər, çox böyük şəhərdi. Şah Abbasla vəzir Allahverdi xan gəzə-gəzə gəlib çıxdılar bir küçəyə. Burda bir imarət var idi. Şah Abbasın öz imarətindən yaxşı idi. Şah Abbas imarətə yaxınlaşanda, üzünü vəzir Allahverdi xana tutub dedi: – Ey vəzir Allahverdi xan, bilirsən nə var?

Vəzir Allahverdi xan cavab verdi: – Xeyr, qurbanın olum, bilmirəm. Şah Abbas dedi: – Vəzir, bu imarət işsiz deyil, gəl bir bura baxaq! Vəzir Allahverdi xan cavab verdi: – Qibleyi-aləm, fərmayiş sənindi, necə buyurursan, heylə də eləyək. Şah Abbasla vəzir Allahverdi xan imarətə tərəf yaxınlaşıb gördülər ki, bu imarətdə çilçıraqlar yanıb, aləmi işıqlandırır. Bir oğlanla bir qız oturub, yastıqlara təkiyə verib, söhbət edirlər. Şah Abbas yavaşca vəzir Allahverdi xanın qulağına dedi: – Vəzir Allahverdi xan, yaxşı gəlmişik, hər nə əngəl var, burda var. Gərək gözləyək. Çəkilib pəncərənin qabağında bir küncdə durdular. Bir də gördülər, vallah bu oğlan, bu qız o qədər gözəldi ki, deyirsən allah-taala xoş günündə, xoş saatında bunları xəlq eləyib. Oğlan olar iyirmi beş yaşında, qız da olar iyirmi yaşında, özləri də bir-birinə elə oxşayırlar ki, deyərsən bir almadılar, ortadan tən bölünüblər. Qız oğlanı bir qədər öpəndən sonra dedi: – Mənim canım, başını qoy dizimin üstə yat, mən də gül camalına baxım! Oğlan başın qoydu qızın dizinin üstə, qız da başladı onun başını tumarlamağa. O qədər tumarladı ki, oğlan yuxuya getdi. Qız baxıb gördü, oğlan yatıb. O saat oğlanın başın dizinin üstündən üsullu götürüb qoydu yerə. Ayağa qalxıb, göydən xəncəri aldı, qəfildən oğlanın başını kəsib, bədənindən ayırdı. Bu işi qız elə cəld gördü ki, oğlan hərəkət eləyə bilmədi. Oğlanın gözündən bir damcı yaş çıxıb yanağında durdu. Vəzir Allahverdi xan bunu görən kimi əl atıb əbasının altından qılıncı çəkdi, istədi içəri girsin, qızı öldürsün. Şah Abbas onu dayandırıb, yavaşca qulağına dedi: Tələsmə, gizlən, bu işi elətdirəni tapmalıyıq. Vəzir Allahverdi xan başı ilə razılıq verdi, çəkilib bir yanda gizləndilər. Gördülər qız oğlanın başını bir qızıl xonçaya qoyub üstünə də sərpuş çəkdi. Əl-üzünün qanını yuyub təmizlədi. Yeddi qələm ilə özünə zinət verib, tovuzquşu kimi bəzəndi. Oğlanın bədəninin üstünə bir palaz çəkib, xonçanı da alıb əlinə evdən çıxdı. Düşüb küçə ilə başladı bir tərəfə getməyə. Şah Abbasla vəzir Allahverdi xan da düşdülər bunun dalına, başladılar qarabaqara getməyə. O qədər getdilər ki, gördülər qız şəhərdən çıxdı kənara. Gethaget, getdi çıxdı qəbiristanlığa. Bir tərəfdən altı qəbir sanadı, yeddinci qəbirin üst daşın qalxızdı, girdi içəri. O saat həmin daşı qalxızdılar, bir yırtıq altından bir pilləkən açıldı. Şah Abbasla vəzir Allahverdi xan pilləkəndən düşdülər aşağı, gördülər ki, paho, bura böyük bir zirzəmi imiş... O yan-bu yana gəzirdilər. Bir tərəfdən çalğı səsi eşidib başladılar ora tərəf getməyə, yetirib gördülər, elə qız da təzəcə bir qapını açıb girdi içəri. Bunlar da haman qapını açıb qızın dalınca girdilər içəri, bir tərəfdə gizləndilər. Gördülər bir az aralı bir işıq gəlir, həmin çalğı da ordadı. Qız gedib həmən işıq gələn qapını açıb girdi içəri. Şah Abbasla vəzir Allahverdi xan da o saat yetirib qapının arasından başladılar baxmağa, Gördülər, paho, burada qırx hərami oturub kef eləyir. Həramibaşı da yuxarı başda bir taxt üstə əyləşib, qıçını-qıçının üstündən aşırıb, bığını eşib aparıb qulağının dibinə. Qız elə ki həramibaşına yaxınlaşdı, əl-əl üstə qoyub dayandı. Həramibaşı, başın qalxızıb qızı görəndə dedi: – Çəpəl, niyə bu gecə gec gəldin? Eyş-işrəti mənə haram elədin? Qız yalvara-yalvara dedi: – Mənim məşuqim, məni bağışla! Əmim oğlu yatmırdı. Onu birtəhər yatırdıb gəldim. Həramibaşı cavab verdi: – Di yaxşı, gəl otur. Bu gecə səni bağışlayıram. Amma bir də belə iş görmə! Qız dedi: – Mənim məşuqim, agah ol, bu gecə fikirləşib axırda əmim oğlunu öldürdüm, başını da sənə gətirmişəm. İndi tay mən həmişə sənin yanında qalacağam, bir də geri qayıtmayacağam. Həramibaşı bunu eşitcək diksinib oğlanın başını istədi. Qız xonçanı qoydu həramibaşının qabağına. Həramibaşı sərpuşu qalxızıb, başı çıxartdı. Oğlanın gül kimi solmuş üzünə baxanda, başladı ağlamağa. Üzün tutub qıza dedi: – Çəpəl, haramzada, belə oğlanı necə qıyıb öldürdün? Necə bu gözəllikdə oğlana xəyanət elədin? Heç sənin insafın yoxdumu? Qız başın aşağı salıb, başladı yalvarmağa. Həramibaşı sərpuşu qalxızıb, başladı ağlamağa. Üzün tutub qıza dedi: – Bu çəpəli öldürün, oğlanın qanın alın. Mən bu qızı tay görmək istəmirəm. Belə gözəl oğlanı öldürən qız mənə nə vəfa göstərəcək? O saat həramilərdən bir neçəsi yerindən qalxıb qızın saçlarından yapışıb çəkdilər çölə. Qızı parça-parça doğrayıb tökdülər zirzəminin bir bucağına, sonra qayıtdılar geri. Şah Abbasla vəzir Allahverdi xan da bir dalda yerdə durub tamaşa eləyirdilər. Genə gəlib qapının dalına, gördülər həramibaşı gözünün yaşın silib dedi: – Uşaqlar, üç gün, üç gecə Eyş-işrəti yığışdırıb, bu oğlana matəm tutmalıyıq. İndi bir neçəniz gedin, o oğlanın meyitini gətirin bura, dəfn eləyin. Həramilərdən bir neçəsi qalxıb düşdülər yola, zirzəmidən çıxıb gəldilər şəhərə tərəf. Şah Abbasla vəzir Allahverdi xan da bir az fikirləşəndən sonra qərar qoydular ki, çıxıb getsinlər. Onlar da zirzəmidən çıxıb üz qoydular öz mənzillərinə. Elə ki mənzillərinə çatdılar, sabaha kimi Şah Abbas yata bilmədi. Elə ki sabah oldu, şah fərraşları çağırıb yığdı bir yerə. Üç yüz fərraş verib vəzir Allahverdi xana, göndərdi ki, gərək o həramilərin qırxın da tutub mənim hüzuruma gətirəsən, amma məbada birini öldürəsən. Vəzir Allahverdi xan üç yüz fərraşı da götürüb gəldi qəbiristanlığa. Həmən daşı qalxızıb hamısı zirzəmiyə girdilər. Vəzir Allahverdi xan qabağa düşüb gəldi həmən qapını açıb girdi içəri. Gördü həramilər hamısı qara geyinib yas saxlayırlar. Həramilər vəzir Allahverdi xanı görəndə istədilər qılınca əl atsınlar, həramibaşı onları dayandırıb dedi: – Qoyun əvvəl görək kimdi, nə işə gəlib, ondan sonra asandı. Üzün Allahverdi xana tutub dedi: İndi söylə, görək kimsən, nəçisən? Bizim mənzilimizdə nə axtarırsan? Vəzir Allahverdi xan dedi: – Ay həramibaşı, bil və agah ol! Mən Şah Abbasın vəziri Allahverdi xanam. Çoxlu süvariylə gəlmişəm ki, sizi aparam şah Abbasın hüzuruna, heç ayrı fikrə düşüb özünüzü qırdırmayın. Bu qədər dilavərə qırx adam nə qədər qoçaq da olsa, heç nə eləyə bilməz. Əgər siz qılınc çəkməyib təslim olsanız, mən sizə söz verirəm ki, Şah Abbasdan təvəqqe elərəm, sizin cəzanızı yüngülləşdirər. Həramilər fikirləşib gördülər, doğrudu. O saat təslim olub düşdülər vəzir Allahverdi xanın qabağına, gəldilər Şah Abbasın hüzuruna. Şah Abbas üzün həramibaşıya tutub dedi: – Ey həramibaşı, indi düzün deyinən görüm, dünən axşam sənin məkanında nə iş olub? Əgər düzün dedin, canın qurtardı, yox, demədin, and olsun babamın cıqqasına, sizin hamınızın boynunu vurduracağam. Həramibaşı cavab verdi: – Qibleyi-aləm sağ olsun, iyit bir qaşıq qanından qorxmaz, heç vaxt yalan danışmaz. Bir qız mənə aşiq olmuşdu. Əvvəlcə mən onu qəbul eləmək istəmirdim. O əl götürmədi, yalvardı dedi: “Mən əmim oğluna ərə getmişəm, amma o məni incidir, məni boşamaq istəyir. Allah xatirinə məni al, sənə aşiqəm”. Mən də elə bildim düz deyir, razı oldum. Qız da hər gecə gəlirdi mənim yanıma, söhbət eləyirdik. Ötən axşam da gəlmişdi, mən ona acıqlandım ki, niyə gec gəlibsən? O cavab verdi ki, əmim oğlu yatmırdı, onu yatırtdım, özün də öldürdüm. Tay bir yolluq sənin yanına gəlmişəm. Mən o saat başı istədim, baxdım, nə gördüm?.. Bir oğlandı, deyirsən Rüstəmdi, qəbirdən çıxıb, gül kimi. Mən çox yandım, qəzəbləndim. O saat əmr elədim, qızı parça-parça doğradılar, özümüz də o oğlanın nəşin gətirib hörmətlə dəfn-kəfən elədik. Başladıq qara geyib yas saxlamağa ki, vəzir Allahverdi xan gəldi, bizi hüzura istədi. Biz də gəldik. İndi sahibi-ixtiyarsınız. Nə cəzamız olsa hazırıq. Şah Abbas başın qaldırıb dedi: – Mən özüm bu işləri gözümlə görmüşdüm, amma bilmək istəyirdim, görüm düz danışacaqsan, yoxsa yox. Yəqin elədim ki, sən düz danışan mərd adamsan, ona görə də sizin hamınızı bağışlayıram. Həramilər hamısı baş endirib razılıq elədilər. Şah Abbas əmr elədi, həramilərin hərəsini bir işə təyin etdilər. Həramibaşını da öz yanında saxladı. Şah Abbas üzün vəzir Allahverdi xana tutub dedi: – Vəzir Allahverdi xan! Vəzir Allahverdi xan baş endirib dedi: – Nə fərmayişiniz var, qibleyi-aləmindi, buyurun yerinə yetirim. Şah Abbas dedi: – Vəzir Allahverdi xan, mənim qələmim işləyən yerdə nə qədər zənən tayfası var, gərək qırx günə kimi siyahısını tutub sahibindən iltizam alasan. And olsun Allaha, əgər bir zənən tayfası qalsa, nəslini yer üzündən kəsdirəcəyəm. Vəzir Allahverdi xan bu sözü eşidən kimi baş endirib, Şah Abbasdan soruşdu: – Qibleyi-aləm sağ olsun, bu siyahını neyləyəcəyik? Şah Abbas cavab verdi: – Vəzir Allahverdi xan, qızın gördüyü iş mənə o qədər ağır gəlib ki, tamam zənən tayfasın qırdıracağam. Gərək mənim torpağımda arvad xeylağı qalmasın. Öz arvadlarımızın, qızlarımızın da siyahısını tutmalısan. Bu sözləri eşidəndə hamı donub yerində mat qaldı. Heç kəs bilmədi ki, nə desin. Genə vəzir Allahverdi xan ayağa qalxıb, yeddi yerdə səcdə qılandan sonra ərz elədi: – Qibleyi-aləm sağ olsun, əgər izn versən, bir neçə kəlmə ərzim var. Şah Abbas izn verdi. Vəzir Allahverdi xan dedi: – Qibleyi-aləm sağ olsun, bir arvad bu qələti eləyib cəzasına da çatıb, tay başqalarının günahı nədi ki, bu qədər nahaq qana bataq? Əgər mənim məsləhətimi eşitsən, bu əmrdən vaz keçərsən. Hamı məclisdəkilər vəzir Allahverdi xana əhsən oxuyub, Şah Abbasdan xahiş elədilər ki, arvadların qanından keçsin. Vəzir, vəkil nə qədər çox dedi, Şah Abbas az eşitdi. Hamı bikef evinə qayıtdı. Elə ki bu küy İsfahana yayıldı, hər kimin qızından, arvadından, bacısından, nəyi var idi başladı dağlara, meşələrə qaçırtmağa, ya da bir yerdə gizlətməyə. Camaat tamam əliyandıya düşmüşdü. Bilmirdi nə eləsin. Hamı qaraya boyanmışdı. İndi sizə kimdən xəbər verim, Həsən Qaranın oğlu Hüseyn Kürddən. Hüseyn Kürd on beş yaşına təzəcə çatmışdı. Amma çox “zərif, kəmxörək” bir adam idi. Hər yeyəndə bir batman düyünün xörəyini, başında da bir quzu, on-on lavaş ilə içəri ötürüb, üstündən də bir sərnic ayran içib ayağa dururdu. Başına da yeddi qoyunun dərisindən bir papaq qoyurdu. Əlində də bir ağac var idi, başına at nalından, gavahın parçasından, aftafa qırığından o qədər vurmuşdu ki, ağırlığı yeddi batman gəlirdi, camışa bircə dəfə vursaydı, yerində qalardı. Hamı deyərdi, bəli, Hüseyn Kürd düz deyir, qatıq qaradı. Hüseyn Kürd qonşularının qızına nişanlıydı. Özü də qoyun otarırdı, çoban idi. Hər gün qoyunu sağına gətirəndə bir bəhanəylə gəlib, buradan da qonşuya gedib, qız ilə görüşürdü. Bir gün də Hüseyn Kürd genə getmişdi nişanlısının yanına söhbətə, gördü qız çox bikefdi. Qızı bağrına basıb, o üzünnən, bu üzünnən öpüb dedi: – Sevgilim, düzün de görüm, niyə bikefsən? Qız əvvəlcə istədi əhvalatı Hüseyn Kürdə bildirməsin, amma olmadı, dedi: – Hüseyn Kürd, heç darıxma, ürəyini də sıxma, Allah kərimdi. Ancaq ki, qırx gündən sonra mən öləcəyəm, neynək, sən sağ ol. Hüseyn Kürd bu əhvalatı eşidən kimi dik qalxıb, acığından çomağını yerə elə vurdu ki, yer titrədi. Az qaldı ev uça, dedi: – Bu saat de görüm, Hüseyn Kürdün sevgilisin kim öldürəcək? Onu mənə de, bu saat gedim, ona elə bir çomaq vurum ki, beyni qatıq kimi dağılsın. Qız Hüseyn Kürdü belə görəndə qorxdu ki, əhvalatı deyə, Hüseyn Kürd də gedə Şah Abbasın yanına. Çoban adamdı, bir nalayiq söz danışa, Şah Abbas da onu öldürtdürə. Ona görə yumşaqlıqla qalxıb Hüseyn Kürdün boynun qucaqladı, sonra dilə tutub onu oturtdu. Şah Abbasın əmrini necə ki, eşidibsiniz, başdan-başa Hüseyn Kürdə nağıl elədi. Hüseyn Kürd bunu eşidən kimi ayağa qalxıb dedi: – And olsun Allaha, o Şah Abbasdı, nədi, bu əmrin pozmasa, ona bir ağac vuracağam, özü taxtına qarışsın, taxtı da özünə. Qız Hüseyn Kürdə yalvarıb dedi: – Sən getmə, çoban adamsan. Qoy əvvəlcə atan getsin, əgər bir fayda verməsə, onda özün gedərsən. İndi get atanı göndər Şah Abbasın qulluğuna. Hüseyn Kürd qızı bağrına basıb yanaqlarından bir cüt öpüş alandan sonra dedi: – Qorxma, Şah Abbas deyil, atası da dirilib qəbirdən çıxsa, sənə heç nə eləyə bilməz. Mən ölməmişəm ki, mənim yarımı aparıb öldürələr. Evdən də heç yana tərpənmə, gizlənmək-zad lazım deyil. Mən bu saat atamı göndərəcəyəm Şah Abbasdan təvəqqe eləsin ki, arvadları qırmasın. Qəbul elədi, elədi, eləmədi, onda mən billəm ona neyləyəcəyəm. Vay, onun halına... Hüseyn Kürd qızdan ayrılıb gəldi atasının qulluğuna. Atası gördü Hüseyn Kürd çox qaşqabaqlıdı, bildi ki, əhvalatı bilib. Həsən Qara arvadına tapşırdı ki, Şah Abbasın əmrin məbada Hüseyn Kürd eşitsin. Amma Hüseyn Kürdün üz-gözündən bildi ki, hər şeyi bilib. Üzünü oğluna tutub dedi: – Oğul, de görüm, niyə belə qaşqabaqlısan? Hüseyn Kürd cavab verdi: – Ata, belə bir xəbər eşitmişəm. And olsun Allaha, əgər o Şah Abbasdı, nədi, arvadları qırdırmaq istəsə, gedib ona bir toy tutacağam, anasının toyu yadına düşsün! Həsən Qara dedi: – Oğul, sən get işinə! Mən bu gün gedərəm şah Abbasın qulluğuna, təvəqqe elərəm, arvadları qırmasın. Əgər təvəqqemi qəbul eləməsə, ondan sonra mən də sənə köməkçi, nə bilirsən elərsən. Hüseyn Kürd şad olub atasının əlindən öpdü. Atası da oğlunun alnından öpdü. Həsən Qara geyinib, Şah Abbasın yanına getdi. Hüseyn Kürd də çomağın atıb çiyninə üz qoydu qoyuna tərəf, yola düşdü. Sizə kimdən xəbər verim Şah Abbasdan. Şah Abbas, vəzir, vəkili də yanında oturub, vəzir Allahverdi xanla söhbət eləyirdi. Birdən qapı çı içəri girib lazımi təzimi yerinə yetirəndən sonra ərz elədi: – Qibleyi-aləm sağ olsun, Həsən Qara sizin hüzura gəlmək istəyir. Qapıçı əl-əl üstə qoydu, xidmət məqamında durub cavaba müntəzir oldu. Şah Abbas Allahverdi vəzirə dedi: – Vəzir Allahverdi xan, atam vəfat eləyəndən bəri Həsən Qara bura gəlməyib, görünür vacib işi var. Həsən Qara hər şeydən ötəri gəlməz. O, atamın qoca vəziri idi, gərək lazımi hörməti yerinə yetirək. Qapıçıya dedi: – İzndi, xəbər ver, buyursun içəri. Qapıçı çıxıb, Həsən Qaranı içəri daxil elədi. Həsən Qara qapıdan daxil olan kimi, Şah Abbas, vəzir, vəkil, hamı əmir-üməra ayağa qalxıb, Həsən Qaraya ehtiram elədilər. Həsən Qara salam verib, Şah Abbasa lazımi ehtiramı yerinə yetirəndən sonra əl bağlayıb dayandı. Şah Abbas hörmət üçün Həsən Qaranın əlindən tutub öz yanında əyləşdirdi. Sonra hal-əhval soruşub dedi: – Ey Həsən Qara, sən atamın yadigarısan, sənin hörmətin hamımıza vacibdi. Hər nə xahişin olsa, göz üstə, yerinə yetirərəm. Sən bizə xoş gəlibsən, səfa gətiribsən! İndi buyur, görək, nə qulluğun var? Nə üçün bu vaxta qədər bizi yaddan çıxardıbsan? Həsən Qara dedi: – Qibleyi-aləm sağ olsun, özün bilirsən ki, çox qocalmışam, hər yerə gedə bilmirəm. Çoxdan ürəyim istəyirdi, bir səni görəm, heç olmasa rəhmətlik atanın yadigarısan. Amma neyləyim, çox qocalmışam, xəcalətliyəm, bağışla. İndi də eşitmişəm əmr edibsən ki, gərək sənin torpağında nə qədər arvad var hamısının boynu vurulsun. Ona görə də birtəhər hüzura gəldim. Qibleyi-aləmin əgər meyli olsa, bu barədə bir neçə kəlmə söz soruşmaq istəyirəm. Şah dedi: – Hər nə ki, arzundu, buyura bilərsən. Mən sənə doğru cavab verərəm. Həsən Qara dedi: – Qibleyi-aləm sağ olsun, doğrudanmı sən bütün zənən tayfasın qırdırmaq istəyirsən? Şah Abbas cavab verdi: – Bəli, doğrudu. Gərək mənim qələmim işləyən yerdə zənən tayfası qalmasın. Həsən Qara bunu eşidəndə başını aşağı salıb fikrə getdi. Bir azdan sonra başın qaldırıb dedi: Qibleyi-aləm sağ olsun, əgər gizlin bir şey yoxsa, mənə demək olarsa, bu işin səbəbini söylə. Şah Abbas gülüb dedi: – Ey Həsən Qara, bizim səndən gizlin heç bir sirrimiz ola bilməz. Sən atamın qoca vəzirisən, səndən nə gizləmək olar. Həm də burda heylə gizlənəsi şey yoxdu. Sonra Şah Abbas boğazında xörək qalmaqdan başlayıb, dərvişlibas olub vəzir Allahverdi xanla şəhəri gəzməyə çıxmasından tutmuş, qızla əmioğlusunun, həramilərin əhvalatın mən sizə nağıl eləyən kimi, bütünlüyüynən, hamısın Həsən Qaraya nağıl elədi. Həsən Qara bu əhvalatı eşidəndən sonra başın aşağı salıb dərin fikrə getdi Sonra başını qaldırıb gülə-gülə Şah Abbasa dedi: – Qibleyi-aləm sağ olsun, yadında varmı, filan tarixdə hər gecə rəhmətlik atanın bir vəziri yox olurdu? Şah Abbas cavab verdi: – Bəli, Həsən Qara, yadımdadı. Necə? Həsən Qara genə gülüb dedi: – Qibleyi-aləm sağ olsun, onda mənim başıma bir iş gəlib ki, heç kim indiyə qədər ondan xəbər tutmayıb. Görünür, o işi gizlin saxlamağım qəzadanmış ki, bu gün lazım olsun. Şah Abbas təəccüb eləyib dedi: – Həsən Qara, gərək onu bizə nağıl eləyəsən, görək, o necə işdi? Həsən Qara baş üstə deyib başladı söhbət eləməyə: – Şah sağ olsun, həmən tarixdə hər gecə bir vəzir yox olurdu. Bilinmirdi bu necə işdi. Nə ölüləri tapılırdı, nə də diriləri. Hamı mat qalmışdı. Tainki otuz doqquz vəzir gəldi, hamısı yox oldu, tay heç kim vəzir olmurdu. O vaxt mən rəhmətlik atanın baş vəziriydim. Hamımız qalmışdıq məəttəl, bilmirdik nə qayıraq. Bir gecə soyunub yatmışdım, gecəyarısına yaxın birdən darvaza bərk döyüldü. O saat qapıçı gedib, əhval bilib qayıtdı ki: “ağa, səni bir şəxs darvazada istəyir”. Mən o saat yerimdən qalxıb çiynimə bir şey atdım ki, çıxam qapıya, arvadım qabağımı kəsib dedi: “a kişi, sən vəzirsən, adam da qapıya belə çıxarmı? Libasını gey, sonra çıx”. Mənim ağlım kəsdi, o saat libasımı geydim. Elə mən geyinib qurtarmışdım, gördüm arvadım əlində qılınc, qalxan, gürz, nə ki dava paltarım var, hamısını gətirdi. Dedim, arvad bu nədi? Arvad acıqlanıb dedi: “a kişi, elə bu ağılla vəzirlik eləyirsən? Bəlkə qapıda duran elə düşməndi, bəlkə bir yerə gedəcəksən? Hamı ehtiyatını gör, atını min, sonra darvazadan çıx. Əgər bir şey olmaz genə qayıdarsan, paltarını çıxardarsan, Allah ölümü deyil ha! Bu hamısı bir neçə dəqiqənin işidi”. Mən gördüm arvad çox kamallı söz deyir. Dava paltarımı geydim, qalxanımı qoluma keçirdim, çıxdım, gördüm arvad da atımı hazır eləyib, yəhərli, yüyənli qapıda saxlayıbdı. Mən “ya Allah!” – deyib aşırıldım ata. Qapıçı darvazanı açdı, çıxdım çölə, gördüm qapıda bir oğlan ata suvar olub, başdan-ayağa kimi polada qərq olub. Deyirsən Rüstəmi-Zaldı qəbirdən çıxıb. Məni belə hazır görəndə, oğlan şad olub, ədəblə mənə salam verdi: – Ey Həsən Qara, bu gecə mənə səfərdə yoldaş olarsanmı? Əgər sən mən deyəndən çıxmasan, özün bir bəd hərəkət eləməsən, sənə söz verirəm ki, məndən sənə ziyan toxunmaz. Mən öz könlümdə dedim ki, vəzirlərin başına nə iş gəlibsə, bundan gəlib, gərək bununla gedəm, görəm bu necə işdi. Bir də fikir elədim ki, İsfahanda mənim qabağıma çıxan bir pəhləvan yoxdu. Bu mənə neyləyə bilər? Görsəm ki, pis fikirdədi, o saat boğazın quş boğazı kimi üzərəm. Üzümü o cavana tutub dedim: – Ey cavan, mən hazıram, buyur, hara gedirsən, gedək. Oğlan bu sözü məndən eşidəndə şad olub dedi: – Afərin, Həsən Qara, doğrudan da sən vəzirliyə layiqsən! Sonra atın başın döndərib bir tərəfə çapdı, mən də onun dalınca sürdüm. Bir saatdan artıq yol getdik. Bu oğlan nə qayıdıb dala baxdı, nə də mənə bir kəlmə söz dedi. Mən təəccüb elədim ki, bu oğlan necə adam olsun? Mən Həsən Qara olum, məni dala salıb gedə. Qayıdıb bir arxasına da baxmaya ki, görüm bu necə adamdı? Bəlkə mən daldan bunu öldürdüm? Bəlkə bunu birdən tutub, qollarını bağladım? Niyə bu adam bu işləri heç. fikir etmir? Görünür məni adam saymır. Mən belə-belə fikirləşirdim. Axırda qəzəblənib istədim onu qəfildən vurub öldürəm, sonra lənət sənə şeytan, – deyib, fikrimi dəyişdim: – Yox, bu namərdlik olar, əvvəlcə gərək bunun fikrin biləm, sonra öldürmək hasandı. Bir az da dinməz-söyləməz yol gedib, axırda təngə gəldim. Atı çapıb ona yanaşdım, əl atıb atının cilovundan yapışıb dedim: – Ey oğlan, əvvəl de görüm, fikrin nədi? Məni hara aparırsan? Yoxsa mən tay getməyəcəyəm, özü də sənin də işin yaxşı olmayacaq. Oğlan heç mənə etina etməyib, cilovu çəkib əlimdən aldı, atı sürəsürə gülüb dedi: – Ey Həsən Qara, mənim zənnimi itirmə, hayıf ki, səbrin iyitliyinə görə deyil. Bir də ürəyinə ayrı fikir gəlməsin. Mənim sənnən heç bir düşmənçiliyim yoxdu. Bir Gecəliyə mənə söz vermisən, sözünün üstə də dur, mənə yoldaşlıq elə! Kişi sözündən qaçmaz, əgər belə qorxacaqdınsa, söz verməyəydin, mən də özümə ayrı bir yoldaş tapaydım. Bunun bu sözlərindən əvvəlcə utandım. Sonra fikirləşdim ki, bu kimdi ki, mən Həsən Qara olam, hələ bundan da qorxam. O saat ata hey verib onun üstünə atıldım. Qışqırdım ki, ey dilavər, sən kimsən ki, səndən qorxam, yazıq sənə, dilin başına bəla gətirdi, al gəldim. Qılıncı çəkib, atı ildırım kimi onun üstünə saldım. Oğlan bu halı məndə görən kimi atı qəfildən saxladı. Qılınc göydəykən biləyimdən yapışıb mənə elə şillə çəkdi ki, ağlım başımdan gedib tappıltıynan atdan yerə düşdüm. Bilmirəm nə qədər üstən keçib, bir vaxt ayılıb gördüm ki, atlar otlayır, oğlan da üzümə su töküb məni ayıldır. Mənim ayıldığımı görən kimi şad olub dedi: – Həsən Qara, sənə bihörmətlik elədim. Məni bağışla, səndən başqa hər kim olsa öldürərdim. Amma doğrudan da sən igid imişsən, ona görə də mən səni bağışlayıram. Amma bir də belə iş eləmiyəsən. Mən əvvəldən sənə demişəm, genə də deyirəm. Sənin haqqında yaxşılıqdan başqa bir fikrim yoxdu. Dur atını min, vaxt keçir, gedək. Durub atımı mindim. Bu oğlan da atlanıb genə düşdü yola. Bu qabaqca, mən də bunun dalınca suyu süzülmüş qarı kimi gedirdim. Özözümə fikirləşirdim ki, adə, bu necə işdi mənim başıma gəldi? Bununla heç kəs bacarmaz. Amma bu oğlan aramızda guya heç bir şey olmamış kimi, kefdə idi, heç dalına da baxmırdı. Dinməz-söyləməz atın sürüb gedirdi. Bir az yol gedəndən sonra Allah şeytana lənət eləsin, başladım genə vəsvəsəyə. Tay qılınc çəkməkdən qorxub, qəfildən ortasından qucaqlayıb, iki qolundan bərk-bərk tutdum. Oğlan qayıdıb mənə baxdı, sonra yumşaq səs ilə dedi: – Həsən Qara, fikrin nədi? Cavab verdim: – Fikrim səni tutub qolunu bağlamaq. Sonra geri qaytarmaq. Görüm bu necə sirdi. Sən kimsən ki, bu şücaətdəsən. Mən elə bilirəm ki, bizim vəzirlərin hamısını qıran sənsən. Əgər iş belə olsa, öldürüb cəzanı verəcəyəm. Oğlan dinməzcə sözlərimə qulaq asıb, axırda gülüb dedi: – Həsən Qara, sən elə bu ağıl ilə vəzirlik eləyirsən? Əgər məni heylə asan tutmaq olsaydı, mən sənin qabağına düşməzdim. Qolumu burax, özünə zəhmət vermə. Amma sən doğru bilibsən, sizin vəzirlərin hamısın mən qırmışam. Çünki onlar ölməyə layiq idilər. Mən bu sözləri oğlandan eşidən kimi qəzəblənib, onun qollarını lap bərk tutub dedim: – Məni aldada bilməzsən, indi tay sənə nicat vermərəm. Oğlan bu sözləri eşidən kimi qolun elə dartdı ki, az qaldı biləklərim yerindən qopsun, qollarım boşaldı. Oğlan əlimdən çıxıb atını sıçratdı irəli, əl atıb kəmərimdən yapışdı, məni uşaq kimi atın üstündən götürüb qalxızdı başına. Tay mən ölümümü yəqin eləyib, kəlməyi-şəhadətimi deyirdim. Amma oğlan məni yerə vurmayıb genə qoydu atımın belinə. Üzün mənə tutub dedi: – Həsən Qara, bu dəfə də səni bağışladım. Ancaq bu şərtlə ki, and olsun Allaha, bir də səndən bir pis iş baş versə, tay aman yoxdu. Mən razı olub düşdüm bu oğlanın dalınca, ancaq qorxumdan tay heç bir şey fikirləşmirdim. Bir qədər yol gedəndən sonra gəlib çıxdıq bir meşənin kənarına. Oğlan atın başın çəkib durdu. Elə ki ona çatdım, üzünü tutub mənə dedi: – Ey Həsən Qara, indi dalımca gəl! Sənə vəzirləri görkəzim. Genə düşdü qabağa mən də dalınca. Yoldan buruldu meşənin içinə, başladı bir tərəfə getməyə. Bir qədər getdik, bir açıqlığa çıxdıq. Gördüm nə? Vəzirlərin otuz doqquzunun da burda başı kəsilib. Hamısının da əynində bir dizlik, bir köynəkdən başqa heç nə yoxdu. Mən bunları belə görəndə öz ürəyimdə dedim, vay, evi yıxılan canım, elə bu hərami imiş! Məni də soyub belə öldürəcək. Başladım udqunmağa. Oğlan arif idi, mənim fikrimi o saat anlayıb dedi: – Həsən Qara, ağlına ayrı şey gəlməsin, mənə dünya malı lazım deyil. Mənim bir düşmənim var, ondan intiqam almağa gedirəm. Mənə bir yoldaş lazım idi ki, mən düşmənimi öldürüncə kənarda durub məni gözləsin. Ona görə də mən fikirləşib öz ürəyimdə dedim: – hər halda şahın vəzirləri ağıllı və qoçaq adamlar olar. Gedim onları götürüm. Hər kəsin gecə qapısını döydüm, bax, burda gördüyün kimi, tumanpa ça, bir köynəknən mənim qabağıma çıxdılar. Mən də bildim ki, bunlarda nə tədbir, nə də ağıl var. Qanacaqları, şücaətləri də yoxdu. Tay düşmən dalınca da getmirdim. Bu meşədə gizlənib hər gecə bir vəziri çağırdım. Hamısı mənim qabağıma lüt çıxdılar, mən də gətirib burda öldürdüm. Belə-belə otuz doqquzun öldürdüm. Tainki axırda gəlib səni çağırdım. Amma sən mənim qabağıma arvad kimi çıxmadın. O saat bildim ki, əsl vəzir sənsən. Ona görə də səni öldürmədim. İndi düş atdan, bir az çörəkdən-zaddan yeyək, dincələk, ondan sonra düşək yola. İnşallah, səhər tezdən düşmənim olan yerə çatarıq. Atları çəkib meşənin bir tərəfində saxladıq, özümüz də bir yerdə əyləşdik. Oğlan üzün tutub mənə dedi: – Həsən Qara, sən ocaq yandır. Mən günüzdən ov eləyib gizləmişəm, onu gətirim, kabab eləyib yeyək. Mən başladım ocaq qalamağa, oğlan da üz qoydu meşənin bir tərəfinə getdi. Bir az keçdi, gördüm budu oğlan bir maral gətirir. Meşənin çubuqlarından qırıb, bu maralı kabab eləyib yedik. Oğlan dedi: – Həsən Qara, mən sabah böyük bir düşmənlə dava eləyəcəyəm. Özüm də qırx gündü yuxusuzam. İndi sən bir az gözlə, mən yatım. Qurd-quş atları yeyər, gözdən qoyma. Bir şey olsa, o saat məni oyat. Özü də sabaha iki saat qalmış məni oyadarsan. Oğlan qalxanı qoyub başının altına yatdı. Mən gözlədim, səhərə iki saat qalmış oğlanı durğuzdum. İkimiz də atımızı minib meşədən çıxdıq. Düşdük yolun ağzına. Az getdik, çox getdik, dərə, təpə, düz getdik, gün çıxınca yol gedib çıxdıq bir təpənin başına. Bu oğlan cilovu çəkib durdu, üzün mənə tutub dedi: – Ey Həsən Qara, tay sənin yoldaşlığın bəsdi. Mən səndən çox razıyam. İndi sən düş burda atları gözlə. Bax, qalaça ki, görürsən, mənim düşmənim o qalaçadadı. Mən gedəcəyəm o qalaçaya davaya. Düşmənimi öldürəcəyəm, ya da özüm öləcəyəm. Səninlə şərtim budu: elə ki bir nərə eşitdin, bil ki, düşmənimi tapmışam. İkinci nərəmdə bil ki, tutaşmışıq. Günortaya qədər gözlərsən, gördün üçüncü nərə gəlmədi, bil ki, mən ölmüşəm. Onda mənim atımı da götürüb qaçarsan. Bax, bu atın tərkindəki də tamam ləl-cavahiratdı. Onları da bağışlayıram sənə. Ananın südü kimi halalın olsun, götürüb gedərsən. Bax, dediklərimə əməl edərsən. Məbada mənim dalımca gələsən. O düşmən elə bir məlundu ki, ona gücün çatmaz. Sən çalış başını götür, qaç. Mən oğlanın üzün görməmişdim. İndi gün işığında baxıb gördüm nə, bu elə bir oğlandı ki, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Hələ bığ yeri tərləməyib, on altı, on yeddi yaşında bir oğlandı. Oğlana hayıfım gəlib dedim: – Oğul, mən səni heç vaxt o məlunun yanına tək buraxmaram, ikimiz də gedərik, ölərik bir yerdə ölərik, qalarıqsa, genə bir yerdə qayıdarıq. Oğlan gülüb dedi: – Ey Həsən Qara, Allah səndən razı olsun, bu heç vaxt mümkün deyil. Mən əhd eləmişəm, düşmənimi tək öldürəcəyəm. Bir də mən səninlə bir gecəlik səfər yoldaşlığını şərt qoymuşam. O şərti də pozmaram. Qibleyi-aləm sağ olsun, mən nə qədər çox dedim, oğlan o qədər az eşitdi. Axırda əlacım kəsilib razı oldum. Oğlan üz qoydu qalaçaya tərəf getməyə. Mən də oturub onu gözləməyə başladım. Oğlan gedəndən bir saat yarım keçmişdi. Bir də gördüm elə bir nərə gəldi ki, dağ-daş hamısı titrədi. Bildim ki, oğlan düşmənin tapdı. Bir az keçdi, ikinci nərə ondan qüvvəli gəldi. Bildim ki, oğlan düşməni ilə tutaşdı. Mən təzədən üz torpağa qoyub, başladım zar-zar ağlamağa. O qədər ağladım ki, günortaya yaxınlaşdı. Bir də gördüm bir nərə səsi də gəldi. Bildim ki, oğlan düşmənini öldürdü. Şad olub yerimdən qalxdım. Şükür-səna eləyib baxırdım, gördüm qalaçanın başından qanlı bir baş atdılar. Dalınca da oğlan kəmənd ilə qalaçadan endi. Başı da götürüb gəldi mənim yanıma. Baxdım gördüm bu elə nər div başıdı ki, buynuzları çinar ağacı kimi, qulaqları palaz kimi. Mən heyran qalmışdım. Bilmirdim nə deyim. Axırda özümü toxdadıb, oğlana gözaydınlığı verdim. Hər ikimiz atları mindik. Yavaş-yavaş qayıtdıq geri. Bir qədər yol gəlmişdik, bir dağın ətəyində oğlan atı saxladı. Atdan düşüb üzün mənə tutub dedi: – Ey Həsən Qara, Allah səndən razı olsun. İndi tay biz ayrılmalıyıq. Bax, genə də həmən bu atı və ləl-cavahiratı bağışlayıram sənə. Çıx get, Allah sənə yaxşı yol versin! Mən dedim: – Oğlum, əvvəla, mənə at, pul lazım deyil. İkinci, mən heç vaxt səndən ayrılmaram. Oğlan dedi: – Ey Həsən Qara, bu tay mənim mənzilimdi, mənə at lazım deyil. İkinci, biz bir yerdə ola bilmərik. Mənim özümə görə bir fikrim var. Bu atı, dövləti sənə yadigar verirəm. Qibleyi-aləm, nə qədər elədim, gördüm mümkün olmayacaq. Bildim ki, bu oğlanda bir sirr var, öz ürəyimdə fikirləşdim ki, gərək bu sirri öyrənəm. Atı oğlandan alıb xudahafizləşdim. Düşdüm yola getməyə. Oğlan da başladı dağa tərəf çıxmağa. Mən bir az gedib dayandım. Gözlədim, oğlan gözdən itən kimi, atları bir səfalı yerdə bağladım. Özüm qayıtdım oğlandan ayrıldığım yerə. Elə ki həmən yerə çatdım, başladım oğlan hansı tərəfə getmişsə, mən də o tərəfə getməyə. Çox ehtiyatlı tərpənirdim ki, oğlan məni görməsin. Axırda oğlanı görüb əyilə-əyilə düşdüm dalınca. O getdi, mən getdim, axırda gəlib çıxdıq dağın döşündə bir açıqlığa. Gördüm bura olduqca səfalı bir yerdi. Sular şırhaşır hər tərəfdən axır, bülbüllər cəh-cəh vurur, güllər pəh-pəh verir. Vallah bir yerdi, deyirsən cənnətin bir guşəsidi. Dünyada nə qədər gül, çiçək varsa, hamısından burda var. Çəmənliyin gözəl bir yerində, gördüm, qalaça kimi bir yer var. Oğlan başladı qalaçaya tərəf getməyə. Mən bildim ki, əgər mən də açıqlığa çıxsam, oğlan məni görəcək, onda bütün əməyim zaya gedəcək. Ona görə bir ağacın dalında gizləndim. Gördüm, oğlan elə ki qala çaya çatdı, dayanıb dörd tərəfə nəzər saldı. Gördü heç kəs yoxdu, devin başın əvvəlcə qalaçanın divarından atdı içəri. Belindən kəməndi açıb atdı qalaçanın başına, təkan verib gördü kəmənd möhkəm bənd olub. Əl atıb yapışdı, kəmənddən tuta-tuta dırmaşdı divarın başına. Divarın başına çatandan sonra genə kəmənddən tuta-tuta endi qalaçaya. Qibleyi-aləm sağ olsun, oğlan qalaçaya enən kimi, mən gizləndiyim yerdən çıxdım, yavaş-yavaş özümü yetirdim qalaçaya, kəməndi belimdən açıb, atdım divarın başına, bənd oldu divara. O saat Allah səndən mədəd, deyib qalxdım barının üstünə. Qalaçanın içinə baxıb gördüm heç kəs yoxdu. Amma qalaçanın ortasında bir günbəz var. Bildim ki, oğlan həmən günbəzdədi. Mən də kəmənddən tutub endim qala çaya. Günbəzə yaxınlaşıb, gördüm, içəridən həzin-həzin ağlamaq səsi gəlir. Günbəzin qapısının bir tərəfində gizlənib başladım pusmağa. Gördüm ki, burda bir qəbir var, tamam tutublar daş-qaşa. Belə ki, günbəzin içi par-par parıldayır, elə bil alışıb yanır. Oğlan oturub qəbirin baş tərəfində devin də başını atıb ayaq tərəfinə. Ağlaya-ağlaya deyir: – Əmi oğlu, arxayın ol, sənin qanlını öldürdüm. Tay dünyada mənim heç bir qəmim yoxdu. – Qibleyi-aləm sağ olsun, sənə nə baş ağrısı verim, oğlan o qədər ağladı, ağladı, yoruldu. Ondan sonra durub qılıncı sivirdi, dəstəsini qoydu qəbrin üstünə, kəlmeyi-şəhadətin söyləyəndən sonra dedi: – Əmi oğlu, səndən sonra yaşamaq mənə haramdı. Arxayın ol, bivəfa deyiləm. Mən də sənin dalınca gəlirəm, mən sənin intiqamını almaq üçün yaşayırdım. Çox şükür, bu gün düşmənimi öldürdüm. Tay mənə dirilik lazım deyil. Qibleyi-aləm sağ olsun, istədi oğlan yıxılsın qılıncın üstünə, mən özümü atdım içəri, bir əlimlə oğlanı kənara çəkdim. O biri əlimlə də qılıncı itələdim, düşdü qəbirin o tərəfinə. Oğlan dartındı ki, əlimdən çıxsın, dəbilqəsi başından düşdü. Dəbilqə başından düşək kimi, bulud kimi zülflər tökülüb kürəyinin ortasın doldurdu. Görəm nə? Bu oğlan deyil, bir qızmış! Mən donub yerimdə qaldım, qız da çaşıb bilmirdi neyləsin. Axırda qız dedi: – Ey Həsən Qara, sən gərək məni pusmayaydın. Mənim bu sirrimi istəmirdim heç kim bilsin. Bu qədər ki, mən yaşamışam, hələ bir kəs bilmirdi ki, mən qızam, yoxsa oğlanam. İndi bircə sən mənim sirrimi bildin. Əgər sən məni pusmasaydın, indi mən özümü öldürüb, biryolluq bu dərd-qəmdən azad olardım. Amma neyləyək?.. Mənim də qismətim belə imiş. Ey Həsən Qara, bil və agah ol ki, mən Hələb padşahının qızıyam, adıma da Günəş xatun deyərlər. Bu qəbir ki, görürsən, bu mənim əmim oğlunun qəbridi. Biz bir-birimizi sevirdik. Atam məni vermişdi həmən bu əmim oğluna. Birinci gələn günü oğlan mənim gərdəgimə daxil oldu, gecə söhbət edirdik. Birdən qapıda səs gəldi. Əmim oğlu tələsik qapıya çıxdı. O çıxmaqdı ki, daha gəlmədi. Elə ki sabah oldu, gördüm ki, qapıda öldürüb başını da aparıblar. Əmim oğlunun atasından xəbər aldım ki, bu nə işdi? Dedi: İsfahan şəhərinin kənarında bir qalaça var. O qalaçada yeddi nəfər hərami var. O həramilər mənim oğlumun düşmənidirlər. Oğlan dişarı çıxanda səndən utanıb heç bir kəsi çağırmayıb, odu ki, düşman fürsəti qənimət bilib öldürüb. Mən dedim: – Hərgah belə olsa, əmim oğlunun başı o qalaçada olar. Bir dəst mərdanə libas geyib bir gecə qalaçaya varid oldum. Bir qədər gəzdikdən sonra oğlanın başını burda tapıb, evə gətirdim. Oğlanı dəfn etdik. Mən and-yad etdim ki, ya gərək mən də öləm, ya bu həramiləri məhv edəm. Bir dəst mərdanə libas geyinib, qılınc, qalxan götürdüm. Bir yaxşı yoldaş axtarırdım ki, onu yanımla götürəm, düşmənimi öldürəm, sonra özümü öldürəm. Nakam əmim oğlusuz mən yaşamaq istəmirəm. Bu gecə gəlib səni özümə yoldaş gətirib düşmənimi öldürdüm. Bununla muradıma çatdım. Mən dedim: – Günəş xatun, yaxşı, düşmənini məhv etdin. Daha özünü niyə həlak edirsən? Hərgah razı olsan, səni alaram. Qız bir qədər fikirdən sonra dedi: – Razıyam! Qismətim belə gətirib. Mən yeddi gün, yeddi gecə toy edib, həmin qızı aldım. İndi, şah sağ olsun, dünyada elə pis arvadlar varsa, belə namuslu, iyit, qeyrətli arvadlar da var. Odur ki, əxlaqsız arvadın ucundan İsfahan kimi şəhərin bütün arvadlarını qırmaq olmaz. Şah oğlu Şah Abbas, Həsən Qaranın bu hekayəsinə mərhəba deyib, arvadları öldürmək fikrindən əl çəkdi.