Hekayəti xırsi-quldurbasan/Əvvəlimci məclis

Vikimənbə saytından
Hekayəti xırsi-quldurbasan Hekayəti xırsi-quldurbasan Əvvəlimci məclis (1851)
Müəllif: Mirzə Fətəli Axundzadə
İkimci məclis
Mənbə: Mirzə Fətəli Axundov. Hekayəti-xırsı-quldurbasanazadliq.org saytı. Yayımlanıb: 06.03.2011
ƏVVƏLİMCİ MƏCLİS

Əvvəlimci məclis vaqe olur dərənin içində, bir böyük palıd ağacının dibində ki,
Pərzad oturubdur daş üstündə, yanında qıvraq geyinmiş və yaraqlanmış Bayram gözün
ona dikmiş.

B a y r a m. Axır ki, bu palıd ağacının dibində mənə müyəssər oldu
ki, səninlə görüşüb, danışıb ürəyimi boşaldam. Niyə geri baxırsan?
P ə r z a d . Ay aman, qorxuram!
Bayram. Qorxma, mən səni çox əyləmənəm. Indi Pərzad, mənə
de görüm, sən gedəcəksən Tarverdiyə, bu tata1 arvad olacaqsan, sonra
qızlar içində güvənəcəksən ki, guya sənin də ərin var?
P ə r z a d . Nə eləyim, əlimdən nə gəlir? Atam ölübdür, bir anam
ilə qalmışam əmimin ixtiyarında; qardaşım yox, bir köməyim yox.
Əmim istərmi ki, məni özgəyə versin, atamdan qalan sürünü, ilxını
özgəyə tapşırsın?
Bayram. Bəs məlum olur ki, əmin səni axtarmır, ancaq sənin
sürün, ilxın axtarır. Onun üçün istir səni öz oğluna, o təcikə,2 o maymağa
verə ki, ömründə bir sərçə vurduğu, bir quzu oğurladığı yoxdur?


P ə r z a d . Neyləyim, yazını pozmaq olmaz. Həlbət mənim də
qabağımda belə yazılmışmış ki, gərək mən təcik arvadı olaydım.
B a y r a m. Yəni nə dərddir? Təcikə arvad olmaqdansa, özünü bu
gölə tulayıb boğulsan, yey deyilmi?
P ə r z a d . Əlbəttə, yüz qat boğulmağım Tarverdiyə arvad olmaqdan
yeydir. Səndən çəkinirəm. Əgər sən rüsxət versən, bir gün bu dərd
ilə özümü sağ qoymanam!
Bayram. Allah eləməsin, söz gəlişi mən belə deyirəm. Sən
olmayandan sonra dəxi mən niyə dünya üzündə gəzirəm? Sənin ölümünə
heç vaxt razı ola bilmənəm və Tarverdiyə də arvad olmağına
tablaşmanam! Günü sabah bir güllə Tarverdinin böyrəyinə vurram,
sonra özümün də başıma hər nə gəlsə gəlsin.
P ə r z a d . Bəs elədə bir güllə də mənə vur, məni də öldür, səndən
sonra mən dəxi niyə gərək dünyada sağ qalam!
Bayram. Sən nə üçün sağ qalmayasan? Sən sağ qalarsan, sonra
barı bir başqa abırlı, vuran, yıxan oğlana gedərsən, heç olmasa tay-tuş
tənəsi çəkməzsən.
P ə r z a d . Ay Bayram, Allahı sevirsən, mənim ürəyimi Qana döndərmə!
Mənim öz dərdim özümə bəsdir. Əgər mən vuran-yıxan
oğlana nəsib olsaydım, sənə nəsib olardım.
Bayram. Mənə nəsib olmağın öz əlindədir, əgər istəsən.
P ə r z a d . Necə öz əlimdədir?
Bayram. Belə ki, mənə izin ver, səni götürüm qaçım.
P ə r z a d . Hara?
Bayram. Qarabağa, Irəvana, başqa uzaq yerə.
P ə r z a d (bir az fikir edib). Xeyr, anam razı olmaz. Anamın gözünün
ağı-qarası bir mənəm. Məni uzaq aparsan, anamın günü qara olar.
Bayram. Bəs qoy səni aparım mahalımızın o biri başına.
P ə r z a d . Eh, o boş işdir! Əmim dövlətli, zorlu kişidir. Bu yaxında
heç vaxt məni sənin əlində qoymaz. Başına yüz min qalmaqal açar,
üstünə təqsir yıxar, divana salar, nə bilim, nə elər...
Bayram. Bəs necə gərək olsun? Sən gedəsən Tarverdiyə arvad
olasan, mən də qıraqdan baxam?!
P ə r z a d . Bəs nə qayırım? Bir yol göstər, mən elə edim.
Bayram. Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan
çıxa, sən azad qalasan, ona razısanmı?
P ə r z a d . Bəşərti ki, Tarverdini öldürmək olmaya.

Bayram. Yaxşı öldürmək olmasın. Belə ola ki, Tarverdi burdan uzaqlaşa, özgə yerə düşə.
P ə r z a d . Yaxşı, buna mən razıyam.
Bayram. Bəs dur get Namaz arvadı Zalxanı bura göndər gəlsin,
onunla danışım.
P ə r z a d . Bu saatda göndərrəm (getmək istəyir).
Bayram (onun əlini tutub). Bir dayan, söz deyirəm!
P ə r z a d . Nə deyirsən?
Bayram. A zalım, mənim ürəyim od tutub alışır. yanır, elə məni
belə qoyub gedirsən?
P ə r z a d . Bəs necə eləyim?
Bayram. Barı ürəyimə bir az su səp get!
P ə r z a d . Odur, su qabağında çaydan axır, iç nə qədər istəyirsən.
Bayram. Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır?
P ə r z a d . Bəs nə ilə sönər?
Bayram. Bir cüt öpüş ilə...
P ə r z a d (əlini dartır). Eh, bəsdir, sən allah hələ zarafat vaxtı
deyil; qoy gedim, indi mənim dalımca gələn olar.


Bayram onun boynun qucaqlayıb bir cüt öpüş alır, buraxır. Pərzad tullana-tullana
obaya qaçır.


Bayram (dalısınca). Zalxanı tez göndər, burda gözətləyirəm!
(Yalqız). Ax, Taverdi, Tarverdi! Güman edirsən ki, Pərzadı qoyacağam
sənə gedə? Bu gədə qəribə axmaqdır! Bir fikir eləmir ki, axır nə hünərim
var mən Bayram ilə meydana girəm? Onun kimi ata bilmənəm,
vura bilmənəm, iki atın arpasın bölə bilmənəm, adım bir qoçaqlıqda
söylənməyib, bir quldurluqda çəkilməyib, ömrümdə bir at oğurlamamışam,
bir öküz qovmamışam, gecə vaxtı qorxudan alaçığın çətinindən
başımı dişqarı çıxara bilmənəm. Bu ürək ilə necə Bayram kimi
adamın sevgilisinə göz dikirəm. Vallah, əgər Pərzad izin versə, bir gün
onu sağ qoymanam!
Bu halda Zalxa dalısı tərəfindən.
Za l x a . Salaməleyk, Bayram. Kimlə gap eyliyirsən?
Bayram (dalı çevrilib). A. Zalxa, sənsən? Kim ilə gap eyləyirəm?
Tarverdinin qarasınca söylənirəm.
Za l x a . Tarverdi sənə nə eləyibdir?


Bayram. Dəxi nə eyləyəcəkdir? Günümü qara edib, səbrü qərarımı
kəsibdir; nə gündüz dincələ bilirəm, nə gecə yata bilirəm. Az
qalıb dəli-divanə olub Məcnun kimi dağa-daşa düşəm, Kərəm kimi
alışam, yanam!
Za l x a . Axır niyə, nə səbəblə?
Bayram. O səbəblə ki, bu təcik, bu maymaq istir ki, Pərzada ər
ola. Sən allah, Zalxa, doğru söylə, Pərzad kimi qız heç rəvadırmı ki,
belə təcikə gedə?
Za l x a . Kim deyir ki, Pərzad Tarverdiyə gedəcəkdir? Pərzadın
ürəyin mən bilirəm. O səndən başqa bir adama ölsə də getməz. Tarverdi
onun gözündə çibincə də görükmür.
Bayram. Bundan nə hasil ki, Tarverdi onun gözünə çibincə də görükmür?
Amma çibin şirinə həris olan kimi, Tarverdi Pərzada hərisdir!
Bugün-sabahdır, atası Məşədi Qurban kəbinin kəsdirib ona verəcək.
Za l x a . Qızın könlü olmasa, necə onu ərə vermək olar?
Bayram. Eh, Zalxa, nə danışırsan? Allahı sevirsən, qız uşağının
əlindən nə gələcək? Onun xahişinə kim baxacaq? Əvvəldən bir az
uf-tuf elər, sonra çarəsi kəsilər, tən qəzaya verər, ancaq mən ah-zar
ilə dərdə giriftar qallam.
Za l x a . Bəs sənin fikrin nədir?
Bayram. Mənim fikrim budur ki, indidən başımın çarəsini
görəm. Tarverdini aradan götürəm!
Za l x a . Yəni onu öldürəsən?
Bayram. Yox, ona Pərzad razı olmur, mən özüm də səlah görmürəm.
Öldürməkdən nə hasil? Mən özüm də qanlı-qaçaq ollam. Pərzad
mənim əlimdən də çıxar.
Za l x a . Doğru deyirsən. Bəs necə Tarverdini aradan götürmək
istirsən?
Bayram. Bax, mən necə onu aradan götürmək istirəm. O sizə
çox gəlir, sənin kişin Namaz ilə çox gəzir. Əgər sən və Namaz mənə
kömək edib bir iş eləsəniz, özümün kürd atımı bağışlaram namaza və
bir yanı buzovlu inək də sənə verrəm.
Za l x a . Doğrudan bir inək?
Bayram. Şəksiz, şübhəsiz!
Za l x a . Yanında da buzovu?!
Bayram. Bəli, buzovu ilə, inan ki, doğru deyirəm.
Za l x a . Biz nə gərək edək?

Bayram. Məsələn, Tarvedini bir bəhanə ilə evinizə çağırın,
inandırın ki, Pərzad səndən ötrü biixtiyardır, amma sənə gəlməyə taytuşunun
tənəsindən qorxur; ondan ötrü ki, deyirlər, sən bir təcik və
qorxaq adamsan. Hamı bilir ki, sənin əlindən heç bir iş gəlməz; bir
oğurluqda, bir quldurluqda, bir qoçaqlıqda adın çəkilməyibdir. Atmağın
məlum deyil, vurmağın məlum deyil. Hansı qız sənin kimi oğlanı
sevər? Sən də bir hünər göstər, bir adam soy, pul gətir, parça gətir, ya
bir at oğurla, ya bir mal oğurla, desinlər ki, filankəs də bu hünərin
sahibidir. Ondan sonra qız da öyünsün ki, sənin kimi əri var. Tarverdi
axmaqdır, bu sözlərin hamısına inanacaq, sarsaqlıq edib özün salacaq
xata-balaya, Pərzad qalacaq mənə.
Za l x a . Vallah, yaxşı fikir edibsən! Sənin kimi oğlandan ötrü
gərək çalışam.
Bayram. Dürüsət anladınmı dediyim sözləri?
Za l x a . Xatircəm ol!
Bayram. Sonra hər nə olsa, mənə bildirərsən?
Za l x a . Gedib divanbəyinə xəbər verəcəksən?
Bayram. Yox, çuğulluq peşəsinin üstümə götürmənəm. Iş özü öz
başına açılar. Ancaq mən istərəm xəbərdar olam, ürəyim bir az toxtiya.
Za l x a . Çox yaxşı, sonra hər nə olsa, sənə bildirrəm. Indi gedirəm,
işim var, mal gələn vaxtdır.
Bayram. Get, al bu yaylıq da sənə peşkəş olsun.
Za l x a . Ba, nə yaxşı yaylıqdır! Içindəki nədir?
Bayram. Içindəki kişmişdir; onu da ver uşaqlarına.
Za l x a . A kişi, oğul sənin kimi olmaq gərək! Sənin qadan dəysin
Tarverdinin böyrəyinə! Ömrümdə onun əlindən mən bir çürük alma da
almamışam. Sağlıq ilə qal, muradına yetiş! (Gedir).
Bayram (dalısınca). Vədini unutmayasan!
Zalxa (geri dönüb). Sən də bir inək demisən, sən də unutma!
Bayram. Bəli, bir südlü, cins inək ki, misli olmaya!
Za l x a . Yanında da buzovu!
Bayram. Əlbəttə, buzov ilə!
Za l x a . A kişi, sənin kimi qoçaq oğlanı sevməmək olurmu? Sağlıq
ilə qal, şahbazım!
Bayram. Get, xoş gəldin! Allah, indi nə qayırım? Gedim dərədə
barı ovdan-zaddan axtarım, bir az fikrimi dağıdam.


Bəzi-tamaşaxana təğyir tapıb, Namazın evinin surəti bərpa olur. Namaz və Zalxa.


Namaz. Sən deyirsən ki, bu işdən ötrü Bayram özünün kürd atını
mənə bağışlayacaqdır?
Za l x a . Şəksiz bağışlayacaqdır!
Namaz. Ağlım kəsmir, Bayrama əlli qızıl mənim yanımda sanadılar,
kürd atını satmadı. Onu mənə peşkəş elərmi?
Za l x a . Pərzaddan ötrü o indi canından keçər; at, mal nə şeydir?
Namaz. Bəlkə allada, sonra verməyə?
Za l x a . Aldatmaz, Bayramı tanımırsan? Onun kimi gözəl, sözü
bütün oğlan tamam obada varmı?
Namaz. Yaxşı oldu, mən özüm də istirdim ki, Tarverdini bir xataya
salam. Atası Məşədi Qurban mənə borc verdiyi pulunu üstümə yasavul
qoydurub aldı, mən də ona bir hayıf çəkməsəm ürəyim dincəlməz.
Za l x a . Dəxi niyə durursan? Belə fürsət olurmu? Həmi at alarsan,
həmi hayıf çəkərsən. Tarverdi yaxındadır, get çağır gəlsin bizdə çörək
yeməyə, sonra mən hamı işi düzəldərəm.
Namaz. Əcəb deyirsən. Vallah gedirəm (Gedir).
Zalxa (yalqız). Vallah, əgər Tarverdi mənim sözlərimdən quldurluğa
getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran
olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər.
Divanbəyinə deyən gərək ki, biçarə gədələri niyə oğurluqdan quldurluqdan
ötrü incidirsən? Bacarırsan ölkəmizin qızlarına qadağan elə ki,
quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamın ki,
qurd qoyun ilə otlaya!


Bu halda Namaz Tarverdi ilə içəri girir.


Namaz. Ay arvad, nəyin var, gətir görək, acmışıq!
Za l x a . Bıy, nəyim olacaq? Acmışdınız, niyə Tarverdigildə gedib
çörək yemədiniz, mənim üstümə gəldiniz?
Namaz. Hər nəyin var, gətir, uzun danışma! (Gedir, evin bucağında
yarağlarına baxmağa məşğul olur).
Za l x a . Axşama dəxi bir zad qalmayacaqdır.
T a r v e r d i . Ay Zalxa, nə qayım olubsan?!
Za l x a . Niyə qayım olmayım? Səndən mən nə xeyir görmüşəm?
Barı bir dilinə gətirəsən ki, toyumda sənə bir zad bağışlaram.
T a r v e r d i . Necə toy?
Za l x a . Toy bilmirsən? Toyunda de görüm mənə nə bağışlayacaqsan?

T a r v e r d i . Yaxşı, onda sənə bir cüt başmaq bağışlaram; görürəm
çoxdan ayaqyalın gəzirsən.
Zalxa (üzün kənara tutub). Necə mırdar, saqqat adamdır! (Qaim
səslə) Sağ ol, çox razıyam! Toyun tezmi başlanacaq?
T a r v e r d i . Payızda.
Za l x a . Niyə belə gec?
T a r v e r d i . Pərzad yubandırır; deyir, hələ cehizi hazır deyil.
Za l x a . Doğrudanmı? Bəlkə başqa səbəb var?
T a r v e r d i . Nə başqa səbəb olacaq?
Za l x a . Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır?
T a r v e r d i . Eh, bu nə danışır! Qız məni sevmir, qəribə söyləyirsən!
Necə qız məni sevməz!
Za l x a . Yəni sən deyəndə, çox zadsan! Niyə gərək səni sevə? Sən
ömründə nə bir iş tutubsan, nə ad çıxarıbsan ki, qızlar səni sevsinlər?
T a r v e r d i . Nə ad çıxarmışam?
Namaz. Arvad, nə danışırsan, nə işin var?
Za l x a . Səsin kəs, sənlik zad yoxdur!
T a r v e r d i . Namaz, sənlik zad yoxdur, doğru deyir. Yaxşı, Zalxa,
söylə görək, mən nə ad çıxarmışam, yəni nə ad çıxardacağam?
Za l x a . Heç oğurluğa gedibsənmi?
T a r v e r d i . Xeyr, oğurluğa getdiyim yoxdur. Nədən ötrü oğurluğa
gedəcəyəm? Özümün dövlətim, malım azdırmı?
Za l x a . Dövlətin çoxdur, amma qoçaqlığın yoxdur. Heç bir adam
soyubsanmı, heç bir adam vurubsanmı?
T a r v e r d i . Xeyr, nə adam soymuşam, nə adam vurmuşam. Sibirə
gedənləri, dara çəkilənləri gözüm görmür?
Za l x a . Qoçaq adam heç zaddan qorxmaz! Çəkinmək qorxaq adamın
işidir. Axır odur ki, Pərzad bacarmır sənə gedə. Hamı deyir: sən
qorxaqsan, taciksən!

T a r v e r d i . Kim deyir?
Za l x a . Hamı deyir. Arvadlar, qızlar, kişilər, hətta balaca uşaqlar
da! Hamı hayıfsılanırlar ki, Tarverdi necə gözəl oğlandır, heç tayı
yoxdur, amma çifayda, qorxaqdır, yassardır!
T a r v e r d i . Kim deyir mən qorxağam? Heç vaxt qorxaq deyiləm.
Bir az çəkinən, ehtiyatlı adamam... yoxsa məndə qorxaqlıq harda idi?
Namaz. Ay arvad, bəsdir, az danış!
Za l x a . Sən kəs səsini, işin yoxdur!

T a r v e r d i . A kişi, sənlik nə var? Dinməsənə, görüm bu arvad nə
danışır? Bəs belə, hə? Pərzad onun üçün mənə gəlmək istərmir? Deyirlər
ki, mən qorxağam? Vallah, acığım elə tutur ki, istirəm bu saatda yola
düşəm, gedəm, adam soyam; hamıya bildirəm ki, mənim haqqımda
nahaq güman ediblər.
Za l x a . Hünərini göstər görək, adam dilində çox zad deyər.
T a r v e r d i . Sən bir yer nişan ver, mən bu saatda yola düşüm.
Za l x a . Düş Şamaxı yoluna, beş yüz sövdəgər gəlib-gedir, birin,
ikisin soy, malın gətir, görək ki, doğrudan qoçaqsan, ya lovğalıq edirsən?
T a r v e r d i . Görəsən sövdəgər tayfası yaraqlı-əsbablı yola çıxır,
ya elə bomboş?

Za l x a . Belə tutaq ki, yaraqlı-əsbablı olarlar, sən ki ağacla qabaqlarına
çıxmayacaqsan? Əlbəttə, sənin də yaraq-əsbabın olacaq.
T a r v e r d i . Məlum ki, olacaq. Amma tək getmək bir az çətin
deyilmi?
Za l x a . Sən də yoldaş götür. Bizdə azmı qoçaq oğlan var. Eh, sən
hara, belə iş hara?!
T a r v e r d i . Mən hara, belə iş hara? Vallah, görərsən ki, doğru
deyirəm. Namaz, bura gəl! Sən allah, mənə yoldaş tap!
Namaz. Yoldaşı neyliyirsən?
T a r v e r d i . Gəzməyə gedəcəyəm.
Namaz. A kişi, boş-boş danışma, səndən karvan vuran olmaz!
T a r v e r d i . Vallah, doğru sözümdür, yoldaş tap!
Namaz. Sarsaq söyləmə! Mən səlah görmürəm; sənin işin deyil!
T a r v e r d i . A kişi, nə tövr adamsan? Sənin nə vecinə? Sən mənə
yoldaş ver, sonra gör ki, işimdir, ya yox?
Namaz. Çünki əl çəkmirsən. Bəli Xatun oğlunu, Oruc Nəsib
oğlunu çağırrıq apararsan.
T a r v e r d i . Elə ikicəsini?
Namaz. Ikisi bəsdir.

T a r v e r d i . Doğrudan bəsdir. Olsun. Di adam göndər, onları
çağırsın!
Namaz. Zalxa, get oları bura çağır!
Za l x a . A kişi, sən onun sözünə nə inanırsan? Tamam o lovğalıq
eləyir.
Namaz. Kəs səsin. Tarvedi kimdən əskik igiddir? Əli-qolumu
özgələrindən kiçikdir?

Za l x a . Mən onu tanıyıram, o heç vaxt bu işə girişməz.
T a r v e r d i . Mən girişmənəm? Görərsən, necə girişərəm! Get
oları tez çağır, sonra məlum olar.
Za l x a . Yaxşı gedirəm. (Üzün kənara tutb) Axmaq, hamı sözümüzə
inandı. Inşallah gedəcək. (Gedir).
Namaz (ahəstə). Bax, Tarvedi, əgər bəxtin yar olsa, hər nə gətirsən
gərək özün bərabəri mənə də pay verəsən ha! Ayıbdır məndən
gizləmək! Gətirdiyiniz şeylərin başın batırmaq, izin itirmək mənim
boynuma, bəşərti ki, hər zaddan mənə yarı pay olsun.
T a r v e r d i . Eh, məçit tikilməmiş kor əsasın dayadı. Hələ qoy
görək nə olur!
Namaz. A kişi, sənin əlindən nə gəlməz? Mən axmaq arvad tayfası
deyiləm ki, səni tanımayam. Məgər sən ayı qıran Əmiraslanın
nəvəsi deyilsən?

T a r v e r d i . Namaz, sən allah onun işlərindən eşidibsən ki, nələr
edibdir?
Namaz. Necə eşitməmişəm? Səfər dayım onun dostu deyildi idi?
Onun işlərin birbəbir mənə nağıl etməyibdirmi? Inşallah biz də olar
kimi bir-birimizi sevəcəyik. Ümidim budur ki, əlinə düşən ovu məndən
gizləməyəsən.
T a r v e r d i . Olsun, təki bir para adamlar mənim haqqımda çürük
sözlər danışmasınlar. Mən elə hamısını sənə verrəm, mən ki, pul, mal
dərdində deyiləm.
Namaz. Hamısını mənə verərsən? Vallah əcəb deyirsən! Barakallah!
Indi bildim ki, damarında Əmiraslan qanı var. Vədini unutmayasan!
T a r v e r d i . A kişi, sən yoldaş ver, axırına bax!
Namaz. Odur, yoldaşların gəlirlər.
Bu halda Zalxa, Vəli Xatun oğlu və Oruc Nəsib oğlu daxil olurlar.
V ə l i v ə O r u c . Səlam-əleyk!

Namaz. Əleyk-səlam!
Və l i . Namaz, nə var, xeyir ola, bizi əcəb çağırdıbsan?
Namaz. Tarverdi təvəqqə edir ki, onunla gəzməyə gedəsiniz.
Oruc. Necə gəzməyə?
Namaz. Dəxi nə soruşmaq? Gəzmək deyəndə özün bilmirsən?
Və l i . Mən ömrümdə gəzməyə getdiyim yoxdur. Qoyun-quzu
oğurluğundan başqa mənim əlimdən bir zad gəlməz. Orucu bilmirəm.

Oruc. Mənciyəz... yeyərəm. Mənim havaxt quldurluğa getdiyim
var? Mən heç qoyun-quzu oğurluğu da bacarmanam.
Namaz. Olan, nə danışırsınız? Məgər igid deyilsiniz? Tüfəng
atmaq bilmirsiniz?
Və l i . Tüfəng atmaq bilirik o da ova, quşa. Adama tüfəng atmaq
nə bizim işimizdir?
Namaz. Kim sizə deyir ki, adama tüfəng atın?
Atlanarsınız, çıxarsınız gəzməyə, düşərsiniz poşt yoluna; Birdən
qabağınıza dəvə karvanı, ya erməni bəzirganları rast gələr, guya qorxutmaq
üçün başlarının üstündən tüfəng boşaldarsınız. Bunda heç bir
zərər yoxdur, olar qorxub hərə bir tərəfə qaçacaq. Malları, pulları
tökülüb qalacaq, yığışdırıb, götürüb qayıdarsınız. Nə çətin işdir?
Və l i . Eh, biz hara, belə iş hara? Biz bir çoban adamıq, bizə quldurluq
nə yaraşar?

T a r v e r d i . Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə. Görürsən ki,
qorxurlar, dəxi niyə qısnıyırsan? Hamı mənim kimi ki, olmayacaqdır?
Burax getsinlər!
Namaz. Xeyr, qoy görüm. Vəli, ayıb deyil baş qaçırırsınız? Artıq
tikə məgər baş yarar? Əvvələn, malıınz, pulunuz artar, ikinci ad-san
çıxardarsınız.
Oruc. Mənciyəz... yeyərəm! Mənim nəyimə gərəkdir ad-san?
Və l i . Bəli, bu keçəl Oruca ad-san çox lazımdır!
Namaz. A gədə, nə qeyrətsiz adamsınız! Tarverdi ilə duz-çörək
dadmıyıbsınızmı? Məgər siz bilmirsiniz ki, bizim obamızda bundan
dövlətli adam yoxdur? Sizin həmişə vecinizə gəlməzmi? Az adammı
ondan xeyir görüb?

T a r v e r d i . Namaz, niyə qısnıyırsan? Qoy görək, mən özüm də
hələ bir az fikir eləmək istəyirəm.
Namaz. Xeyr, nəməkbəhramlıq edirlər. Kiçik olan gərək böyüyün
sözünə baxa!
Və l i . Oruc, nə deyirsən? Gedəkmi?
Oruc. Nə bilim, vallah, gedirsən, gedək!
Və l i . A kişi, olar ki, bir at bahası əlimizə düşə. Iki ildir ki, at istəyirəm
alam, pul tapmıram.
Namaz. Əlbəttə, at bahası da əlinizə düşər! Belə xeyirdən adam
qaçarmı?
Və l i . Dəxi nə eyləmək, çünki Tarverdi çarəsiz xahiş edir, onun
sözü sınınca, düşmənin boynu sınsın. Mən hazıram!

Oruc. Mən də hazıram! Yoldaşdan ayrılmaq ki, olmaz.
T a r v e r d i . Amma bir dürüst fikir edin...
Namaz (onun sözün kəsib). Tarverdi sizdən razılıq edir və təvəqqe
edir ki, fürsəti fövtə verməyib, gedib yaraqlanıb gələsiniz. Gəzmək
üçün belə yaxşı vaxt ələ düşməz.
Və l i . Oruc, gedək!
Gedirlər
T a r v e r d i . Namaz, bilirsənmi, bu zadı lap unutduq. Mənim atam
bir məşədi kişidir. Heç razı olarmı ki, mən quldurluğa gedəm?

Namaz. A kişi, atandan rüsxət al, get!

T a r v e r d i . Əcəb danışırsan? Atama deyim ki, mənə rüsxət ver,
quldurluğa gedim?
Namaz. Elə niyə deyirsən? De ki, aranda taxıl sulamağa gedirəm.
Əlbəttə, rüsxət verəcəkdir; sonra çıx poşt yoluna. Dəxi nə var bunda?
T a r v e r d i . Necə bunda nə var?
Namaz. Yəni bundan asan nə var?!
T a r v e r d i . Əcəb asan zad tapmısan? Mən, vallah, ancaq atamdan
qorxuram, o cəhətdən bu iş mənə çox çətin gəlir.
Namaz. Adam ki, qorxaq oldu, bu tövr ilə bəhanə gətirər. Getmirsən,
özün bil.
Bu halda Zalxa daxil olur.
Namaz. Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi
gerilədi.
T a r v e r d i . Mən ki, demədim geriləyirəm.
Za l x a . Mən bu saatda Pərzad ilə görüşdüm. Hamı işi qulağına
pıçıldadım. Necə sevindi, necə sevindi!.. Dedi ki, indi Allaha şükür,
dəxi deməzlər ki, Tarverdi qorxaqdır. Bundan sonra mən utanmanam
deyim ki, onu sevirəm. Bu vaxtadək tamam qızlar mənə tənə edirdi,
hər birisini görəndə başımı aşağı salırdım.
Namaz. Aşkar zaddır ki, bizim qızlarımız heç bir oğlanı sevməzlər
ki, adam soymamış, yol kəsməmiş ola, elə birisi bu Zalxa! Axır bu
da gözəl sayılırdı!
Za l x a . Allahı sevirsən, ətimizi tökmə, az danış!
Namaz. Vallah, doğru deyirəm, eləbirisi bu Zalxa! Məgər mənə
əvvəldən gələrdi, əgər quldurluğa əl qoymasaydım? Arvad, belədirmi?

Za l x a . Yaxşı, bəsdir, keçən işi indi çürükçülük eyləyib danışmaq
sənə qalıbdır?
T a r v e r d i . Mən getməyə müzayiqə eləmirəm, amma üstümdə
heç bir yaraq yoxdur. Bilmirəm necə edim. Yaraq üçün evə getsəm
atam duyacaqdır.
Namaz. Evə niyə gedirsən! Mənim qılıncımı, tüfəngimi, tapancamı
götür, xançal da ki, öz belində var. Qoy mən səni geyindirim,
yaraqlandırım. (Başlayır yaraqları onun üstünə taxmağa).
T a r v e r d i . Dəxi başqa nə götürüm?
Namaz. Olan, bəsdir, bular ilə bir qoşun qırmaq olar, dəxi artıq
nəyinə gərəkdir?
Za l x a . Vay amanTarverdi, necə heybətli oldun? Səni görən kimi
adamlar qaçacaqlar.
Bu halda Vəli və Oruc daxil olurlar
Oruc. Biz də hazırıq.
T a r v e r d i . Gedəkmi?
Namaz. Gedin, gedin, uğurunuz xeyir olsun! Əlidolu qayıdasınız!
Za l x a . Tarverdi, Pərzad ilə qoşa qarıyasan! Çoxlu oğul-qız görəsən!
Oğlanların da sənin kimi qoçaq olsun!
T a r v e r d i . Qəm eləmə, olacaqlar, şəksiz olacaqlar! Ya saf adımı
batırram, ya adam soymamış qayıtmayacağam!
Gedirlər.
Namaz. Zalxa, bilirsənmi, mən şərtləşdim ki, Tarverdi hər nə
gətirsə, yarısın mənə versin.
Za l x a . Tarverdi yəni bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə?
Sən niyə belə xam xəyal olursan? Şək yoxdur ki, onun qol-qıçını əzib
yola salacaqlar.
Namaz. Xeyir, kim bilir, olur ki, uğuruna bir xeyir gələ. Qorxaq
həmişə özündən qorxağa rast gələr. Axırda iş necə qurtarsa, bizim
xeyrimizdir; bir tərəfdən at, bir tərəfdən də pul! (Gedir əlin ovuşduraovuşdura).

Pərdə salınır