Heyrət ey büt

Vikimənbə saytından
Jump to navigation Jump to search
Heyrət ey büt
Müəllif: Məhəmməd Füzuli


Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən, surət xəyal eylər məni.

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,
Sayə tək sevdayi-zülfün payimal eylər məni.

Zəfi-tale, manei-tovfiq olur hər necə kim,
İltifatın arizməndi-visal eylər məni.

Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,
Arizi sərgəşteyi-fikri-məhal eylər məni.

Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.
İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.

Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,
Hər yetən məhvəş əsiri-xəttü xal eylər məni.

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni.