Məzmuna keç

Könül sirişk tökər, çeşmi-əşkbar ağlar

Vikimənbə saytından
Könül sirişk tökər, çeşmi-əşkbar ağlar
Müəllif: Şəhriyar Şirvani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Könül sirişk tökər, çeşmi-əşkbar ağlar,
Fəraqi-yardan hər ləhzə biqərar ağlar.

Könüldə tutmuş idim eşq sirrin gizlin,
Gözüm bəyana salıb hər dəm aşikar ağlar.

Xəyali-vəsli-rüxünlə şəbani-hicrində,
Fəraqi-şəminə pərvanə tək yanar, ağlar.

Gözümdə sinədə, novki-müjən sitarələrin
Gecə sabaha kimi eyləllər şümar, ağlar.

Fəğanü nalə mənə-yar, həmdəmim-qüssə,
Ənisim ah, gözüm yaşı qəmküsar ağlar.

Qəmində mərdümi-çeşmim sirişk dürrələrin
Fədayi-fikri-ruxun eyləyər nisar, ağlar.

Təvanü təqatü səbrim apardı yəğmayə,
Hücumi-ləşkəri-qəm qıldı tarümar, ağlar.

Məgər əmir idi qəm karvanına könlüm
Sirişk naqələrin bağlayar qətar, ağlar?

İçibdi badeyi-eşqin, olubdu məsti-əbəd,
Yetincə vəslinə hicran verir xumar, ağlar.

Yetərmi güllərivə, dil dərərmi güllerüvü?
Bu həsrət ilə şəkər tul intizar, ağlar.

Xəyali-xam fəraqin oduna şölə çəkər,
Bişirdi bağrımı bu nari-xar-xar, ağlar.

Əcəb budur ki, camalında, ey şehi-xuban,
Rəqiblər yüzü güldükcə Şəhriyar ağlar.