Məzmuna keç

Könlüm xoş olur ol büti-zibayə baxanda

Vikimənbə saytından
Könlüm xoş olur ol büti-zibayə baxanda
Müəllif: Mirzə Əbdülxalıq Yusif
Mənbə: Mirzə Əbdülxalıq Yusif. Qəzəllər. Bakı,2012.


Könlüm xoş olur ol büti-zibayə baxanda,
Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.

Nitqin görüb əşkim hünəri düşdü gözümdən,
Bir qətrədi bu bəhr o dəryaya baxanda.

Çeşmim baxa bilməz o dilaraya doyunca,
Əlbəttə ki, göz xirələnir Aya baxanda.

Məşuqunə bir kəs baxa, aşiq həsəd eylər,
Mən xoşlanıram xəlq o dilaraya baxanda.

Vəsl istə, behişt istəmə, ey zahidi-bizövq,
Dəyməz bu təmənna o təmənnaya baxanda.

Hicran ələmi zövqi-vüsal artırur, ancaq
Surət necə əlzəmdir o mənaya baxanda.

Yusif, nə qədər fikr edəsən eşqdən özgə,
Bir faidəsi yoxdu bu dünyaya baxanda.