Küsdüyüm bahar
| Küsdüyüm bahar Müəllif: Almas İldırım |
Yenə gəldi könlümün küsdüyü bui lk bahar,
Yenə açdı, şerimə ruh verməyən çiçəklər…
Eşqi baharda doğmuş və baharda solan bir
Şair uğursuz gələn bu bahardan nə bəklər?
Burax, ellər sevinsin, bu gəlişdən mənə nə,
Ömrü qış kəsilən bir aşiq ondan nə anlar.
Yad bir cənnət nə verir öz dərdiylə yanana,
Qəlbimin təsəllisi fırtınalar, boranlar.
Mən anlamam çiçəkdən, yaşıllıqdan, bahardan,
Yetər ki, üfüqi sarsın bir şimşəgin çaxısı.
Mən uzaq yaşadıqca о doğulduğum diyardan,
İlk bahar sənin olsun, ver mənə qarlı qışı.
On səkkiz il əvvəldi, nisan iyirmi yeddi,
Gülərkən taleyimin döndü baharı qışa.
On səkkiz ildən bəri qəlb о günə inlədi,
On səkkiz ildir həsrət qaldığım о doğuşa.
Mən necə köksümdə yer verəyim bir yad gülə,
Bax, hala qan sızıyor qəlbimin yarasından…
Ölürsəm, qəbrim üstə gəlirsə bir yad belə
Anlatsın Odlu Yurdun Küründən, Arasından.