Məzmuna keç

Kəl Həsənin nağılı

Vikimənbə saytından
Kəl Həsənin nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı

Bəndərpuş vilayətində Əhməd adında kasıb bir kişi olurdu. Bunun bircə arvadından başqa heç kəsi yox idi. Yazıq kişi azara düşüb daha oduna gedə bilmədi. Əhmədin arvadı Nisə gördü ki, Əhməd yorğan-döşəyə düşüb, evdə də yeməyə əppəkləri yoxdu, ərindən gizlin götürüb baltanı üz qoydu meşəyə ki, odun qırıb bazara satsın, bəlkə axşama əppək pulu düzəldə bilsin. Nisə çatıb meşəyə, o ki vardı odun qırandan sonra böyük şələ odun bağlayıb, götürüb qoydu yolun ortasına. Nisə bərk acımışdı, əlin atıb armud ağacından bir neçə armud dərib nuşcanlıqla yedi. Armudu yeyəndən sonra Nisəyə bərk susuzluq üz verdi. Durub endi bulağa, doyunca su içib əlin-üzün də yudu. Durub gəldi ki, odun şələsini götürüb getsin, gördü ki, şələnin üstündə bir gözəl quş oturub. Öz-özünə dedi: yaxşı oldu, tutub öldürərəm, ətini də xörək bişirərəm. Nisə yerdən bir daş götürüb atdı quşa. Quş qanad çalıb şələnin üstündən qalxanda bir iri yumurta salıb qalxdı havaya. Nisə tez yüyürüb yumurtanı götürdü. Yumurtanın qabığı o qədər nazik idi ki, davam eləməyib əzildi. Yumurtaya hayıfı gəlib çəkdi başına. İçən kimi şirinliyindən ciyəri alışıb başladı yanmağa. Tez enib bulağa doyunca su içdi, səriyib odun şələsin dalına, evə gəldi. Şəhərə çatan kimi istədi ki, dönüb getsin bazara, yolu yarı eləməmişdi ki, elə bir sancı bunu tutdu ki, gözləri çaxmaq çaldı. Başı gicəllənib ürəyi bulandı, ancaq yenə də bir təhərnən durub gəldi evə. Əhməd durub çıxdı arvadının qabağına, dedi: – Ay arvad, nə olub?

Dedi: – Ay kişi, ölürəm. Nisə başına gələni ərinə nəql elədi. Əhməd xəstə-xəstə odunu götürüb, getdi bazara, satıb puluna əppək alıb gətirdi. Bu gündən sonra Əhmədin arvadı Nisə yorğan-döşəyə düşdü, doqquz ayın tamamında bir oğlu oldu. Əhməd uşağı görən kimi bağrı çatlayıb öldü. Nisə xala əri öləndən sonra uşağın adını Həsən qoydu. Uşaq iki aylığında ayaq tutdu, bir yaşında böyük adamlar kimi yeriməyə başladı. Həsən böyüyüb doqquz yaşına çatdı. Nisə də qapılarda dilənib çörək pulu qazanırdı. Qurban bayramı idi. Bütün Bəndərpuş əhli böyükdən kiçiyə qoyun aparıb, meşədə sərin bulağın başında kəsib, yeyib-içirdilər. Həsən də uşaqlara qoşulub meşəyə getdi. Bütün Bəndərpuş əhli yeyib-içib keyfdə idilər. Bu dəmdə iki nataraz ayı ağacların arasından çıxıb, şığıdı bunların üstünə. Bəndərpuş əhli ayıları görəndə qorxuya düşüb üz qoydular qaçmağa. Həsən ayıları görmürdü, öz-özünə fikirləşdi ki, aya, bu camaat niyə qaçır. Dönüb sağına baxanda gördü ki, meşənin kənarında iki nataraz ayı var. Həsən başa düşdü ki, camaat ayıdan qorxub qaçır. Tez yeridi ayılara tərəf, elə bir nərə çəkdi ki, nərənin zərbindən yer-göy titrədi. Yapışıb ayıları, vurub baş-başa cəhənnəmə vasil elədi. Bəndərpuş əhli bir təpə üstündə durub baxırdı, yəqin eləmişdilər ki, Həsəni ayılar bu dəqiqə yeyəcək. Elə ki, gördülər Həsən ayıları tələf elədi, yerbəyerdən alqışlayıb Həsəni əl-əl üstə aldılar. O ki var hörmət elədilər. Şad ürəknən yeyib-içib keyf məclisini başa vurdular. Axşam Bəndərpuş əhli evlərinə dağıldılar. Al xəbəri kimdən, Bəndərpuş vilayətinin padşahından. Bəndərpuş padşahı vilayət içərisində ən məşhur bir padşah idi. Bunun gözünün ağı-qarası Pəri deyilən bir qızı var idi. Özü də qız nə qız... Qaşlar kaman, gözlər qan piyaləsi, burun hind fındığı, sinə səmərqənd kağızı, məmələr şamama kimi yumru, zər-ziba içində, on beş yaşında, cavan tovuz misalı bir qız. Pəri xanıma çox elçilər gəlmişdi, amma atası qızını heç kəsə verməyib evdə saxlayırdı. Pəri xanım bir gün atasından izin alıb qızlarnan bağa çıxdı. Pəri xanım bu dəfə qırx qıznan bağa çıxmışdı. Al xəbəri Kaşkaş pəhləvandan. Kaşkaş pəhləvan Pəri xanıma vurğun idi. Kaşkaş pəhləvan bir gün durub şikar bəhanəsi ilə gəzirdi. Yolnan keçib gedəndə güzarı düşdü Pəri xanım olan bağa. Gördü burda bir bağ var gəl görəsən. Dünyada hər cür ağacı olan bir laləzar gülzar bağdı. Bağda gül bülbülü, bülbül gülü çağırır. Bənövşələr açıb, ağaclar yarpaqlanıb, nərgizlər baş göstərib, elə bil ki, behiştin bir guşəsidi. Bu bağın içində ceyran misalı bir qız sallana-sallana yüz naz-qəmzə ilə qırx qıznan seyr edir. Kaşkaş pəhləvan Pəri xanımda bu cür gözəlliyi görən kimi könül əldən veribən izinsiz bağa daxil oldu. Qızlar onu görən kimi qışqırıb qaçdılar. Bağda tək Pəri xanım qaldı. Kaşkaş pəhləvan yapışıb Pəri xanımın zərif biləyindən, basıb atının sağrısına götürüb qaçdı. Qızlar bağda Pəri xanımı axtarmağa başladılar. Ancaq nə qədər axtardılarsa, tapa bilmədilər. Hər tərəfdən əlləri üzülüb kor-peşiman gəldilər Pəri xanımın atasının yanına, dedilər ki: taxtı-tacın dağılsın, Pəri xanım itibdi. Qızlar belə deyəndə padşah çox qəmgin oldu. Dərhal bütün şəhərə adam saldırdı, ancaq Pəri xanımdan heç bir soraq tapmadı. Padşahın hər yerdən əli boşa çıxanda, şəhərdə bir abid var idi, həmin abidi çağırtdırıb dedi: – Abid, əgər qızım Pəri xanımın yerini mənə desən, səni dünya malından qəni elərəm. Abid kitablara baxıb dedi: – Padşah sağ olsun, Pəri xanım sağdı. Dedi: – Hansı vilayətdədi? Abid bir də kitabları açıb baxdı, başını bulayıb dedi: – Padşah sağ olsun, sənin qızını Kaşkaş pəhləvan aparıbdı. Padşah Kaşkaş pəhləvanın adını eşidən kimi qorxu düşdü canına. Çünki Kaşkaş pəhləvan dünya üzərində üç qardaşı kimi çox şücaətli pəhləvandı. Kaşkaş çox padşahların gözün ağlar, taxtı-tacın viran eləmişdi. Padşah dedi: – Abid, bəs necə edək ki, Pəri xanımı Kaşkaş pəhləvanın əlindən alaq? Abid açıb kitabları təzədən baxdı. Bir neçə kərəm kitabları varaqlayıb gözdən keçirəndən sonra, dedi: – Padşah sağ olsun, Bəndərpuş mahalında bir pəhləvan peyda olubdu. Pəri xanımı gedib, götürüb gəlsə o gedib götürüb gələ bilər. Padşah xəbər aldı: – Kim ola o pəhləvan? Abid dedi: – Bəndərpuş mahalında, Əhməd oğlu Kəl Həsən. Abid sözünü deyib, çıxıb getdi. Padşah vəziri çağırtdırıb dedi: – Vəzir, gərək gedib Bəndərpuş mahalından Əhməd oğlu Kəl Həsəni tapıb gətirəsən. Vəzir dedi: – Şah sağ olsun, mən Əhməd oğlu Kəl Həsəni haradan tapıb gətirim? Padşah qəzəblənib dedi: – Vəzir, sənə dörd gün vaxt verirəm. Vəzir əlacsız qalıb üz qoydu Bəndərpuşa. Çatıb Bəndərpuşa, şəhəri gəzib dolandı, ancaq Əhməd oğlu Kəl Həsəndən bir soraq tapmadı. İstəyirdi ki, qayıdıb gedə, gördü ki, küçənin ortalığında iki uşaq aşıq-aşıq oynayır. Kiçik böyügün aşığını götürəndə, böyük uşaq kiçiyə dedi: – Aşığımı ver! Böyük dedi: – Vermirəm. Kiçik dedi: – Sən də Kəl Həsənin yerişini yeriyirsən, nədi? Uşaq belə deyəndə vəzir əl atıb tutdu uşağın qolundan, dedi: – Al, bu sənin üçün pul, Kəl Həsənin evini mənə göstər! Uşaq vəzirdən pulu alan kimi, düşdü vəzirin qabağına. Vəziri Kəl Həsənin evinə aparmaqda olsun, al xəbəri Kəl Həsəndən. Kəl Həsən düz on altı yaşına çatmışdı. Onun gücdə pəhləvan əgər axtarsaydın dünyanı, tapa bilməzdin. Amma bir eybi var idi ki, alt çənəsi quş ürəyinə oxşayırdı. Vəzir Kəl Həsənin qapısına çatıb qapını döydü. Kəl Həsən durub çıxdı darvazaya. Vəzir baxıb gördü ki, döydüyü darvaza açıldı. Bir nəfər nəhəng bir şey çıxıb qabağa, xəbər aldı: – Kimi istəyirsən? Vəzir dedi: – Mənə Kəl Həsən gərəkdi. Dedi: – Kəl Həsən nəyinə gərəkdi? Vəzir gördü ki, bu adamın gözlərindən cin çıxır. Əgər bir az da bərk danışsa, iki barmağının arasında sıxıb suyunu çıxardacaq, qorxaqorxa dedi: – Padşah çağırır. Kəl Həsən dedi: – Kəl Həsən mənəm. Vəzir dedi: – Elə isə gəl gedək! Kəl Həsən dedi: – Bir balaca dayan, gedim geyinim, sonra gəlim. Kəl Həsən gedib, ayağına çarığın, başına papağın, əyninə yüz yerdən yamağı olan donun geyib düşdü vəzirin qabağına. Vəzir ləhliyə-ləhliyə gəlib çatdı padşahın imarətinə, padşah dedi: – Padşah, dur ayağa, Kəl Həsən gəlir. Padşah çox intizardı Kəl Həsəni görə. Bir də gördü ki, qabağında nə boyda bir adam dayandı, əynində don, ayağında çarıq. Vəzir astaca dedi: – Kəl Həsən budu. Padşah Kəl Həsənə yer göstərdi ki, otura. Kəl Həsən hansı kürsüyə yanını qoydu, kürsü davam eləməyib qırıldı... Padşah təəccüb elədi, istədi acıqlanıb Kəl Həsəni qova. Amma bu sir-sifəti Kəl Həsəndə görüb qorxusundan dinmədi. Axırda Kəl Həsən dizin vurub yerə yerdə oturdu. Kəl Həsən oturandan sonra, padşah dedi: – Ey oğlan, mən səni Kaşkaş pəhləvanın qabağına göndərsəm gedərsənmi? Kəl Həsən dedi: – Nə üçün məni onun qabağına göndərirsən? Padşah dedi: – Kaşkaş pəhləvan mənim qızım Pəri xanımı götürüb qaçıb. Əgər sən Pəri xanımı götürüb gələ bilsən, qızımı sənə verərəm. Kəl Həsən razı olub, padşahnan şərt bağladı. Kəl Həsən dedi: – Mənə yeddi qazan aş, bir at, bir dəst pəhləvan paltarı ver! Padşah yeddi qazan aş bişirtdirdi. Aşı çəkdilər. Kəl Həsən o saat yeddi qazan aşı yeyib qurtardı. Padşah yetmiş pud poladdan Həsən üçün paltar, qılınc, qalxan döydürdü. Kəl Həsən polad paltarı geyib, at istədi. Hər hansı at gəldi, Həsən atı minən kimi beli sındı. Kəl Həsən nərə çəkib dedi: – Mənə at! At tapılmadı. Yapışıb vəzirin saqqalından atıb göyə, tutub ovcunun içində, tulladı padşahın üstünə ki: – Get, padşaha denən mənə at versin. Vəziri tullayan kimi vəzir gedib düşdü padşahın qucağına, dedi: – Aman, ombam çıxdı. Padşah xəbər aldı: – Vəzir, nə olub? Vəzir dedi: – Evini Allah yıxsın, bu nə xətadı saldın bizi. Tövlədə at qalmadı, məndə də qol-qıç. Həsən hansı atı mindi, atın beli davam gətirmədi, sındı. İndi at istəyir. Padşah əmr verdi ki, tövlədəki ərəbatı açıb versinlər Kəl Həsənə. Adam gedib ərəbatı tövlədən açıb gətirdi. Kəl Həsən mindi ərəbatı. Bir-iki dəfə o yan, bu yana çapıb gördü ki, bəli, ərəbatı davam gətirəcək, üzün çevirib bina qoydu yol getməyə. Neçə mənzil yol gedib, gəlib gecəni bir qarının evinə çatdı. Qarının darvazasını döyməyə başladı. Qarı bayıra çıxıb gördü ki, qapıda bir nataraz adam dayanıb. Xəbər aldı: – Kimi istəyirsən? Kəl Həsən dedi: – Qarı nənə, bu gecə sənə qonağam. Qarı dedi: – Ay başına dönüm, mənim elə tövləm hanı, atını bağlayım. Dedi: – Artıq-əskik danışma! Bir çəngə qızıl çıxardıb basdı qarının ovcuna. Qarı qızılın xətrinə kəl Həsəni evində saxladı. Kəl Həsən qarıya pul verib özünə bir qazan aş bişirtdirdi. Yeyib içəndən sonra gecəni yatıb səhər elədi. Səhər qarıya dedi: – Qarı nənə, Kaşkaş pəhləvan hansı vilayətdə olur? Qarı dedi: – Allah xatirinə məni qana salma. Onun üçün xəbərçi çoxdu. Quş quşluğu ilə onun adını çəkə bilmir. Kəl Həsən dedi: – Qarı, canını istəyirsən de! Yoxsa səni tükündən asaram. Qarı qorxa-qorxa dedi: – Kaşkaş pəhləvanın bu yaxında, çay qırağında bir bağı var, padşah qızı Pəri xanımnan orda olur. Kəl Həsən Kaşkaş pəhləvanın yerini öyrənən kimi atına minib getdi. Al xəbəri Kaşkaş pəhləvandan. Kaşkaş pəhləvan divdən əmələ gəlmə bəni-insan idi. Pəri xanımı götürüb qaçırdan kimi, aparmışdı gülşən bağında qalaçada saxlayırdı. Neçə vaxt idi ki, Pəri xanımla baş bir yastıq olmaq istəyirdi. Pəri xanım bir il möhlət istəmişdi ki, ata-anası başından çıxsın. Bir gün Kaşkaş pəhləvan ova getmişdi, Pəri xanım da qalaçada tək-tənha oturmuşdu, bir də gördü ki, qalaçaya bir pəhləvan gəlir. Pəri xanım Kəl Həsəndən özünü gizlətməyib çıxdı eyvana. Kəl Həsən girib bağa atdan düşdü. Gördü ki, eyvanda gözəl bir qız dayanıb. Pəri xanım Kəl Həsəni görən kimi dedi: – Ey cavan, heyif səndən, bu saat Kaşkaş pəhləvan gəlib səni də öldürər, məni də. Kəl Həsən dedi: – Ey nazənin, mən Kaşkaş pəhləvanı gəzirəm. Qız dedi: – Ey cavan, çıx yuxarı! Kəl Həsən çıxdı eyvana. Pəri xanım xəbər aldı: – Ey cavan, nə məqsədnən, kim tərəfindən gəlmisən? Kəl Həsən dedi: – Gəlmişəm Kaşkaş pəhləvandan Pəri xanımı alıb aparam. Pəri xanım dedi: – Ey cavan, bil və agah ol, mən Bəndərpuş padşahının qızı Pəri xanımam. Bir gün qızlarnan atamın bağını gəzməyə çıxmışdım, Kaşkaş pəhləvan yolnan keçib gedəndə mənim gözəlliyimə aşiq olub götürüb qaçdı. Burda çox əziyyətlər çəkdim, ancaq ona rəy vermədim, axırda əlacsız qalıb dedim: indi ki, istəyirsən mənim vüsalıma çatasan, bir il gözləməlisən. Bu gün bir il tamamdı, harda olsa gəlib çıxar. Pəri Həsənə belə deyəndə, Kəl Həsən dedi: – Ey nazənin, heç qorxma, inşallah səni atana yetirərəm. Kəl Həsən gecəni Pəri xanımın yanında qaldı. Səhər durub Pəri xanım ilə bağ-bağatı gəzməyə başladılar. Bunlar gəzməkdə olsunlar, al xəbəri Kaşkaş pəhləvandan. Kaşkaş pəhləvan şikara çıxmışdı, bir ili tamam olub Pəri xanımı yoluxmağa gəlirdi. Kaşkaş pəhləvan qoşun ləşkərnən bağa daxil oldu, gördü ki, paho, Pəri xanım bağda, yanında da bir pəhləvan. Kaşkaş bunu görəndə onların yanına gəlib dedi: – Ay nadürüst, buraya quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar, sən hara, bura hara? Kəl Həsən dönüb geriyə baxdı. Kaşkaş pəhləvan irəli gəlib əl atdı qılınca. Kəl Həsən dedi: – Pəhləvan, onu bil pəhləvanlarda üç nişan olar: bir-birinə hərbəzorba gəlmək, qılınc çalmaq, güləşmək. Mən hər üçünə varam, buyur, bu meydan, bu da şeytan. Kaşkaş Kəl Həsənin bu sözünü eşidən kimi çəkib qalxanı başına əl atdı qılınca. Kəl Həsən tərlan kimi atıb özün meydana, başladılar cəngə. Hər iki pəhləvan qılınc qalxandan, oxdan, nizədən çıxdı, ancaq heç birisi o birinə bata bilmədi. Başladılar güləşməyə. Kaşkaş pəhləvan ha istədi Kəl Həsəni vursun yerə, gücü çatmadı. Həsən əl atıb tutdu Kaşkaş pəhləvanın kəmərindən, götürüb elə vurdu yerə ki, tikəsi tazıya çatmadı. Pəri xanım bu şücaəti Kəl Həsəndə görüb düşdü onun əl-ayağına ki: – Yaxşı qurtardın canımı bu bədsifətin əlindən. Kəl Həsən Pəri xanımla bərabər ata minib yola düşdülər. Neçə gün, neçə gecə yol gəlib, çatdılar bulaq başına. Kəl Həsən dedi: – Pəri xanım, mən neçə gündü ki, yuxusuzam, izin ver yatım. Pəri xanım izin verdi. Kəl Həsən uzanıb çəmənlikdə yatmaqda olsun, al xəbəri Kaşkaş pəhləvanın ortancıl qardaşı Bəlğ pəhləvandan. Bəlğ pəhləvan Kaşkaş pəhləvanın yanına gəlirdi ki, qardaşını yoxlasın. Gəlib çatdı qalaçaya, gördü ki, qardaşının başını kəsib atıblar. Pəri xanım da yoxdu. Bəlğ pəhləvan minib yel atına, dərə-təpədən aşıb çatdı haman meşənin kənarına. Pəri xanımı görən kimi tanıdı. Dərhal Pəri xanım götürüb qaçdı. Bir az keçəndən sonra Kəl Həsən ayılıb gördü ki, Pəri xanımı aparıblar. Minib ərəbatına çapdı dalınca, ancaq Bəlğə çata bilmədi. Bəlğ Pəri xanımı götürübən gəldi qalaçasına, düşüb yel atından Pəri xanımı bağlı bir otağa saldı. Al xəbəri Kəl Həsəndən. Kəl Həsən gəlib çatdı bir şəhərə, gördü ki, yolun kənarında bir cavan əyləşib göz yaşı axıdır. Kəl Həsən dedi: – Ey cavan, nə üçün ağlayırsan? Cavan dedi: – Mən bu şəhərdənəm. Bir qıza aşiq olmuşdum, bu günlərdə toyumuz başlanacaqdı. Bu şəhərin paşası adaxlımı görüb əlimdən alıbdı. Adaxlım da ona getmək istəmir, tutub onu salıbdı zindana. Kəl Həsən çox nazikürək idi, cavana dedi: – Ey cavan, qəm yemə, bu dəqiqə səni məşuqənə yetirərəm. Götürüb cavan oğlanı gəldi şəhərə. Şəhər paşasına bir kağız yazdı göndərdi. Paşa kağızı alıb, oxuyandan sonra xəbərdar oldu. Tez nə ki, pəhləvanlar var idi, yığıb göndərdi Kəl Həsənin meydanına. Kəl Həsən durub baxırdı, gördü ki, pəhləvanların qabağı açıldı. İşdən xəbərdar olan kimi bir nərə çəkib özünü vurdu dəryayi-ləşkərə. Burda bir qırhaqır saldı ki, gəl görəsən. Paşaya xəbər gedib çatdı ki, pəhləvanlarını Kəl Həsən qırıb qurtardı. Paşa nə ki qoşunu var idi göndərdi. Kəl Həsən gördü ki, qoşun gəlir, səs eləyib ərəb atına, qoymadı qoşun şəhərdən kənara çıxa. Bir nərə çəkdi. Nərə çəkən kimi, qoşuna qorxu düşüb, üz qoydular qaçmağa. Kəl Həsən özünü yetirdi paşaya, yapışıb saqqalından elə vurdu yerə ki, tikəsi ələ keçmədi. Bütün otaqları bir-birinə vurub gəlib çatdı kiçik bir otağa, gördü ki, otağın qapısında bir nəfər qarı oturub. Dedi: – Aç qapını! Qarı dedi: – Paşadan izin olmasa qapını açmaram. Qarı belə deyəndə Kəl Həsən acığı tutub əl atdı qarıya, götürüb elə çırpdı yerə ki, qarı xurd-xəşil oldu. Bir təpik qapıya çəkdi, qapı laybalay açıldı. Kəl Həsən girib içəri gördü ki, bir nazənin sənəm, qabağında qızıl teşt göz yaşıynan dolubdu. Tez qızın qolundan tutub çıxartdı bayıra. Çağırıb həmin oğlanı nişanlısını verdi ona, haman oğlanı paşa tikib, yeddi gün, yeddi gecə bunlar üçün toy elədi. Toydan sonra Kəl Həsən minib ərəbatına çapa-çapa bina qoydu getməyə. Gəlib çatdı bir köhnə xarabalıq dəyirmana. Atın çəkdi içəri, özü də bir tərəfdə daldalandı ki, səhər açılan kimi çıxıb getsin. Gecədən bir qədər keçəndə gördü ki, dəyirmana iki ceyran girdi. Girən kimi cildlərini soyunub, olub bir cüt qız oturdular. Kiçik bacı böyük bacıya dedi: – Bacılı-bacı, niyə bu gün evə gecikibsən? Böyük bacı dedi: – Bacılı-bacı, bu gün Kaşkaş pəhləvanın qardaşı Bəlğ Bəndərpuş padşahının qızını götürüb qaçırtdı, onun tamaşasına çıxıb evə gecikdim. Can bacılı, sən niyə gecikdin? Kiçik bacı dedi: – Mən də ona görə gecikdim ki, kol-kosluqdan gəlirdim, gördüm ki, meşənin içində bir zarıltı gəlir. Gəlib meşəyə gördüm ki, orda bir qalaça var. Çıxdım qalaçanın gözlüyündən başladım baxmağa. Gördüm ki, bir orta sinnidə pəhləvan, əlində qızıl gül ağacından bir çubuq, qabağında lüt anadangəlmə bir qız. Çubuğu çəkir qıza deyir: qız, gəl mənə, qız nalə çəkib deyir ki, istəmirəm. Bir müddət bunlara baxdım. Haçandan-haçana oğlan çıxıb bayıra, qapını qızın üzünə bağlayıb çıxıb getdi. Mən də ona görə evə gecikdim. Kiçik bacı ilə böyük bacı belə deyəndə, Kəl Həsən əl atıb kiçik bacının ceyran dərisini oğurladı. Qızlar gecəni səhərə kimi orda qaldılar. Səhər istədilər çıxıb gedələr, kiçik bacı ceyran dərisinin yox olmağını görüb bacısına dedi: – Can bacı, ceyran cildim yoxdu, oxşayır aramızda bəni-insan var. Kiçik bacı xarabalıqda car çəkib dedi: – İnssən, cinsən, hər kəssən mənim cildimi ver! Pərzad qız belə deyəndə Kəl Həsən özünü atdı ortalığa. Pərzad qız dedi: – Cildimi ver! Kəl Həsən dedi: – Mənə o qızın yerini göstər, cildini verim. Belə deyəndə Pərzad xanım razı oldu. Kəl Həsən Pərzad xanımın ceyran cildini verdi. Alıb cildi çəkdi əyninə, oldu ceyran, dedi: – Gəl dalımcan! Kəl Həsən düşdü Pərzad xanımın dalıncan. Gəlib çatdılar haman meşəyə. Kəl Həsən gördü ki, burda bir qalaça var ağzında qıfıl. Kəl Həsən durdu pusmağa. Gecə bir də gördü ki, bir nəfər atnan gəlib çıxdı həmin meşəyə, atın bağladı, çıxıb qalaçanı açan yerdə Kəl Həsən əl atıb tutdu biləyindən, çırpdı yerə, oturub sinəsinin üstə başını kəsdi. Sonra qalaçanın qapısını sındırıb girdi içəri, gördü ki, burda qız var, yarıya kimi torpağa basdırılıb. Kəl Həsən qızı torpaqdan çıxarıb xəbər aldı: – Ey qız, bu nə əhvalatdı? Qız dedi: – Ey cavan, bil və agah ol! Mən Firəng padşahının qızı Şərəfəm. Atamın öz vəziri mənim gözəlliyimə aşiq olub neçə kərə mənə öz könlünü açdı, mən rədd elədim. Bir gün yenə gəldi mənim yanıma. Ha elədi, yenə də ona rəy verməyib dedim: – Bir də gəlsən atama deyəcəyəm. Vəzir bu sözdən qorxuya düşüb, bir gecə məni oğurlayıb bu qala-çaya qaçdı. Düz bir ildi ki, burda məni saxlayır. Hər gecə durub gəlir, istəyir ki, mənə haram qatsın, mən qoymuram. Bax o çubuqlarnan məni döyüb, çıxıb gedir. Amandı, ay cavan, məni bu qansızın əlindən qurtar! Yoxsa bu saat gəlib mənə zülm edəcək. Kəl Həsən dedi: – Çıx bayıra gör o kimin cəmdəyidi? Şərəf xanım bayıra çıxıb gördü ki, qapı ağzında bir cəmdək var, baxıb vəzirin başını gördü. Sevinə-sevinə gəlib düşdü Kəl Həsənin əl-ayağına, dedi: – Mənim canımı bu bədrəngin əlindən yaxşı qurtardın. Kəl Həsən Şərəf xanımı qoyub ərəb atının tərkinə, birbaş gəldi Bəndərpuşa. Şərəf xanımı tapşırdı anasına, yenə də minib ərəb atına, bina qoydu yol getməyə. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, ata bir-iki mahmız vurub neçə mənzil yol gəlib, çatdı bir qalaçaya. Gördü ki, bura bir balaca şəhərdi, dörd tərəfdən möhkəm divar çəkilib, içəri girmək mümkün deyil. Kəl Həsən diqqətlə baxıb gördü ki, darvazanın üstündə bir pəhləvan var, özü də daşdan yonulub, vurulub divara. Kəl Həsən dedi: nə varsa bu şəhərdə var. Çəkib ərəb atını bir tərəfdə bağladı, gəlib qalaya sarı yapışdı darvazadan, iki möhkəm güc verdi, üçümüncüdə darvazanı qoparıb uzatdı yerə, girdi şəhərə. Gördü şəhər əhli yatıb, amma bir tərəfdən işıq gəlir. Kəl Həsən yeridi irəli. Gördü bura balaca bir qalaçadı, amma qapısına səkkiz yerdən möhür vurulub. Kəl Həsən qapını sındırıb girdi içəri, gördü ki, Bəndərpuş padşahının qızı Pəri xanım əli-qolu zəncirli, qalaçanın bir küncündə bağlanıb. Pəri xanım Kəl Həsəni görən kimi sevindiyindən güc verib zənciri qırıb sarıldı Kəl Həsənin boynuna. Kəl Həsən Pəri xanımın əl-qolunu açıb dedi: – Pəri xanım, hazırlaş gedək! Pəri xanım hazırlıq görməkdə olsun, al xəbəri Bəlğ pəhləvandan. Bəlğ pəhləvan səhər durub Pəri xanımın yanına gəlirdi. Gəlib qala çaya çatdı. Çatan kimi gördü ki, qalaça laybalay açıqdı. Belə görəndə o elə bir nərə çəkdi ki, Kəl Həsən Pəri xanımın yanında özünü bir boy atdı. Tez durub çıxdı bayıra. Bəlğ pəhləvanı görən kimi Kəl Həsənin gözləri qızdı, bir nərə çəkib atdı özünü yerə. Hər ikisi başladılar süpürləşməyə. Süpürləşəndən sonra Kəl Həsən əl atıb qılınca, Bəlğ pəhləvannan qılınc davasına başladı. Kəl Həsən baxıb gördü ki, qılınc davasından bir şey çıxmadı, əl atdı kəmənd qılaf&% Kəl Həsəni alqışlaya-alqışlaya paytaxta gətirdilər. Padşah əmr elədi: – Məni istəyən Kəl Həsənə xələt versin! Kəl Həsən padşaha dedi: – Vədəyə sözün nədi? Kəl Həsən belə deyəndə, padşah dedi: – Üç gün mənə möhlət! Kəl Həsən razı oldu. Padşah vəziri çağırtdırıb dedi: – Vəzir, Pəri xanımı Həsənə verək, ya yox? Vəzirin Kəl Həsəndən zəndeyi-zəhləsi gedirdi. Pəri xanımı da öz oğluna almaq istəyirdi, dedi: – Kəl Həsəni alqışlaya-alqışlaya paytaxta gətirdilər. Padşah əmr elədi: – Məni istəyən Kəl Həsənə xələt versin! Kəl Həsən padşaha dedi: – Vədəyə sözün nədi? Kəl Həsən belə deyəndə, padşah dedi: – Üç gün mənə möhlət! Kəl Həsən razı oldu. Padşah vəziri çağırtdırıb dedi: – Vəzir, Pəri xanımı Həsənə verək, ya yox? Vəzirin Kəl Həsəndən zəndeyi-zəhləsi gedirdi. Pəri xanımı da öz oğluna almaq istəyirdi, dedi: – Padşah sağ olsun, sənin qorxun təkcə Kaşkaş pəhləvandan idi, onu da ki, Kəl Həsən öldürdü. Gəl sən bir qonaqlıq çağır, Kəl Həsənin xörəyinə zəhər tök ölsün. Qızın rəiyyətə yox, padşaha layiqdi. Ağıldan seyrək padşah razı oldu. Kəl Həsən üçün məclis düzəltməkdə olsun, al xəbəri Şərəf xanımdan. Şərəf xanım Kəl Həsənin gəlməyini eşidib əl-ayağına həna yaxıb çıxdı onun qabağına. Kəl Həsən anası Nisə ilə, Şərəf xanımla görüşüb öpüşdülər. Kəl Həsən Şərəf xanıma dedi: – Gəl səni aparım atanın yanına. Şərəf xanım Kəl Həsəndən bu sözü eşidən kimi gözündən yaş axıdıb dedi: – Ey Həsən, bil və agah ol, mən səninəm, səndən də ayrılan deyiləm. Kəl Həsən dedi: – İndi ki, getmək istəmirsən, mən də səni özüm üçün saxladım. Belə deyəndə Şərəf xanımla Kəl Həsən təzədən öpüşüb görüşdülər. Bunlar toy tədarükündə olsunlar, al xəbəri kimdən, Pəri xanımın atasından. Pəri xanımın atası Kəl Həsəni evinə qonaq çağırdı. Kəl Həsən getmək istəyirdi ki, Şərəf xanım dedi: – Ey Həsən, gəl getmə! Həsən dedi: – Gərək gedəm. Kəl Həsən durub gəldi padşahın məclisinə. Süfrə döşənib yeməkdə olsunlar, bir neçə tikə Kəl Həsən xörəkdən yeyən kimi dil-dodağı alışıb yandı. Padşah əmr verdi ki, Kəl Həsəni götürüb atsınlar yeddi dağın dalına. Otuza kimi əsgər gəlib Kəl Həsəni götürüb atdılar dərələrin birinə çıxıb gəldilər. Al xəbəri Simurq quşundan. Simurq göynən gedirdi, gördü ki, dərə içində bir şey ağarır. Tez enib aşağı gördü ki, bir pəhləvandı. Simurq bildi ki, bunu zəhərləyiblər. Başladı Kəl Həsənin ağzını yalayıb, zəhərin çəkməyə. Bir az süd əmizdirib Kəl Həsənin ağzına, Kəl Həsəni ayıltdı. Kəl Həs özünə gəlib gördü ki, dar bir dərənin içindədi. Tez bildi ki, iş nə yerdədi. Simurqun qanadından öpüb pay-piyadə gəlib çıxdı Bəndərpuşa. Çəkib qılıncı nə ki padşah qoşunu var, ləşkəri var, qırıb çatdı. Gəlib otaqların birinə, gördü ki, padşahla vəzir qorxularından giriblər taxçaya. Əl atıb padşahla vəzirin boğazından elə vurdu yerə ki, tikələri tazıya çatmadı. Alıb Pəri xanımı götürüb gəldi. Bəndərpuş əhli belə gücü Kəl Həsəndə görəndə istədilər Kəl Həsəni padşah tikələr. Kəl Həsən razı olmadı. Kəl Həsən bir nəfər adam tapıb padşah tikdi. Yeddi gün, yeddi gecə toy eləyib Şərəf xanımla, Pəri xanımı aldı. Bəndərpuş xalqı keyf çəkib asudə yaşadılar.