Kərpickəsən qocanın hekayəsi

Vikimənbə saytından
Kərpickəsən qocanın hekayəsi
Müəllif: Nizami Gəncəvi

Şam şəhərində qoca bir kişi yaşayırdı. Palçıqdan kərpic kəsib satmaqla dolanırdı. Öz işinin mahir ustası idi. Onun kəsdiyi kərpiclər çox möhkəm olurdu. Bir sözlə, qoca olsa da, çörəyini minnətsiz qazanırdı. Geyməyə bir şey tapmayanda yaşıl otlardan özünə köynək toxuyurdu.

Qızmar bir yay günündə kərpickəsən qoca tərini silə-silə palçıq qarışdırırdı. Bu zaman yoldan keçən cavan bir oğlan qocanın necə əziyyət çəkdiyini görüb dedi

– Ey qoca, sən niyə belə ağır zəhmətə qatlaşırsan? Yaşlı adamsan, özünə yazığın gəlsin. Bu qədər əziyyətin qabağında qazandığın bir qarın çörəkdir. O çörəyi kimdən istəsən, səndən əsirgəməz.

Qoca bir anlığa əl saxlayıb diqqətlə cavanı süzdü. Bir qədər acıqlı səslə dedi:

– Deyirsən, özümə yazığım gəlsin?! Mən o zaman yazıq olaram ki, gəlib sənin qarşında bir parça çörək üçün əl açım! Bu əziyyəti ona görə çəkirəm ki, alnıaçıq, üzüağ yaşayım. Qolunda az-çox gücü olan adamın başqasına əl açması şərəfsizlikdir. Şərəfsizlik isə ölümdən betərdir.

Qocanın sözləri cavana təsir etdi. O, dediklərindən peşman oldu. Şərəflə yaşayan bu qoca onun gözündə ucaldı. Hörmətli bir insana çevrildi. O, qoca kərpickəsənə ədəblə baş əydi və yoluna davam etdi.

(“Sirlər xəzinəsi" poemasından, ixtisarla
Tərcüməçi Xəlil Rza Ulutürk)

bəşər - insan,adam
əncər - kol-kos

Kərpickəsən qoca

Şam şəhəri tərəfdə qoca bir kişi vardı,
 
Uzaqlaşıb bəşərdən, mələk kimi yaşardı.
 
Toxuyardı özünə otdan, əncərdən köynək,
 
Dolanardı minnətsiz, hər gün kərpic kəsərək.

Bir gün yenə o, qoca tərini silə-silə

Əlləşərkən palçıqda saman ilə, su ilə

Çıxdı böyürdən qəfil gözəl bir dəliqanlı,
 
Xitab etdi qocaya, dili ahlı, amanlı:

 
- Qalx ayağa, torpağa qılınc vurma bu qədər,

Bir qarınlıq çörəyi səndən kim əsirgəyər?!

Bu qəlibi at oda, yandır, qoy külə dönsün,
 
Bambaşqa bir qəliblə gün ağla sən özünçün.

Axirət dünyasını qazanmağa çalış sən,

Salma özünü həkdən, əl çək bu daş-kəsəkdən.

Qocasan, qocalarla sən oturub-dur ancaq,

Cavanların işini cavanlar görsün, burax!

Qoca dedi: “Ay oğul, dəliqanlılıq etmə!

Öz işinlə şuğullan, mənə ağıl öyrətmə!

Hər sənətin sahibi sənətilə yaşayar.