Məzmuna keç

Kamança (Sayat Nova)

Vikimənbə saytından
Kamança
Müəllif: Sayat Nova
Tərcüməçilər: İlyas Tapdıq
Mənbə: Sayat Nova. Tərtib edəni və redaktoru H. Araslı. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963.

Cəmi çalğıdan üstünsən,
Bilir anlayan, kamança.
Nakəslər bilməz qədrini,
Gen gəzər nadan, kamança.
Yaxşı günün qabaxladı,
Bularsan ad-san, kamança.
Əlimdən vermərəm səni,
Aşığa hayan kamança.

Aşığın gümüşdən gərək,
Başın gövhərlə bəzənə.
Qoluna şirmayı gərək
Çanağın sədəf gəzənə.
Şişin göz-göz edilə,
Qızıldan sim azdı sənə.
Qiymətini bilən yoxdur,
Ləl almazsan, kamança.

Kamanın tamam zərlənə,
Şölə çəkə min rəng ilə.
Tükün rəxşin quyruğundan,
Dillənəsən xoş ahənglə.
Sübhə kimi yatmayanı
Yatırırsan sən bəng ilə.
Şirin-şərbət, meylə dolu
Bir qızıl camsan, kamança.

Çalanını iki edir,
Gəlsin çay-qəhvə deyirsən.
Eyvanlarda qürurlanıb
Bələnim keyfə deyirsən.
Elə ki, vardın məclisə
Zövqü səfa istəyirsən.
Gözəllər dövrəni alar,
Toyun yarsısan, kamança.

Dərdli könlü güldürərsən,
Titrətmənin şəfasısan.
Avazını eşidəndə
Sevinir həmdəmin olan.
Ellərə çatdır dedilər:
"Min yaşasın səni çalan".
Sayat Novanın əlində
Sürərsən dövran, kamança.